İşğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır
SİYASƏT

İşğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız əzəmətlə dalğalanır

Vətən müharibəsində acınacaqlı məğlubiyyətə uğradılan düşmənin kapitulyasiya aktını imzalamaqdan başqa çıxış yolu qalmamışdı

Ötən il Vətən müharibəsində 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatları ilə şanlı Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi, Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan qurtardı. Bu müddət ərzində, ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad edildi. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra xalqımız üçün rəmzi məna daşıyan Şuşa şəhərində üçrəngli bayrağımız dalğalandı.

Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Hərbi ekspertlərin yüksək səviyyəli qənaətinə görə, Azərbaycan Ordusunun xüsusi dəqiqliklə və peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb oldu. Çətin relyefli dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı Zəfər salnaməsinin ən parlaq səhifəsi kimi yaddaşlara həkk olundu. Azərbaycan Ordusu bu missiyanın öhdəsindən layiqincə gəldi. Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam tərk-silah etdi, onun bütün manevr imkanlarını çökdürdü. Bununla da dünya ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya aktını imzalamaqdan başqa çıxış yolu qalmadı. 30 ilə yaxın işğala məruz qalan ərazilərimizin azad olunması problemini Azərbaycan öz gücü ilə həll etdi, buna həm də siyasi vasitələrlə nail oldu. Zorla cəlb olunduğumuz Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu. Ölkə başçısının dediyi kimi “gorbagor” oldu.

10 noyabr 2020-ci ildə gecə saatlarında Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları üçtərəfli bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Prezident İlham Əliyev dəfələrlə müsahibələrində bəyan etmişdi ki, Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü halda, hərbi əməliyyatlar dayandırılacaq. Haqqında bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki, 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə, qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi baxımdan böyük rayonlarımız da işğaldan azad olundu. Dövlət başçısı da hər zaman bəyan edib ki, Azərbaycan mülki insanlarla müharibə aparmır və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata keçirmək niyyətində deyil. Hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin götürülməsi Azərbaycan Ordusu üçün heç də çətin deyildi. Erməni təbliğatı da bu məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə törətməkdə günahlandırsın, ancaq buna nail ola bilmədi.

Üçtərəfli bəyanata münasibət bildirən erməni siyasətçiləri də ölkərinin acınacaqlı məğlubiyyətə uğradığını etiraf edirdilər. Qarabağ məsələsinin tamamilə bağlandığını, birbaşa deyilməsə də, bəyanatın Azərbaycanın ərazi bütovlüyü prinsipinə əsaslandığını vurğulayırdılar. Məsələn, Ermənistanın keçmiş prezidentinin baş məsləhətçisi Jirayr Liparityan bildirmişdi ki, baş nazir Paşinyan bunu imzalayıb və heç kim bunu dəyişdirməyəcək. Müharibəyə nöqtə qoyulduğu üçtərəfli Bəyanatın imzalandığı həmin tarixi anları bir daha xatırladan Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibəsində bəzi məqamları da qeyd edərək demişdir: “Bu reallıqlar nəzərə alındı. Nəzərə alındı ki, Azərbaycan qalib ölkə, Ermənistan isə kapitulyasiya etmiş ölkədir. Həmin bu razılaşdırma gecədən xeyli keçənə qədər davam etdi. Bakı vaxtı ilə artıq noyabrın 10-u idi, buna görə biz həmin sənədi 10 noyabr tarixli Bəyanat adlandırırıq, Moskva vaxtı ilə ayın 9-u idi. Nəhayət, mətn razılaşdırıldı, təbii ki, onun imzalanması nəzərdə tutulurdu, lakin Vladimir Vladimiroviç məndən xahiş etdi ki, Paşinyanın da həmin sənədi bizim yanımızda imzalamasını israr etməyim. Rusiya Prezidenti çox nəzakətli, çox həssas insandır, hamıya çox hörmətlə yanaşır və mən dedim ki, israr etməyəcəyəm, qarşı tərəfin alçaldılması ilə bağlı hər hansı əlavə elementlər mənə lazım deyil, çünki bu, insanın yox, ölkənin alçaldılmasıdır, bunu isə biz özümüzə rəva görə bilmərik. Buna görə mən razılaşdım ki, biz həmin sənədi ikilikdə imzalayacağıq, lakin təbii ki, Paşinyanın da bunu haradasa imzalayacağına zəmanət olsun. Onun həmin sənədi harada imzalaması indiyə qədər məlum deyil. Mən dəfələrlə bu barədə açıq soruşmuşam, cavab almamışam, ola bilsin, bir il keçəndən sonra biz bunu da biləcəyik, sadəcə, tarix üçün. Həmin gün barədə hələlik təqribən bu qədər deyə bilərəm”.

