İŞ ADAMLARININ DƏSTƏYİ İLƏ MƏKTƏBLƏR TƏMİR OLUNUB
Region

İŞ ADAMLARININ DƏSTƏYİ İLƏ MƏKTƏBLƏR TƏMİR OLUNUB

Lənkəran

Bir əsrlik tarixə malik Şürük kənd tam orta məktəbi Lənkəran rayonunun qabaqcıl təhsil ocaqlarından biridir. Məktəbdə 475 şagirdin təlim-tərbiyəsi ilə 42 müəllim məşğul olur.

Məktəbin direktoru Namiq Bağırov söhbət zamanı dedi ki, 424 şagird yerlik ikimərtəbəli məktəb binası 1976-cı ildə tikilib. Üstündən 46 il keçsə də, heç vaxt təmir olunmamışdır. Məktəbin damı uçulmaq üzrə idi.  Qapı və pəncərələr, döşəmə və tavanlar çürümüşdü. Sanitar qovşaq bərbad vəziyyətdə idi. Bu səbəbdən valideynlər övladlarını qonşu kəndlərdə təmirli, müasir şəraiti olan məktəblərə göndərirdilər.

Məktəbin dam örtüyü Elm və Təhsil Nazirliyi tərəfindən yenilənib. Məktəbin məzunu, iş adamı Emin Bağırovun şəxsi təşəbbüsü ilə  təhsil ocağı əsaslı şəkildə təmir edilib. Sahibkarın şəxsi vəsaiti hesabına məktəbin həyətində sanitar qovşaq inşa olunub. Sinif otaqları, fənn kabinetləri, laboratoriya, dəhlizlər əsaslı təmir edilib. Məktəbdə 146 plastik pəncərə, təzə qapılar qoyulub, girəcəkdə divar  hörülüb. Döşəmə və tavanlar yenidən qurulub. İdman zalı tam təmir edilib və təzə avadanlıqlarla təchiz olunub.

 

Masallı

Ramiz Cəfərov adına Masallı şəhər 6 saylı tam orta məktəb 1946-cı ildən fəaliyyət göstərir. Uzun illər təmir olunmadığından təhsil ocağı bərbad vəziyyətə düşmüşdü. Məktəbin gənc, işgüzar müəllimi Lətafət Zeynalova direktor vəzifəsinə təyin edildi. Ərazidə yaşayan ağsaqqalları, ziyalıları, iş adamlarını bir yerə yığıb daxili imkanlar hesabına məktəbin təmirinə başlamağı qərara aldılar.

Xeyirxah, nəcib, təşəbbüsü hamı bəyəndi. Əl-ələ verib uçuq-sökük, qəzalı vəziyyətdə olan təhsil ocağını əsaslı şəkildə təmir etməyə başladılar.  Masallıdan Milli Məclisin üzvü Məşhur Məmmədov, kərpic zavodunun rəhbəri Fəxrəddin Bağışov, sahibkarlar, xeyriyyəçilər, valideynlər köməyini əsirgəmədilər. Qısa vaxtda 16 sinif otağı, foye və dəhlizlər, idman zalı, stadion yüksək səviyyədə təmir olundu.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov  xeyirxah təşəbbüsə dəstək verdi. Məktəbə qaz xətti çəkildi, “kombi” istilik sistemi quruldu. Cəmi 2 ay yarıma təmir işləri başa çatdı.

Əlisəfa HƏSƏNOV,

 “Respublika”.