İşğaldan azad edilmiş ərazilərdə yeni anbarların qışa hazırlığı yoxlanılıb
Digər xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə yeni anbarların qışa hazırlığı yoxlanılıb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilmiş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrin şəxsi heyətinin təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq obyektlərin tikintisi davam etdirilir. Müdafiə Nazirliyinin rəhbərliyi Kəlbəcər və Laçın rayonları ərazisində yeni inşa edilmiş və əsaslı təmirdən çıxmış anbarlara baxış keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə müdafiə nazirinə buradakı inzibati və texniki ərazilərdə mövcud tikililər və inkişaf planı haqqında məlumat verilib. Bildirilib ki, quru ərzaq məhsullarının və əşya əmlakının saxlanılması üçün tələb olunan qurğu və sistemlərlə təchiz edilmiş bir neçə anbar istifadəyə verilib.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərimizdə ərzaq və əşya əmlakı anbarlarının tikintisinin davam etdirilməsi barədə məruzə olunub.

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması, hərbi hissələrin ərzaq təminatına nəzarətin gücləndirilməsi, ərzaq məhsullarının daha keyfiyyətli saxlanılması və hərbi qulluqçuların sosial-məişət şəraitinin daim  yaxşılaşdırılması, eləcə də qışa hazırlıq işinin vaxtında yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib.

AZƏRTAC