İranın Qarabağda düyünə düşən narkoticarət sevdası
Siyasət

İranın Qarabağda düyünə düşən narkoticarət sevdası

Birləşmiş Millətlər Təşkilatının Narkotik və Cinayətlər Bürosunun (United Nations Office on Drugs and Crime) ən son 2018-ci ildə yayımladığı illik hesabatına əsasən, Əfqanıstanda istehsal olunan bütün növ opiatların təxminən 35-40 faizi İran üzərindən keçirilərək dünyanın müxtəlif məntəqələrinə çatdırılır. Qurumun yaydığı digər məlumata əsasən isə İranda dövlət orqanları tərəfindən ələ keçirilən narkotik vasitələrin 40 faizə yaxınının ölkə daxilində qaldığı vurğulanır. Nəticədə, İranın narkotik tranzitdə mühüm rol oynadığı ortaya çıxır. Eyni zamanda, İranın son onillikdə dövriyyəyə buraxılan və qiymətlərinin aşağı olması səbəbi ilə dünyada sürətlə yayılan sintetik tərkibli narkotikin, yeni metamfetaminin də əsas paylama mərkəzidir. Əlbəttə ki, bu "gəlirli biznesdə" İran yaxın qonşularının ərazisindən də həm satış, həm də tranzit məqsədi ilə istifadədə fəaldır.

Beynəlxalq təşkilatların araşdırmalarına əsasən, əfqan mənşəli narkotik vasitələrin İran İslam Respublikası üzərindən keçməklə Avropaya çatdırılması marşrutlarından biri də Ermənistan və Gürcüstandan keçməkdədir. Elə bu səbəbdən də İran-Ermənistan sərhədi "qırmızı xətt" və ya "minillik yol" adlandırılır. Bu yolun ən rahat və sərfəli istiqaməti isə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən keçməklə idi. Əlbəttə ki, 30 illik işğal dövründə İranın bəzi dairələri tərəfindən tranzit marşrut kimi istifadə edilib. Bu isə qonşu, eyni dinə malik ölkə olan Azərbaycana qarşı İranın açıq-aydın xəyanəti idi. Hətta, o da məlumdur ki, Ermənistan 20 faiz torpaqlarımızı işğal edəndən sonra İran bu ərazilərdə geniş söküntü işlərinə başladı. Belə ki, Azərbaycanın işğal olan kənd və şəhərlərini söküb, tikinti materialı kimi ölkəsinə daşıyan İran əvəzində Ermənistanı yanacaq və silah-sursatla təmin edirdi. Arazboyu ərazilər, işğal altında olan digər Qarabağ torpaqları düşmənlə bərabər, həm də İran dövləti tərəfindən istismar edilir, talanırdı. Hələ illər əvvəl, Azərbaycanın işğal altında olan Qubadlı və Zəngilan rayonları ərazisində İranın narkotik plantasiyalarının qurulması və Zəngilan rayonu ilə İran İslam Respublikası arasında narkokatellərin fəaliyyəti üçün gizli yeraltı tunelin çəkilməsi barəsində Azərbaycanın aidiyyəti orqanlarında kifayət qədər məlumatlar var. Bu isə o deməkdir ki, ötən 30 illik işğal dövründə Ermənistan İranla əlbir olub, Azərbaycan ərazilərindən Avropaya narkotik daşımaq üçün istifadə edib. Hətta Azərbaycan ordusunun Füzuli rayonunun işğaldan azad etdiyi ərazilərində narkotik bitkilərin əkildiyi geniş plantasiyalar və laboratoriya da aşkarlanmışdır. Əlbəttə ki, Azərbaycan cənub istiqamətindən gələn narkotik maddələrin işğal altında olan ərazilərdən keçməklə Qərbə və Şimala daşınması haqqında əvvəlcədən məlumatlı idi.

Hələ 2009-cu ildə BMT müfəttişlərinin məxfi hesabatında İran narkotik maddələrin Avropaya daşınmasında əsas rol oynayan bir ölkə kimi göstərilmişdir. Bunun üçün isə Azərbaycan ərazisindən, yəni Ermənistan tərəfindən işğal edilmiş ərazilərdən istifadə olunduğu vurğulanmışdır. Sonradan həmin məxfi məlumatlar "Vikiliks" sənədlərində yer almış, həmçinin Almaniyanın nüfuzlu "Di Velt" qəzetində bu barədə məqalə dərc edilmişdir. 2008-ci ilə aid bir sənəddə isə İrandan çıxan heroinin 95 faizinin Avropaya çatdığı bildirilirdi. Əlbəttə ki, İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra Azərbaycanın İranla sərhədlərinin işğalçılardan təmizlənməsi qeyri-qanuni marşrutun bağlanması ilə nəticələndi. Yəni, İkinci Qarabağ müharibəsi zamanı yaxın qonşumuz olan İranın Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində apardığı mübarizəyə heç bir münasibət göstərməməsi və yaxud da soyuq münasibət bəsləməsi əslində anlaşılandır. Bir sözlə, regionda Azərbaycanın öz ərazi bütövlüyünü bərpa edib gücləndirməsi, sərhədlərini möhkəmləndirməsi yaxın qonşularımızın işinə yaramır. Çünki İran, həmçinin də Ermənistan Azərbaycan ərazilərinin narkotik trafiki, çirkli pulların yuyulması, silah alveri üçün platformaya çevrilmişdir. Əslində ötən 30 ildə Azərbaycanın işğal altında olan əraziləri qonşu dövlətlər üçün "yağlı tikə", gəlir, biznes mənbəyi olub. İşğal dövründə Qarabağ torpaqları nəzarət altında olmadığından ərazi narkobiznes mərkəzlərindən birinə çevrilibdir. Avropaya, Rusiyaya gedən narkotika marşrutunun təhlükəsiz yollarından biri Dağlıq Qarabağ və Ermənistan ərazisindən keçib. Baxmayaraq ki, Azərbaycan artıq iki ildən çoxdur öz ərazi bütövlüyünü bərpa edib, sərhədlərini möhkəmləndirib İran Azərbaycanın digər sərhəd bölgələrindən ölkəmizə yenə də qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin keçirilməsini reallaşdırmağa çalışır. Görünən odur ki, Azərbaycanın haqq savaşında uduzan Ermənistan və onun dostu İran İkinci Qarabağ müharibəsindəki qələbəmizi həzm edə bilmir.

Hələ 15 oktyabr 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasındakı çıxışında bildirmişdir ki: "Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb. Bu, o deməkdir ki, Ermənistan təqribən 30 il müddətində İranla əlbir olaraq Azərbaycanın keçmiş işğal altında olan ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir".

Ramidə YAQUBQIZI,

"Respublika".