İri axarlı çaylara bənzər poeziya
Tarixi şəxsiyyətlər

İri axarlı çaylara bənzər poeziya

Nazim Hikməti bu zirvəyə qaldıran hər sözü uyğun bir biçimdə demək bacarığı idi

Gelsene dedi bana,

Kalsana dedi bana,

Gülsene dedi bana,

Ölsene dedi bana.

"Geldim, kaldım, güldüm, öldüm" - deyirdi sevgi şeirlərinin birində Nazim Hikmət, çünki sevgi şairi idi, içində yurd həsrəti, vətən nisgili daşıyır, elə bu sevgiylə alışıb-yanırdı şair. Hətta "Anadoluda bir kənd qəbiristanlığında basdırın məni" - deyə ətrafındakılara vəsiyyət də etmişdi. Ancaq bu, mümkün olmadı, 1963-cü ildə Moskvada dünyasını dəyişən Nazim Hikmətin cənazəsi elə Moskvadakı Novodeviçye qəbiristanlığında torpağa tapşırıldı. Təzada baxın! Əslində, elə bu təzadın qurbanı olmuş, həyatın labirintlərində dolaşığa düşmüşdü. Çünki əvvəli və sonu olmayan bir cəmiyyətə çox inanmışdı, onun insanlara sülh, xoşbəxtlik, əmin-amanlıq gətirəcəyinə əminliyi vardı. Bu inamın haradan yarandığını söyləmək bəlkə də çətindir, ancaq təzad dolu həyatının səhifələrini vərəqlədikcə çox şey bəlli olur. Vətənində təklənmək, vətənsizləşmək dərdi, siyasətin boz rüzgarı onu məmləkətindən uzaqlaşdırmasaydı, bəlkə heç sovetlərin toruna da düşməzdi. Çox inanırdı kommunizmə, elə sovetlər də onun bu quruluşa olan inancından sui-istifadə etdi, ancaq vəfat edən kimi onu unutdu. Axı, sovetlər üçün bu qədər xidmət göstərmiş birinin məmləkətində dəfn olunmaq arzusunu gerçəkləşdirmək o qədər də çətin deyildi ki...

Bütün bunlara rəğmən, uzun illərdən sonra, 2009-cu ildə Türkiyə hökuməti Nazim Hikmətə yenidən Türkiyə vətəndaşlığı hüququ verdi, qədirbilən türk xalqı öz övladına sahib çıxdı. Və nə yaxşı ki, çıxdı. Axı, Nazim Hikmət nə etmişdisə xalqının xoşbəxt gələcəyinin təmin edilməsi düşüncəsi ilə etmişdi.

Nazim Hikmət və ya Nazim Hikmət Ran şair, yazıçı, rəssam, ssenarist, dramaturq, ictimai xadim, Beynəlxalq Sülh Mükafatı laureatı, türk inqilabi poeziyasının banisi idi. O, 1902-ci il yanvar ayının 15-də Solonikidə zadəgan ailəsində dünyaya göz açmış, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil olmuş, Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeir yazdığı üçün 1919-cu ildə oradan qovulmuşdu. "Sərvliklərdə" adlı ilk şeiri 1918-ci ildə "Yeni məcmuə" jurnalında dərc olunmuşdu. 1920-ci ildə o, işğal olunmuş İstanbuldan milli-azadlıq uğrunda vuruşan Anadoluya getmiş, 1921-ci ildə Sovet Rusiyasına gəlmiş, 1922-1924-cü illərdə Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində oxumuşdu. 1924-cü ildə isə yenidən Türkiyəyə qayıtmış, Lenin ideyalarını tərənnüm edən əsərlər yazmağa başlamışdı. Yazdıqları "Oraq-çəkic" qəzetində, "Aydınlıq" jurnalında dərc olunurdu. Bu mətbu orqanlar bağlandıqdan sonra təqib olunan Nazim Hikmətə qiyabi surətdə 15 il həbs cəzası kəsilmiş, şair özü isə gizli yollarla 1927-ci ildə yenidən SSRİ-yə gəlmişdi. Onun Azərbaycanla, Bakı ilə tanışlığı da həmin il olmuşdu.

Belə ki, ilk dəfə 1927-ci ildə Süleyman Rüstəmin dəvətilə Bakıya gələn Nazim Hikmət 1961-ci ildən Moskvada daimi yaşamağa başlayandan sonra özünə doğma bildiyi bu məmləkətə tez-tez üz tuturdu. Əslində, o, ruhən, qəlbən həmişə Azərbaycana bağlı olub, elə Azərbaycan da şairin həmin çətin dövrlərində ona qucaq açıb, ədəbi mühitdə tanış olduğu insanlar bu qərib, çarpaşıq fikirlər içində itib-batan şairin vətənsizlik dərdini bir qədər yüngünləşdirməyə, bu Vətən sevdalısının alışıb-yanan ruhunun rahatlıq tapmasına çalışmışdılar.

1928-ci ildə Bakıda şairin "Günəşi içənlərin türküsü" adlı ilk şeirlər kitabı çapdan çıxır. 1938-ci ildə yenidən Türkiyəyə dönür və həbs olunur. 8 aydan sonra azadlığa buraxılır, heç bir dəlil-sübut olmadığı əsas gətirilir.

