İşğaldan azad edilmiş torpaqlarda minatəmizləmə işləri uğurla aparılır
Digər xəbərlər

İşğaldan azad edilmiş torpaqlarda minatəmizləmə işləri uğurla aparılır

Bu prosesin tam başa çatması ilə Qarabağın sürətlə yenidən qurulmasına və bərpasına tezliklə nail olunacaq

Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq  şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyət sayəsində əldə olundu.  Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatı dünya hərb tarixinə düşdü.

Sözsüz ki, 30 il Vətən həsrəti ilə yaşamış insanlar tezliklə öz yurdlarına, öz torpağına qayıtmaq istəyirlər.  Ancaq azad olunmuş ərazilərdə bütün evlər, kənd və  şəhərlər dağıdılıb. Hazırda bu torpaqlarda - Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizləmə işləri aparılır. Həmçinin, böyük infrastruktur layihələri - yollar, elektrik, su xətləri, hava limanları, dəmir yolları sürətlə reallaşdırılır. 

Bu gün Qarabağda qarşılaşdığımız ən böyük problem torpaqlarımıza ermənilər tərəfindən minaların basdırılmasıdır ki, zərərsizləşdirmə prosesi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən uğurla həyata keçirilir. Türkiyə başda olmaqla, bir çox ölkələr də bu məsələdə Azərbaycana dəstək olurlar.

Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. ANAMA-nın Bakı şəhərində yerləşən Baş Qərargahı, Füzulidə  Regional Bazası, Göygöldə Regional Təlim Mərkəzi, Tərtər, Ağcabədi, Ağstafa və Bakıda yerləşən 4 əməliyyat mərkəzi mövcuddur. 

44 günlük Vətən müharibəsi bitdikdən sonra minaların və digər partlamamış silah-sursat qalıqlarının təmizlənməsi ən aktual məsələlərdən biri kimi gündəmdədir. Məlum olduğu kimi, bu ərazilərdə artıq bərpa işlərinə başlanılıb və planlı şəkildə, ardıcıllıqla həyata keçirilir. Ərazilərin minalardan təmizlənməsi isə əsas vəzifə kimi müəyyənləşdirilib. Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. İkinci Qarabağ müharibəsində məğlub olmasını və uzun illər işğal altında saxladığı torpaqların geri qaytarılmasını həzm edə bilməyən Ermənistan hakimiyyəti dünyada bənzəri olmayan daha bir cinayətə əl ataraq əraziləri minalayıb. Minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməkdə israr edən Ermənistan bununla dünya ictimaiyyətinin gözü qarşısında həm müharibə cinayəti, həm də insanlıq əleyhinə cinayət törədir.

Prezident İlham Əliyev çıxışlarının birində demişdir: "Biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm. Hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara.  Birinci, minalardan təmizləmə.  Bu böyük bir prosesdir.  ...Ona görə indi partlayışlar da tez-tez olur.  Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu müəyyən vaxt aparacaq.  Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır".

Ölkəmizdə bu gün işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün kifayət qədər ciddi addımlar atılır. Təbii ki, bu ərazilərin tədricən təmizlənməsində vaxt ilə yanaşı, çoxlu vəsait, kifayət qədər peşəkar mütəxəssis və texniki ehtiyatlarda  tələb olunur. 

Ərazilərimiz işğaldan azad edildikdən sonra təəssüflər olsun ki, onlarla dinc sakin, eyni zamanda hərbçilərimiz mina partlayışı nəticəsində həlak olub. Jurnalistlərimiz də peşə fəaliyyətləri zamanı minanın qurbanı olublar. 

Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən basdırılan minaların təmizlənməsi tədbirləri davam etdirilir.  ANAMA-nın məlumatına görə, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 15-dək 18302 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Həmin ərazilərdə 22230 partlamamış hərbi sursat, 17426 piyada əleyhinə, 8755 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.  Bu il dekabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə iki, tank əleyhinə 18 mina və 166 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə, 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

İşğal dövründə azad olunan ərazilərimizin tarixi-mədəni, dini abidələri talan edilmiş, hətta evlərin kərpicləri belə söküb aparılmışdır. Hazırda Qarabağa yeni həyat verilir, bütün əraziləri bərpa edilir. "Qarabağa Qayıdış" proqramı Azərbaycan dövləti tərəfindən uğurla həyata keçirilir və bütün proseslərə ölkə başçısı cənab İlham Əliyev şəxsən nəzarət edir.

Hazırda görülən işlər onu deməyə əsas verir ki, ölkəmiz işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə, Qarabağın sürətlə yenidən qurulmasına və bərpasına tezliklə  nail olacaqdır.

M.MİRZƏ,

"Respublika".