44 günlük Vətən müharibəsi həm bölgədəki pisniyyətli insanları, saxta ideyalarla uydurulmuş, qəflət yuxusuna dalmış erməniləri, Cənubi Qafqazda və bölgədə marağı olan gücləri silkələdi. Onlara reallığı qəbul etdirdi. Bu gerçəkliyi onlara Azərbaycan dövlət olaraq, əsgərindən, zabitindən, hərbçi ata-anasından, ailəsindən Ali Baş Komandanınadək hər kəs “Şəhidlər ölməz, Vətən bölünməz!” deyərək mübarizə edib başa saldı. Ermənilər bu gün öz ağılsızlıqlarının və öz cinayətlərinin bəlasını çəkirlər. Mehriban qonşuluq etməyi bacarmayıb, düşmənçilik yolu tutanların aqibəti belə də olmalı idi. Elə tarix boyu xeyirlə şərin mübarizəsinin ədalətli sonluğu da məhz belə olub. Erməni milləti heç nəyi ilə öyünə bilməz. Çünki olmayan tarixi, olmayan mədəniyyəti ancaq uydurmaq olar. Tarixi məhv etməklə, silməklə onu yox etmək olmaz. 2020-ci ildə yaşadıqları və bundan sonra yaşayacaqları onları hər gün məhv edəcək, hər gün alçaldacaq. Təəssüflər olsun ki, yalanları ilə özlərini tora salan ermənilər məğlub olduqları ilə barışmır, himayədarlarına arxalanaraq sərhəddə atəşkəsi pozurlar. Müxtəlif yollarla silahlanmağa çalışırlar. Əlbəttə ki, məğlubiyyəti dərk etmək üçün ağıl lazımdır, o da ermənidə yoxdur. Ermənilər 44 günlük müharibədə himayədarlarının yalnız kənardan tamaşaçı olduğunu, ancaq ara qızışdırmağa gücləri çatdığını unutmasınlar.

Erməni faşizmi dünyanın ən eybəcər və ən vandal faşizmi olduğu kimi, ermənisayağı revanşizm də olduqca təhlükəli və insanlıqdankənar ola bilər. Ona görə də Azərbaycan revanşistlərin başını “Dəmir yumruq”la əzməyə həmişə hazır olmalıdır və hazırdır. Prezident İlham Əliyev öz çıxışlarında daim Azərbaycan xalqının və dünyanın ictimai diqqətini bu məsələyə çəkir və revanşistlərə qəti xəbərdarlıq edir. Çünki revanşizmi xaricdən dəstəkləyən, erməni olan və olmayan digər güc mərkəzləri də var. Əgər belə olmasa idi, qəhrəman Azərbaycan Ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq, diz çökdürülən ermənilər revanşizmə cəhd edəcək cəsarəti özlərində tapa bilməzdilər. Bu xəbərdarlıq diz çökmüş Ermənistandan daha çox, onun havadarlarına, erməni faşist-revanşistlərə hələ də stimul verməyə davam edən xarici dairələrə, mərkəzlərə və paytaxtlara, obrazlı ifadə etsək, “ilana zəhər verən kərtənkələlər”ə ünvanlanıb. Hansı mərkəz və paytaxtlar ki, günü bu gün də ikiüzlülük, həyasızlıq edərək, ölkəmizin halal qələbəsini, Ermənistan ordusunun darmadağın edilməsini həzm etmək istəmirlər. “Status”dan, “həll olunmamış Dağlıq Qarabağ münaqişəsi”ndən danışırlar. Ermənistanı dirçəldib Azərbaycana qarşı yeni müharibəyə qızışdırmağa çalışırlar. Təbii ki, sırf öz maraqlarından çıxış edərək. Qalib ölkəmiz erməni faşizminin başını əzməklə, faktiki, dünyanın, BMT-nin, Minsk qrupunun görməli olduğu işi görüb.

Uzun illərdir beynəlxalq təşkilatların sülh yolu ilə həll edə bilmədikləri, əslində isə, həll etməyə borclu olduqları bu münaqişəni Azərbaycan öz gücü, səriştəsi hesabına həll etdi. Dövlətimiz bu günə qədər necə düzgün siyasət həyata keçiribsə, bundan sonra da bu uğurlu siyasət davam etdiriləcək və regiondakı gücünü, qüdrətini, nüfuzunu qoruyub saxlayacaq. Əldə olunan bu üstünlük bizə imkan verəcək ki, hər zaman güclü olaraq qalaq. Ancaq təəssüflər olsun ki, kapitulyasiya aktını imzalayan Ermənistan bu günə qədər hələ də reallıqları qəbul edə bilmir, Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Azərbaycan xalqının əhvali-ruhiyyəsi, bayram sevinci yeni reallıqları nümayiş etdirir.

Qalib Azərbaycan dövləti, Müzəffər Ali Baş Komandan qarşımıza qoyulan missiyanı artıq yerinə yetirib. Ərazi bütövlüyümüz bərpa olunub, bu gün ölkəmizin qarşısında duran əsas hədəf bərpa və quruculuq, Qarabağa əbədi qayıdışdır. Bununla bağlı da möhtəşəm tədbirlər həyata keçirilir. Ermənistan tərəfindən viran qoyulan, talanan, dağıdılan, yandırılan, məhv edilən ərazilərimizin bərpası, yenidənqurulması işləri geniş vüsət alıb. Ermənistanın tək çıxış yolu ərazi iddialarından əl çəkmək, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini işlətməmək, bu münaqişənin bitdiyini və tarixdə qaldığını etiraf etmək, revanşist fikirlərindən tamamilə daşınmaqdır. Azərbaycan əzəli torpaqlarını işğaldan azad edib. Ermənilər də bütün bunlardan nəticə çıxararaq gələcəkdə daha ağır və rəzil vəziyyətə düşməmək üçün öz öhdəliklərini yerinə yetirməli, Azərbaycanla davamlı sülhə hazır olduqlarını bildirməlidirlər. Əks təqdirdə, Ermənistan bu sonuncu şansını da itirə bilər.

Mustafa KAMAL,

“Respublika”.