Nazim Hikmət inqilabi şair idi, onun "835 sətir", "Baron-3", "1+1=1", "Səsini itirmiş şəhər" adlı kitablarında toplanmış şeirlərində xalqının ağır həyatı, inqilabi mübarizəyə çağırış öz əksini tapmışdı. Onun 1924-cü ildə yazdığı "Cokonda və Şi-Ya-u" poeması, 1932-ci ildə yazdığı "Benerçi özünü niyə öldürdü" mənzum romanı imperializmin müstəmləkə siyasətinə qarşı yönəlmişdi.

1932-ci ildə türk kommunistlərini yekdil mübarizəyə səsləyən "Gecə gələn teleqram" şeir toplusuna görə 5 il həbs cəzasına məhkum olunan şair bir ildən sonra amnistiya əsasında azad edilib. Sonralar isə demək olar ki, hər yeni kitabın nəşrindən sonra dəmir barmaqlıqlar arasına atılıb.

Nazim Hikmət 1935-ci ildə yazdığı "Taranta Babuya məktublar" poemasında, 1936-cı ildə qələmə aldığı "Alman faşizmi və irqçiləri" publisistik əsərlərində faşizm və onun Türkiyədəki tərəfdaşlarını ifşa edirdi. 1936-cı ildə şairin Türkiyədə sağlığında son kitabı "Şeyx Bədrəddinin dastanı" çapdan çıxır və o, 1938-ci ildə sübut olunmamış ittiham əsasında 28 il 4 ay həbs cəzasına məhkum edilir. "İnsan mənzərələri" epopeyasını, "Həbsxanadan məktublar" silsiləsini, "Məhəbbət əfsanəsi", "Yusif və Züleyxa" pyeslərini və s. əsərlərini də elə həbsxanada yazır. 1950-ci ildə mütərəqqi dünya ictimaiyyətinin tələbi ilə Türkiyə hökuməti Nazim Hikməti azad edir. Qeyd edək ki, Nazim Hikmət 1951-ci ildə Türkiyə vətəndaşlığından çıxarılmışdı.

XX əsrin türk poeziyasının nəbzi, türk dünyasının böyük şairi hesab olunan Nazim Hikmət yaradıcılığının ilk mərhələsində Yəhya Kamal, Faruk Hafiz, Yusif Ziya, Orxan Seyfi kimi tanınmış şairlərlə sıx əlaqədə olub. 1920-ci ildə "Alemdar" qəzetinin təşkil etdiyi müsabiqədə birinci yeri tutması onun şeir yazmaq həvəsini daha da artırıb. Nazim Hikmət poeziyada yenilik tərəfdarı olmuş və bir şair kimi üzərinə düşən işin öhdəsindən layiqincə gəlmişdi. Hər şeydən əvvəl isə vəzn və qafiyə sərhədlərini aşaraq sərbəst şeirin ən gözəl nümunələrini yarada bilmişdi. O, sənətdə ənənəni həmişə yüksək qiymətləndirmiş, lakin sınanmış, təcrübədən çıxmış yolun eynilə təkrar edilməsinin əleyhinə olmuş, fərdi və fərqli üslublara üstünlük vermişdi. Onun fikrincə, mütəmadi olaraq yeni "cığırlar", "yollar" kəşf etmədən poeziyanı irəli aparmaq, onu zənginləşdirmək qeyri-mümkündür. Vaxtilə Nazim Hikmət Cümhuriyyət dövrünün böyük şairi Nəcib Fazil Qısakürəkə ünvanladığı məktubda yazırdı: "Sən köhnəsən, amma köhnənin yaxşısısan, mən yeniyəm, amma yeninin yamanıyam. Bunu bil ki, mən yeninin yamanı olmağı köhnənin yaxşısı olmaqdan qat-qat üstün tuturam".

Nazim Hikmət Azərbaycan xalqının və ədəbiyyatının yaxın dostu idi. O, azərbaycanlı şair və yazıçıların bir çoxu ilə şəxsən dost olmuş, onlarla yaradıcılıq əlaqəsi saxlamışdır. Azərbaycana həsr olunmuş şeirləri, xalqımızın mədəniyyətinə dair məqalə və xatirələri vardır. Əsərləri burada dönə-dönə nəşr olunmuş, pyesləri tamaşaya qoyulmuşdur.

Xalq yazıçısı Anar "Nazim Hikmət. Kərəm kimi" adlı xatirələr kitabında yazır: "Nazim ona yaxın olan Azərbaycan türkcəsinin danışıldığı bir yerdə özünü çox rahat hiss edirdi. O deyirdi ki, "Azərbaycan mədəniyyətinə bağlıyam. Bu bağlılıq yalnız sovet Azərbaycanı mədəniyyətinə deyil, çevrilişdən əvvəlki Azərbaycan mədəniyyətinə aiddir. Məsələn, Dədə Qorqud bir Azərbaycan yazıçısı üçün böyük abidədir, mənim üçün də! Koroğlu həm Azərbaycan xalqının qəhrəmanıdır, həm mənim. Sabir Azərbaycan ədəbiyatının realist, xalqçı satirik şairi, heyran olduğum ustaddır. Üzeyir Hacıbəyovun musiqisi öz musiqimiz qədər yaxındır". O bizə belə qiymət verirdi".

Nazim Hikmət yaradıcılıqla bağlı məqalələrinin birində yazırdı: "Nədən yazırsansa, yaz. Bax haaa... Nədən yazırsansa yaz, təki sənin deyiləcək bir sözün olsun və bu sözü ən uyğun bir biçimdə deməyi bacarasan". Dünyaca məşhur Nazim Hikmət isə nədən, niyə, necə yazmağı gözəl bilirdi. Elə ona olan sevginin mayasında da bu dayanır.

Zümrüd QURBANQIZI,

"Respublika".