İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri davam edir
Digər xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri davam edir

"Mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

İkinci Qarabağ müharibəsində müzəffər ordumuzun şücaəti nəticəsində azad edilmiş torpaqlarımızda infrastruktur layihələrin həyata keçirilməsi davam etməkdədir. Torpaqlarımızda artıq böyük inkişafın təməlləri atılmışdır. Hazırda dövlətimizin qarşısında dayanan əsas vəzifə azad olunmuş ərazilərimizdə tikinti-quruculuq işlərinin həyata keçirilməsidir.

Artıq bir sıra istiqamətlərdə, xüsusən regionun enerji ilə təminatı, yol infrastrukturunun qurulması, dəmir yolu xətlərinin və hava limanlarının tikintisi sahəsində ciddi addımlar atılıb. Bildiyimiz kimi, "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində regionda başladılan yenidənqurma və bərpa işləri öz bəhrəsini verməyə başlayıb. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Milli prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dünyanın heç bir ölkəsindən yardım almayan Azərbaycanda azad edilmiş ərazilərə Böyük Qayıdış proqramının icrası üçün hökumət çoxsaylı tədbirlər həyata keçirir. Bu istiqamətdə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərindən ibarət heyət Şərqi Zəngəzura səfər etmişdir. Şərqi Zəngəzurda görülən işlərlə tanışlıqdan sonra aparılan yenidənqurma və bərpa işlərinin, infrastruktur layihələrinin icrasının dövlət başçımızın tapşırıqlarına uyğun olaraq yerinə yetirilməsi istiqamətində aidiyyəti qurumların rəhbərlərinə lazımi göstərişlər və tapşırıqlar verilmişdi.

Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də dünyada uğurlu inteqrasiyaya nail olmaqla regional və beynəlxalq arenada inkişafı təmin etməkdir. Dövlətimizin başçısının xüsusi tapşırığına əsasən, Şuşa şəhərində əhəmiyyətli infrastrukturların, həmçinin içməli su təchizatı sistemlərinin bərpası işləri həyata keçirilir. Bu da o deməkdir ki, Ali Baş Komandan İlham Əliyev erməni işğalı nəticəsində didərgin düşmüş vətəndaşların müharibədən sonra öz doğma yurdlarına qayıtmaları üçün əlindən gələni edir.  Qarşıda nəhəng işlər durur və böyük bir ərazi tamamilə yenidən qurulacaq. Ermənilər tərəfindən dağıdılmış ərazilərin yenidən qurulması ölkədə tikinti sahəsinin inkişafına təkan verəcək.

Göründüyü kimi, ölkə başçımız İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir. Yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Ən əsası, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir.

İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir. Burada yüksək səviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması prioritet istiqamət kimi müəyyənləşdirilmişdir.  Ötən il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi ərazidəki dirçəlişin göstəricilərindən biridir. Belə ki, əraziyə hərəkətin məhdudiyyətsiz şəkildə təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Ərazinin füsunkar təbiətə sahib olması turizmin inkşafına əlverişli şərait yaradır.

Görülən işlərin davamı olaraq hazırda işğaldan azad olunan ərazilərdə yeni yol-nəqliyyat infrastrukturu yaradılır. Zəngilan-Horadiz avtomobil yolu yeni yaradılan infrastrukturun təməli hesab olunur. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Bu baxımdan, Zəngilan-Horadiz avtomobil yolu da strateji əhəmiyyəti ilə seçilir. Yolun ümumi uzunluğu 124 kilometrdir və 6 zolaqdan ibarət olacaq. Strateji əhəmiyyətli bu yol Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan MR-lə, Şərqi və Qərbi Zəngəzuru isə dəmir və avtomobil yolu vasitəsilə birləşdirəcək.

Azərbaycan yaşayış məntəqələrinin bərpasında "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarını tətbiq edir. Artıq Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsinin birinci mərhələsi başa çatıb. Həmçinin, layihə çərçivəsində  Qubadlı, Laçın və Kəlbəcər şəhərləri də yenidən qurulacaq. "Ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasının əsas ideyası yaşayış məntəqəsinin bütün xidmət və obyektlərini vahid kompüterləşdirilmiş sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Həmin ərazidə göstərilən xidmət və obyektlərin fəaliyyəti nəticəsində formalaşan və müvafiq qərarların real vaxt rejimində qəbul olunması üçün lazım olan məlumatlar informasiya-kommunikasiya və Əşyaların İnterneti (İoT) texnologiyalarından istifadə edilməklə toplanır və emal olunur.

Nurlan ABDALOV,

"Respublika".