İşğaldan azad olunan ərazilərdə yol-nəqliyyat infrastrukturu uğurla reallaşdırılır
Digər xəbərlər

İşğaldan azad olunan ərazilərdə yol-nəqliyyat infrastrukturu uğurla reallaşdırılır

Bu gün dövlətimizin siyasətinin əsas hədəflərindən biri regionların sosial-iqtisadi inkişafı, xüsusən də işğaldan azad olunan ərazilərdə quruculuq-bərpa işlərinin aparılmasıdır. Məhz bu məqsədlə Prezident İlham Əliyev tərəfindən regionların inkişaf etdirilməsi, işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın qısa müddətdə yüksək səviyyədə təmin edilməsi üçün Dövlət proqramları təsdiq edilib və bir sıra sərəncamlar verilib. İl ərzində cənab Prezident Gəncə, Ağdam, Ağcabədi, Tərtər, Füzuli, Şuşa, Cəbrayıl, Zəngilan, Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər edib.

Dövlət başçısının bərpa-quruculuq işləri ilə şəxsən maraqlanması, istehsal müəssisələrinin, sosial obyektlərin təməlqoyma, açılış mərasimlərində iştirak etməsi bu işin daim onun nəzər diqqətində olmasından xəbər verir. Bu il martın 20-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonunun Suqovuşan qəsəbəsində Novruz bayramı tonqalını alovlandırıblar. Sonra Prezident Azərbaycan xalqını Suqovuşan qəsəbəsindən təbrik edib: "Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. İkinci dəfədir ki, tarixi Zəfərimizdən sonra biz Novruz bayramını doğma Qarabağ diyarında qeyd edirik. Bilirəm, hər birimiz, xüsusilə keçmiş məcburi köçkünlər hər dəfə bayram ərəfəsində və bayram günlərində deyirdik ki, İnşallah, gələn il azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik və artıq bu, reallıqdır. İkinci dəfədir ki, bu gözəl bahar bayramını biz işğaldan azad edilmiş torpaqlarda qeyd edirik".

Bu il ölkə başçısının iştirakı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən iki möhtəşəm tədbir - aprelin 22-də Dünya Azərbaycanlılarının V Qurultayı və mayın 12-də V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının açılışı mühüm əhəmiyyət kəsb edir. 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etdiyi Qurultayda "Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr", "Qarabağın bərpası və yenidən qurulmasına Azərbaycan diasporunun töhfələri" mövzularında müzakirələr aparılıb. Qeyd edək ki, Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olub.

Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar keçirilən V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunmuşdur. İki gün keçirilən sayca beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar.

Prezident İlham Əliyevin işğaldan azad olunan rayonlarda əsas diqqət etdiyi məsələlərdən biri də hava nəqliyyatı infrastrukturunun gücləndirilməsidir. Məhz buna görə də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva mayın 26-da Zəngilan rayonuna səfərində Zəngilan Beynəlxalq Hava Limanının tikinti işləri ilə tanış olub. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edəcək. Qeyd edək ki, Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas amillərdəndir. Həmçinin, bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika habına çevriləcəyi günü yaxınlaşdırmaqdadır. Onu da deyək ki, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri də Zəngilan Beynəlxalq Hava Limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur. İyunun 26-da isə Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanış olub. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının tikintisinin 2024-cü ildə tamamlanması planlaşdırılır. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının tam inkişafına da imkan verəcək. Göründüyü kimi, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərdə yol-nəqliyyat infrastrukturuna xüsusi önəm verir. Müxtəlif güc mərkəzlərinin maraqlarının üst-üstə düşdüyü bölgədə əsas söz sahibi kimi çıxış edən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə öz hədəflərinə doğru uğurla irəliləyir. Artıq danılmaz faktdır ki, Azərbaycanın iştirakı olmadan bu məkanda hansısa irimiqyaslı layihələrin gerçəkləşdirilməsi qeyri-mümkündür.

Gülzar İBRAHİMOVA,

Avrasiya Universitetinin elmi işlər üzrə prorektoru,

 siyasi elmlər üzrə elmlər doktoru, professor.