İşğaldan azad edilmiş ərazilərimizdə aparılan şəhərsalma fəaliyyəti ilə bağlı Biznes Forum
İQTİSADİYYAT

İşğaldan azad edilmiş ərazilərimizdə aparılan şəhərsalma fəaliyyəti ilə bağlı Biznes Forum

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası keçirilib. İclasda iştirak edən azərbaycanlı nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də təmsil olunub. Toplantıda Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, geniş əməkdaşlıq imkanlarının yarandığı bildirilib.

Komitənin mətbuat xidməti bildirir ki, tədbirdə enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, kənd təsərrüfatı, əmək, məşğulluq, sosial müdafiə, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb.

Azərbaycan və Macarıstan hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclası çərçivəsində Azərbaycan-Macarıstan Biznes Forumu da keçirilib. Biznes Forumda 26-sı Azərbaycan, 61-i Macarıstan tərəfindən olmaqla 87 şirkət iştirak edib.

Nəriman  CAVADOV,

“Respublika”.