İşğaldan azad edilən yurd yerlərinə nur çilənir
Digər xəbərlər

 İşğaldan azad edilən yurd yerlərinə nur çilənir

İşğaldan azad edilən torpaqlar yenidən canlanır, erməni vəhşiliyinin ağır izləri aradan qaldırılır,  düşmən tərəfindən dağıdılan şəhər və kəndlər yenidən tikilir, dövlət başçısının nəzarəti və tövsiyələrilə hər bir iş zərgər dəqiqliyi, yüksək keyfiyyətlə və müasir texnologiyalarla həyata keçirilir. Qarabağda və Şərqi Zəngəzurda bərpa edilən və yaşıl enerji arteriyası, elektrik təsərrüfatı, yarımstansiyalar qurulur və artıq işğaldan azad edilən yurd yerlərində işıqlar yanır. Kəlbəcər və Laçın rayonlarında  ermənilər tərəfindən dağıdılmış 12 kiçik su elektrik stansiyası yenidən bərpa olunaraq işə salınır.  Müharibədən cəmi iki ildən bir qədər artıq vaxt keçməsinə baxmayaraq, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görülməsi-minaların təmizlənməsi, həyat əhəmiyyətli infrastrukturun yaradılması,  yolların çəkilməsi və digər zəruri tədbirlər vahid konsepsiya əsasında aparılır.  Azərbaycan bütün bu quruculuq işlərini və nəhəng layihələrin icrasını təkbaşına həyata keçirir. Qarabağın və Şərqi Zəngəzurun böyük enerji potensialı imkan verəcək ki, Azərbaycan dünyanın ən etibarlı enerji istehsalçısı kimi dünyada öz mövqeyini daha da möhkəmləndirsin. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrini təşkil edir. XXI əsrin ilk illərini Qalib Liderin rəhbərliyi ilə Azərbaycan xalqı qədim,  mədəni,  xeyirxah, humanist, tolerant, həm də dövlətlər quran,  zəfərlər çalan xalq kimi qürurla yaşayır.  Qədim tariximizdə bir çox şərəfli anlar,  hadisələr,  qələbələr olub.  Onların hamısı bizim üçün əzizdir,  doğmadır.  44 gün davam edən Vətən müharibəsində Cəbrayıl rayonunun azad edilməsi xüsusi əhəmiyyət daşıyır. Qeyd edək ki,  Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimiz olub.  

Qarabağda olduğu kimi, Şərqi Zəngəzurda da ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələr icra olunur, hava limanları inşa olunur, yeni yollar çəkilir. Prezident İlham Əliyev ötən il oktyabrın 19-da Cəbrayıla səfəri zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını elektrik enerjisi ilə təmin edəcək 330/110 kilovoltluq “Cəbrayıl” Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə  tanış olub.  Yarımstansiyada bir çox işlər başa çatıb, Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib. Həmin yarımstansiya vasitəsilə Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik enerjisi ilə təchizatı təmin ediləcək, ən əsası isə Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları imkan verəcək ki, qardaş Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına  daha əlverişli çıxış əldə olunsun. Eyni zamanda  uzun illərdən sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq.  Qeyd edək ki, 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir. Ölkə rəhbəri tərəfindən Cəbrayılda təməli qoyulan 35 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi də mühüm əhəmiyyətə malik layihədir.  2022-ci ilin may ayında Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Ölkələrarası Enerji Layihəsi çərçivəsində təməli qoyulan 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstaniyasında tikinti-quraşdırma işləri sürətlə aparılır. Qarabağ və Şərqi Zəngəzurda tikilən ən böyük 330 kilovoltluq Cəbrayıl Qovşaq yarımstansiyasında böyük həcmdə torpaq,  tikinti,  quraşdırma işləri görülüb,  yeraltı kommunikasiyalar üçün kanallar inşa edilib,  330 və 110 kV-luq Açıq Paylayıcı qurğular,  Rəqəmsal İdarəetmə Mərkəzi tikilib.  Beləliklə,  az müddətdə çox böyük işlər həyata keçirilib, layihənin 80 faizdən çoxu tamamlanıb. Energetiklər quraşdırma işlərini cari ilin may ayına qədər başa çatdırmağa çalışırlar. Eyni zamanda Ağcabədi yarımstansiyasından Cəbrayıla 132 km məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xəttinin çəkilməsi işləri həyata keçirilir. Cəbrayıl Enerji Qovşağını qidalandıracaq əsas yarımstansiyalardan biri olan 330 kilovoltluq “Ağcabədi” yarımstansiyasının tam yenidən qurulmasına başlanılıb.   İşğaldan azad edilən ərazilərdə tikilən 110 kilovoltluq yarımstansiyaları əlavə mənbədən qidalandırmaq üçün 330 kilovoltluq Cəbrayıl Qovşaq Yarımstansiyası ilə 110 kilovoltluq Qubadlı yarımstaniyası arasında 12 km məsafədə 110 kilovoltluq ötürmə xəttinin çəkilişi başa çatır.

Qeyd edək ki, Cəbrayıl bölgənin çox böyük, həm də  əhəmiyyətli enerji qovşağına çevrilir.  Məlum olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” elan edilib, təbii ki, bu da qlobal çağırışlara və müasir inkişaf tendensiyalarına uyğun strateji yanaşmanın məhsuludur. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında dəfələrlə bu ərazilərin enerji təminatında bərpaolunan enerji mənbələrindən maksimum istifadə ediləcəyi,  ekoloji təmiz,  səmərəli innovativ texnologiyaların tətbiq olunacağı barədə qəti mövqe ifadə edərək deyib ki,  azad edilmiş ərazilər yaşıl enerji zonası olacaq.  Qeyd edək ki, dövlət başçısının nəzarəti altında Qarabağ və Şərqi Zəngəzur regionunun dayanıqlı,  etibarlı elektrik təchizatını təmin etmək,  yaradılan meqa layihələrin tələbatını qarşılamaq,  Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək,  ixrac imkanlarını artırmaq üçün nəhəng işlər həyata keçirilir. Ən əsası isə uzun illərdən sonra Naxçıvan MR-i Azərbaycanın ümumi enerji sisteminə qoşmaq,  «Xudafərin» və «Qız Qalası» Su Elektrik Stansiyalarında, o cümlədən Alternativ və Bərpa olunan Enerji Mənbələrində,  həmçinin kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjini Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kV-luq Cəbrayıl yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.

Salman ALIOĞLU,

“Respublika”.