İşğalçı demokratiyadan danışır
Siyasət

İşğalçı demokratiyadan danışır

İnsan haqlarını pozan Fransa Ermənistanı dəstəkləməklə terroru təşviq edir

Cənubi Qafqaz həmişə dünya güclərinin diqqət mərkəzində olub. Məsələ burasındadır ki, həmin qüvvələr regionda sülhün, əmin-amanlığın hökm sürməsini qətiyyən istəmirlər. Hazırda regionun inkişaf perspektivləri bəzi siyasi dairələrin maraqlarına uyğun gəlmir və məhz elə bu səbəbdən də Cənubi Qafqazda situasiyanın gərginləşməsindən ötrü əllərindən gələni edirlər. Bu qüvvələr arasında Fransa xüsusilə fərqlənir. Bu ölkənin Ermənistandakı səfirinin bütün diplomatik çərçivələri aşaraq rəsmi İrəvanın təmsilçisi rolunda çıxış etməsi özlüyündə çox şey deyir.

Ötən illərdə olduğu kimi, bu gün də Fransa "status" mövzusunu qabardır və bu məsələnin keçmiş Minsk qrupu həmsədrləri ilə müzakirə olunmasını tələb edir. Və burada belə bir sual yaranır. Onların buna haqqı çatırmı? Təbii ki, yox! Hər şeydən əvvəl, ona görə ki, Fransanın buna oxşar kifayət qədər problemləri var. Xüsusilə, Fransa artıq uzun onilliklərdir ki, analoji problemlə mübarizə aparmaqdadır. Belə ki, Fransanın tərkibinə daxil olan Korsika adasında müstəqillik uğrunda 200 ilə yaxındır ki, mübarizə davam edir. Rəsmi Paris Korsika adası ətrafında baş verənləri Fransanın ərazi bütövlüyünə qarşı separatizm fəaliyyəti kimi dəyərləndirir. Ancaq Korsika adasının müstəqillik tələbləri ilə Azərbaycanın Xankəndi və ətraf bölgəsində erməni separatçıların fəaliyyəti arasında ciddi fərqlər mövcuddur. Əvvəla, ermənilər Azərbaycanın Qarabağ bölgəsində aborigen xalq deyillər. Onlar bu bölgəyə Çar Rusiyası tərəfindən əsasən İrandan sonradan köçürülmüş gəlmələrdir. Korsikanın müstəqilliyini tələb edən yerli xalq isə bu adanın aborigen sahibləridir. Aralıq dənizindəki bu ada dəfələrlə yadellilər - yunanlar, romalılar və b. tərəfindən işğal olunub. Nəhayət, 1755-ci ildə ada növbəti dəfə azadlığa qovuşub və Korsika Respublikası elan edilib. Lakin onların müstəqilliyi uzun sürməyib. Çünki Fransa 1768-ci ildə bu adanı işğal edib və öz ərazisinə qatıb. Həmin gündən korsikalılar yenidən öz dövlətlərini yaratmaq uğrunda mübarizə aparırlar. Və onların mübarizəsini separatizm hesab edən rəsmi Paris korsikalıların milliyyətini belə, pasportlarda "fransız" yazmaqla unutdurmağa çalışır.

Fransa heç Korsikaya avtonomiya belə verməyə razılaşmır. Bunu tələb edən yerli qurumlarısa separatçı və terrorçu elan edir. Bu istiqamətdə fəaliyyət göstərən təşkilatların üzvləri Fransa polisi və kəşfiyyatı tərəfindən təqib və təhdid olunur, onların ən fəallarını həbsə atır, müxtəlif sui-qəsdlər təşkil edərək qətlə yetirirlər. Bütün bunlara baxmayaraq, korsikalılar mübarizələrindən dönmürlər. Bu səbəbdən də rəsmi Paris bu problemi birdəfəlik həll edə bilmir. Korsikalılar uzun müddət silahlı mübarizəyə üstünlük veriblər. 2000-ci illərin əvvəllərində rəsmi Paris bu silahlı mübarizəni zərərsizləşdirmək üçün nəhayət ki, bəzi güzəştlərə getməli olub. Yəni korsikalılara siyasi fəaliyyət və ölkə parlamentində təmsilçilik hüquqlarının veriləcəyi vəd olunub. Və korsikalılar da bu vədləri qəbul ediblər.

Təəssüf ki, bu günədək Paris verdiyi vədləri yerinə yetirməyib. Çünki Fransa hökuməti onların ölkə parlamentində təmsil olunmasını istəmir, bundan ehtiyat edir. Elə ona görə də silahlı mübarizədən imtina etmiş korsikalılara qarşı təqibləri yenidən ön plana keçirib.

Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika adası bu günə qədər ictimai-siyasi proseslərin önündə olub, mərkəzi hakimiyyətin siyasi hədəfinə çevrilib. Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada məhdud muxtariyyət təmin edən xüsusi regional statusla idarə olunur, hakimiyyət səlahiyyətləri millətçilərin əlində cəmləşib.

Tarixi mənbələrə görə, hələ eradan əvvəl III-II əsrlərdə Roma imperiyası tərəfindən işğal edilən, VI-VIII yüzillikdə Bizansın tərkibində olan, 1347-ci ildə Genuyanın hökmranlığının bərqərar olduğu Korsikada 1729-cu ildən etibarən azadlıq hərəkatı - etirazlar, üsyanlar müşahidə olunmağa başlayıb. Məqsəd xarici qüvvələrdən xilas olaraq müstəqillik qazanmaq idi. Amma 1764-cü ildə qəbul edilmiş Kompyen konvensiyası və ondan 4 il sonra imzalanmış Versal müqaviləsinə əsasən, Korsika Fransanın tabeliyinə keçib, 1796-cı ildə isə tam olaraq ölkəyə birləşdirilib.

Adalılar daim müstəqillik və ya muxtariyyət hüququnun genişləndirilməsi tələbi ilə çıxış edirlər və bu istiqamətdə 1970-ci ildən başlayaraq fəallaşıblar. Bu prosesdə Korsikanın Milli Azadlığı Cəbhəsinin fəaliyyəti diqqəti cəlb edir. Bu qruplaşma 2014-cü ilə qədər dövlətə silahlı müqavimətə daha çox üstünlük verib. Təşkilatın yanaşması və fəaliyyət fəlsəfəsi bu cür ifadə edilib: "Korsikalılar fransız deyillər, çünki onlar fərqli dilə, mədəniyyətə və ənənələrə sahibdirlər. Fransa dövləti Korsikanı koloniya kimi idarə etmək istəyir".

Fransada 2017-ci ilin dekabrında keçirilən regional seçkilərdə millətçilər ciddi nailiyyət əldə etdilər. Bundan sonra Korsika məsələsi ilə əlaqədar danışıqlar yenidən aktiv fazaya keçdi. Azadlıq mücahidləri Fransa hakimiyyətinin qarşısına konkret tələb qoymuşdu: "Korsika dilinə Fransa dili ilə eyni statusun verilməsi çağırışına görə siyasi məhbusa çevrilmiş fəalların azadlığa buraxılması. İqtidarın cavabı isə konkret olmuşdu: "xeyr!".

Fransa mətbuatında da münasibət fərqlidir. "Mediapart" yazır ki, prezident Makronun məsələyə yanaşması qüsurludur: "Əvvəla, ona görə ki, millətçilərin tələbləri illərdir bilinsə və hər seçkidə təsdiqlənsə də, hökumət konkret həll yolu müəyyənləşdirməyib, vaxt uzatmaqla məşğul olub. Ta ki, zorakılıqlar baş verənə qədər... Prezident beş il ərzində millətçi çoxluğun tələblərinə məhəl qoymadı və indi prezident seçkilərinə bir neçə həftə qalmış böhrana son qoymaq üçün tələsik həll yolu tapmağa çalışır. Bununla hökumət özünü ayağından vurur".

"Le Monde" qəzetində dərc edilən yazıda vurğulanır ki, korsikalıların hüquqlarını heçə sayan hakimiyyət başqa ölkələrdə eyni iddia və ideyalara dəstək verir. "Le Figaro" nəşri isə yazır ki, korsikalı millətçilər tam müstəqillik tələbi irəli sürmürlər, onlar maddi cəhətdən asılı olduqları Fransadan sadəcə, öz hüquqlarının artırılmasını istəyirlər: "Paris isə hətta bu tələblərə belə dözümsüz yanaşır".

Beləliklə, demək olar ki, hər zaman Azərbaycana qarşı qərəzli münasibət sərgiləyən, insan haqları ilə bağlı dünyaya dərs keçmək iddiasında olan Fransa öz daxilində bu dəyərləri kobud şəkildə pozur. İnsanları həbsxanalara doldurur, işgəncə verir, onların demokratik istəklərini boğur. Odur ki, Fransanın Azərbaycanın içindəki separatçı qüvvələri dəstəkləməyə və öz daxilində insan haqlarını pozmağa haqqı yoxdur.

Artıq Azərbaycan fərqli, dünyaya gücünü göstərə, sözünü deyə bilən bir ölkədir. Fransa kimi dövlətin isə insan haqlarından, demokratiyadan, azadlıq və bərabərlikdən danışmağa, onun kiməsə dərs verməyə haqqı çatmır.

Zümrüd QURBANQIZI,

"Respublika".