İşğalçını dəstəkləyən Fransa özü necə humanist və ya ədalətli ola bilər?
Digər xəbərlər

İşğalçını dəstəkləyən Fransa özü necə humanist və ya ədalətli ola bilər?

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağı və ətraf rayonlarımızı işğal etməsi, 30 il bu torpaqları əsarət altında saxlaması  sözsüz ki, iqtisadi cəhətdən zəif, regionda irimiqyaslı layihələrdən təcrid olunmuş Ermənistanın imkanları daxilində deyildi. Eyni zamanda qorxaq, yaltaq, mənəviyyatca  kasıb olan bir xalq özündə bu cəsarəti hardan tapa bilərdi ki... Əgər onun işğalçılıq siyasətini dəstəkləyən, ona  havadarlıq edən ermənipərəst qərb ölkələri olmasaydı...

XIX-XX əsrlərdə dünyanın ikinci ən böyük müstəmləkə imperiyası olan Fransa ermənilərin işğalçılıq siyasətini dəstəkləyən ölkələr arasında birincilərdəndir. Belə ki,  30 il davam edən Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün üzərinə götürdüyü missiyanı yerinə yetirməyən, əsla buna cəhd belə etməyən Fransa hər zaman ölkəmizə qarşı ikili münasibət bəsləmiş, işğala məruz qalan Azərbaycanın deyil, işğalçı Ermənistanın hüquqlarının müdafiəçisinə çevrilmişdir. Məhz belə ikili standartlar, ədalətsiz mövqe nümayiş etdirən ölkələrin dəstəyi  sayəsində Ermənistan  beynəlxalq hüquq normalarına məhəl qoymur, təxribatçı, işğalçı əməllərini daha da genişləndirirdi.

Fransa hökumətinin bu təxribatçı əməlləri  İkinci Qarabağ müharibəsindən sonra da səngiməyib. Erməni lobbisindən hakimiyyətdə qalması üçün istifadə edən və bunun  qarşılığında isə ermənilərin şovinist ideologiyasına xidmət göstərən Emmanuel Makron Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına imkan vermir, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına hər vəchlə maneçilik törədir və bununla da işğalçı ölkədə revanşist, separatçı qüvvələrin daha da fəallaşmasına yardımçı olur. Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin bərqərar olmasını istəməyən Fransa  hökuməti bu təxribatçı əməlləri ilə regionu  təhlükə zonasına çevirmək niyyətindədir.

Təbii ki, Fransanın tarixi bütün dünyaya məlumdur. Kanada, Cibuti, Haiti, Uzaq Şərqdə yerləşən Vyetnam, Əlcəzair, Mərakeş, Tunis, Karib dənizi sahilləri və s. kimi bir çox əraziləri işğal etmiş, sərvətlərini talamış, xalqlarını əsarətdə saxlamış  Fransa indi özünü humanist ölkə kimi göstərməyə çalışır. Dünyanın 50-dən artıq ölkəsinin ərazilərini talan edən, əsrlər boyu  işğalçılıq siyasəti yürüdən, müharibə cinayətləri törədən, yüz minlərlə insanın həyatına son qoyan ölkə  heç bir dövlətin daxili işlərinə qarışmayan, dünya ölkələri  ilə əməkdaşlığa, dostluq münasibətlərinə böyük  önəm verən Azərbaycanı necə işğalçı ölkə adlandıra bilər?..

Özünü demokratik ölkə hesab edən Fransa bu gün bütün dünyada humanist ideyalara  sadiq  Azərbaycanı Ermənistana qarşı müharibə cinayətləri törətməkdə günahlandırır. Fransa Senatı tərəfindən dövlətimizin ərazi bütövlüyünə və suverenliyinə yönəlmiş qərəzli, qeyri-obyektiv və ədalətsiz qətnamənin  qəbul edilməsi, ilk növbədə, siyasi avantüra meydanına çevrilən bu dövlətin tarixi boyu həyata keçirdiyi siyasətə uyğun deyil. Bu, öz adını başqasına qoymaqdır, çünki 30 ildən çox  müddətdə Əlcəzair xalqının başına misli görünməmiş müsibətlər gətirən, müharibə cinayətləri, zorakılıq əməlləri törədən, 1,5 milyondan çox əlcəzairlinin ölümünə bais olan Fransanın  dünya tarixində müstəmləkəçi  ölkə kimi tanınmasına  elə təkcə bu əməli kifayət etmişdir. Noyabr ayının 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirak edən Azərbaycan Prezidenti  bu barədə demişdir:  "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik".

Korsika adasında yaşayan 350 mindən çox insana fransızların etdiyi zülmlər, işğalçılıq əməlləri də Fransanın tarixində silinməz qara ləkədir. Bəs bu qədər "humanist", başqa dövlətin  vətəndaşlarına  can yandıraraq onların "haqlarını müdafiə edən" Fransa öz tabeliyində saxladığı insanların müqəddəratını niyə düşünmür? Belə ki,  Napoleon Bonapartın doğulduğu,  Roma imperiyası tərəfindən işğal edilmiş, 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən,  Fransanın tabeliyinə keçmiş Korsikada yaşayan adalılar  daim müstəqillik qazanmaq uğrunda mübarizə aparmış, bu mübarizə dövlətə qarşı silahlı müqavimətə də çevrilmişdir. Müstəqilliyinə qovuşmaq istəyən korsikalılar  hər zaman fərqli dinə,  dilə, mədəniyyətə, milli dəyərlərə sahib olduqlarını, fransız olmadıqlarını bildirmiş, korsika  dilinə fransız dili ilə eyni statusun verilməsi tələbi ilə  çıxış etmişlər.  Lakin  Korsikanı müstəmləkə kimi idarə etmək istəyən Fransa  onlara müstəqillik verilməsi, muxtariyyətin genişləndirilməsi, Fransa konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması, "Korsika dili"nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması kimi tələblərini yerinə yetirməmiş, korsikalıların hüquqlarını heçə sayaraq bu istiqamətdə konkret, əməli addım atmamışdır. Əksinə, hər il  bura minlərlə fransız yerləşdirilərək ada "fransızlaşdırılır". Həmçinin, Korsikada məktəblilərin yalnız çox az bir hissəsi öz  ana dilində təhsil ala bilir. Öz müstəqilliyini tələb edən korsikalılar rəsmi Paris tərəfindən terrorçu adlandırılırlar.  Görəsən işğal etdiyi ərazilərin milyonlarla əhalisinə muxtariyyət verməyən Fransa bu qədər humanist, demokratik bir ölkədirsə, bəs onda niyə öz azadlığı, müstəqilliyi, ana dili uğrunda mübarizə aparan  korsikalıların tələblərini təmin etmək yerinə, bu gün Azərbaycanın daxili işlərinə müdaxilə edərək, birmənalı olaraq hüququ çatmayan məsələlərə qarışaraq Azərbaycan ərazilərində yaşayan ermənilərə status verilməsini tələb edir?

Özünü demokratiyanın "beşiyi" adlandıran Fransa dövləti özünün müstəmləkəsi altında olan  xalqların müqəddəratını  həll etsə, daha məqsədəuyğun olar. Çünki uzaqgörən, düşünülmüş, məqsədyönlü siyasət yürüdən, qətiyyətli Azərbaycan Prezidenti nəyi, necə etməyi çox  yaxşı bilir. Ölkə başçısının həyata keçirdiyi dövlət siyasətinin  əsasında  ölkə vətəndaşlarının bərabər hüquqa malik olması və  onların rifah halının yüksəldilməsi mühüm yer tutur.

Mehparə ƏLİYEVA,

"Respublika".