İşğalçı dövlət üçtərəfli Bəyanatın müddəalarına əməl etməməklə regionda sülhü, təhlükəsizliyi təhdid edir
Digər xəbərlər

İşğalçı dövlət üçtərəfli Bəyanatın müddəalarına əməl etməməklə regionda sülhü, təhlükəsizliyi təhdid edir

İkinci Qarabağ müharibəsi Azərbaycanın qalibiyyəti ilə başa çatdı, erməni əsarətində olan ərazilərimiz 44 gün ərzində işğaldan azad edildi. Torpaqlarımızın işğalı dövründə Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq konfranslarda, yüksək ali tribunalarda çıxışlarında, verdiyi müsahibələrində dəfələrlə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü pozduğunu diqqətə çatdırmış, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan etmiş, dünya birliyinin diqqətini bu məsələyə yönəldərək münaqişənin sülh yolu ilə həllinə çox böyük səylər göstərmişdir. Lakin bütün bu aparılan danışıqların, verilən qərarların heç bir nəticəsi olmamışdır. Erməni havadarı olan bəzi qərb ölkələrinin dəstəyi sayəsində Ermənistan günbəgün daha da azğınlaşmış, Azərbaycana qarşı iddiaları daha da böyümüş, törətdikləri təxribatların sayı artmışdır. 2020-ci il sentyabr ayının 27-də ermənilərin Azərbaycanla sərhəddə törətdikləri növbəti təxribata cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuz əks-hücum əməliyyatına başlamışdı.

Artıq iki ildən çoxdur ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın qalibiyyəti ilə başa çatıb. 44 günlük müharibədə məğlub olan Ermənistan hərbi əməliyyatların dayandırılması üçün kapitulyasiya aktı imzalayaraq bütün dünyanın gözü qarşısında təslim olduğunu etiraf edib. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin imzaladıqları üçtərəfli Bəyanata əsasən hərbi əməliyyatlara son qoyulmuş, ölkələr üzərlərinə bir sıra öhdəliklər götürmüş və bu müddəaların yerinə yetirilməsinə cavabdeh olduqlarını bildirmişlər.

Müharibə başa çatdıqdan sonra üçtərəfli Bəyanatdan irəli gələn ilk öhdəlik Ermənistan tərəfindən səssiz-səmirsiz yerinə yetirilmiş və Kəlbəcər, Ağdam və Laçın rayonları hərbi əməliyyatlarsız, bir güllə atılmadan Azərbaycana geri qaytarılmışdır. Görünür, Ermənistan və onun havadarları həmin vaxt müzəffər Azərbaycan Ordusunun gücündən, qüdrətindən, "dəmir yumruğun" zərbəsindən hələ özünə gəlməmişdi. Bundan sonra isə həmişə olduğu kimi, riyakar, sözünün sahibi olmayan düşmən ölkə diz çökərək imzaladığı təslimolma aktının heç bir bəndinə bu günə qədər əməl etməmiş, bölgədə sülhün, əmin-amanlığın bərqərar olmasına maneçilik törətmişdir.

Üçtərəfli Bəyanatın 6-cı bəndində Qarabağla Ermənistan arasında əlaqənin təmin edilməsi və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizinin Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalması, tərəflərin razılığı əsasında növbəti üç il ərzində Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planının müəyyən edilməsi və həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulmuşdur. Bəyanatda, həmçinin qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir. İkinci Qarabağ müharibəsindən sonra Laçın şəhəri Azərbaycanın nəzarətindən kənarda qalmışdı. Ermənistanı Xankəndi ilə birləşdirən avtomobil yolu şəhərin ortasından keçdiyindən alternativ yol çəkilməli idi. Qısa müddət ərzində dövlətimiz tərəfindən bu istiqamətdə mühüm addımlar atılmış, Rusiya tərəfi ilə yeni yolun marşrutu təsdiqlənmiş və təxirəsalınmaz tədbirlər həyata keçirilərək yolun çəkilişinə başlanmışdır. Cəmi 1 il 8 ay müddətində 32 kilometr uzunluğunda alternativ yolun tikintisi başa çatdırılmışdır.

2020-ci il noyabr ayının 10-da imzalanmış Bəyanatda təkcə hərbi əməliyyatların dayandırılması deyil, həmçinin Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində Cənubi Qafqazda məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Belə ki, Bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa ediləcəyi və Ermənistanın vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verdiyi göstərilir. 9-cu bənddə həmçinin, hər iki tərəfin razılığı ilə Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin ediləcəyi qeyd olunur.

Lakin Ermənistanın özü üçün də olduqca mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin yaradılmasına, üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək dəhlizin açılmasına hər vəchlə maneçilik törədir. Məğlub ölkə 2020-ci il noyabrın 10-da imzaladığı kapitulyasiya aktından irəli gələn öhdəlikləri yerinə yetirəcəyini, Zəngəzur dəhlizinin açılmasına, sülh sazişini imzalayacağına zəmanət versə də, sonradan sözünə əməl etməyərək bu günədək məsələni uzadır. İki ildən artıq vaxt keçməsinə baxmayaraq, nə sülh müqaviləsinin imzalanması, nə də ki, Zəngəzur dəhlizinin açılması istiqamətində Ermənistan tərəfdən bir addım belə atılmamış, heç bir praktik iş həyata keçirilməmişdir. Lakin Azərbaycan üçtərəfli Bəyanatdan irəli gələn bütün öhdəlikləri yerinə yetirir. Belə ki, üçtərəfli Bəyanatın 9-cu maddəsinə əsasən, Naxçıvan ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası ilə bağlı müzakirələri Ermənistanla deyil, Rusiya ilə aparan Azərbaycan bu dəhlizin reallaşmasında və bunun fonunda regionda nəqliyyat əlaqələrinin bərpasında mühüm işlər həyata keçirir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dekabr ayının 14-də Türkmənbaşı şəhərində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniş tərkibdə görüşü zamanı demişdir: "Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq".

Bütün bunlar isə bir daha göstərir ki, işğalçı dövlət mütəmadi olaraq təxribatlar törətməklə imzaladığı təslimolma aktının müddəalarını pozsa da, regionda sabitliyin, təhlükəsizliyin təmin olunmasına mane olmaq istəsə də, sözü imzası qədər keçərli olan, sülhsevər, hərtərəfli əməkdaşlığa böyük önəm verən Azərbaycan bölgədə sülhün, sabitliyin təmin olunmasına, region xalqlarının birgəyaşayışına, qonşu dövlətlərlə əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə töhfə verməkdədir.

Mehparə ƏLİYEVA,

"Respublika".