İRANIN NÖVBƏTİ RİYAKARLIĞI
Digər xəbərlər

İRANIN NÖVBƏTİ RİYAKARLIĞI

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İran əlinə düşən hər fürsətdə ölkəmiz əleyhinə iş aparıb, təxribat xarakterli addımlar atıb, riyakar davranış nümayiş etdirib. Torpaqlarımızın işğal altında olduğu 30 ilə yaxın müddətdə Ermənistanla sıx münasibətlər quraraq ona hər cür yardım və dəstək göstərib. Bu yardım 44 günlük Vətən müharibəsində də davam edib.

Tehran rejimi bu addımları ilə islam dinindən öz mənfur niyyətləri üçün necə sui-istifadə etdiyini göstərib. Azərbaycanın zəfərini, ərazi bütövlüyümüzün bərpasını həzm edə bilməyən İran,  eyni zamanda, qələbəmizdən sonra müxtəlif çirkin oyunlara, düşmənçilik hərəkətlərinə əl atdı. Özünü müsəlmanların təəssübkeşi kimi qələmə verən İran rejimi işğal müddətində Azərbaycan ərazilərindəki məscidlərin, dini abidələrin yerlə-yeksan olunmasına, təhqir edilməsinə, Xocalı soyqırımının törədilməsinə göz yumaraq Ermənistanla iş birliyini daha da möhkəmləndirdi.  Elə bu birliyin nəticəsidir ki, bu günlərdə İranının paytaxtı Tehran şəhərində keçirilən "Nüfuzlu Qadınların Birinci Beynəlxalq Konqresi"ndə Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana xüsusi sevgi ilə yanaşılıb. Belə ki, Anna Akopyan məclisdə yuxarı başda - prezident Seyid İbrahim Rəisi və xarici işlər naziri Abdullahianın yanında əyləşib. Ona tədbirdə söz də verilib. O, müxtəlif ölkələrin nüfuzlu qadınlarını bir araya gətirdiyinə və onlara eyni masa arxasında əyləşmək üçün imkan yaratdığına görə İran prezidenti və birinci xanıma təşəkkür edib. Qeyd edək ki, Anna Akopyana İranın birinci xanımı Cəmilə Sadat Alamolhoda ilə ayrıca foto çəkdirməyə də imkan yaradılıb. Bununla da, İran Ermənistana sevgisini bir daha nümayiş etdirmiş olub.

Bunlar bir yana, hələ üstəlik Anna Akopyan İranın birinci xanımı Cəmilə Sadat Alamolhoda və qızı Reyhanə Rəisinin müşayiətilə İranın şiələr üçün müqəddəs sayılan ruhani mərkəzi Qum şəhərinə səfər edərək məscidi və Fatimə Məsumənin məqbərəsini ziyarət edib.

Bir sözlə, İran əvvəllər pərdələməyə çalışdığı riyakar, mənfur xislətini artıq gizlədə bilmir. Hər ötən gün, əslində din amilinin İran üçün heç bir əhəmiyyət daşımadığını, bu ölkənin indiyə qədər din, islam pərdəsinə bürünərək hansı siyasət yürütdüyünü aşkar etməkdədir.  Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində 60-dan çox məscidi dağıtmasına laqeyd qalan, bu müqəddəs yerlərdə vaxtilə donuzların saxlanmasından az da olsa narahatlıq keçirməyən İranın davranışları onun necə bir müsəlman ölkəsi olmasını sərgiləyən tutarlı faktlardan biridir. Və bu qəbildən olan sonuncu dəlil də deyil.  İran bütün varlığı ilə Ermənistana bağlı olduğunu son günlər daha qabarıq şəkildə ortaya qoyur, din amili ilə illərdir ikiüzlü siyasətə müəlliflik etdiyini sübuta yetirir. Elə İslam dinini təhqir edən bir ölkənin birinci xanımına göstərilən "ehtiram" da bunu təsdiqləyir.

Artıq Azərbaycanın güclənməsini özünün faciəsi olaraq qəbul edən rejimin xarici siyasəti kimi, daxili siyasəti də iflasa uğrayıb və xalqın səbrini daşırıb. Bu gün heç bir təzyiq, işgəncə, edam qərarları İranda etirazçıları saxlaya bilmir. İranda yaşayan və bütün hüquqlardan məhrum olan millətlər, o cümlədən güneyli soydaşlarımız artıq molla rejiminin əsarəti altında əzilmək istəmir və öz haqlarını tələb edirlər. Görünən odur ki, rejim özü öz sonunu gətirməkdədir.

Bəli, İran qonşu olaraq Azərbaycana qarşı riyakar davranır. Bu, istər Azərbaycanda din pərdəsi altında radikal qruplaşmaların yaradılmasında və qızışdırılmasında,  rəsmi şəxslərin zaman-zaman Azərbaycanın suverenliyi və mövcudluğunu şübhə altına alan bəyanatlarında,  Azərbaycanın Qarabağ bölgəsini işğal altında saxlamış Ermənistanla sıx siyasi-iqtisadi əməkdaşlıq qurmasında, istərsə də Azərbaycanın Vətən müharibəsindəki qələbəsindən sonra ölkəmiz üçün yaranmış yeni əlverişli geosiyasi reallığı qəbul etməməsində özünü büruzə verir. 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər tərəfdən təcavüzkar Ermənistana dəstək verib. Belə ki, Qarabağ münaqişəsi bitdikdən sonra İranın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyərək, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni etməsi də İslamın əxlaq kodeksinə zidd olan əməldir. Həmçinin, İranın din xadimlərinin Azərbaycana qarşı yönəlmiş təxribatlarda iştirak etməsi İslam dəyərlərinə qarşı xainlikdən başqa bir şey deyil.

Nurəngiz ADİLQIZI,

"Respublika".