İranın dəyişməyən davranışı: terrorçuluq, casusluq...
Siyasət

İranın dəyişməyən davranışı: terrorçuluq, casusluq...

İranın 30 ilə yaxın müddətdə Ermənistanın işğalçılıq siyasətinə verdiyi dəstəyini 44 günlük müharibə dövründə davam etdirdiyinə dair kifayət qədər faktlar var. Tehran rejimi hələ müharibənin getdiyi günlərdə heç bir əsası olmayan "regionda terrorçular var" iddiasını gündəmə gətirmişdi və bununla əslində  mövqeyini bəlli edirdi.

İkinci Qarabağ müharibəsindən sonra ortaya çıxan faktlar isə göstərir ki, İran Ermənistana təkcə bəyanatlarla deyil, praktiki addımlarla da dəstək verib. Bunlardan biri Azərbaycan Ordusunun mövqeləri haqqında kəşfiyyat məlumatlarının Ermənistan silahlı qüvvələrinin baş qərargahına ötürülməsi idi. İran müharibənin başlandığı ilk günlərdə Azərbaycanla sərhəddə xüsusi radar sistemləri və dinləmə stansiyaları qurub. 80 nəfərdən ibarət hərbi-texniki heyətin təmsil olunduğu bu mərkəz Azərbaycan əsgərlərinin hərəkət trayektoriyası və mövqeləri, döyüş təyyarələrinin hava hərəkəti haqqında məlumatlar toplayıb ermənilərə göndərirdi. Müharibənin ilk günlərindən İran Azərbaycanla sərhəddə hərbi qüvvələr toplamışdı. Bunu döyüş əməliyyatının İran ərazisinə keçməsi təhlükəsinə qarşı tədbir kimi əsaslandırırdılar, hərçənd Ermənistana verdikləri hərbi yardımlar fonunda istisna deyil ki, Tehran rejiminin bu addımı da Azərbaycan Ordusuna qarşı yönəlmişdi. Bütün bunlar ictimaiyyətə məlum olan faktlardır, lakin İranın Ermənistana hərbi dəstəyinin bildiyimizdən daha böyük olduğu istisna deyil.

İran rejimi Azərbaycanla münasibətləri daha da gərginləşdirəcək addımlar atmaqda davam edir. Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən bu yana, xüsusilə İkinci Qarabağ müharibəsindəki qələbəmizdən sonra ölkəmizin əleyhinə bütün çirkin vasitələrdən istifadə edən, Ermənistana hər cür dəstək göstərən molla rejimi bununla bəslədiyi düşmənçiliyi, kin-küdurətini açıq şəkildə ortaya qoydu. Tehran rejimi bu gün də İrəvanı silahlandırmaqda davam edir.

İranın məqsədi aydındır: regionda maksimum gərginlik yaratmaq, Azərbaycanla Ermənistan arasında normallaşma prosesini əngəlləmək. Çünki qalan məsələlərin həllini tapmasında, sülhün bərqərar olmasında maraqlı deyillər Mollaların istədiyi gərginlik, qarşıdurma, müharibələr, insan ölümləridir. Ermənistana pulsuz silahları da məhz Azərbaycana tuşlaması üçün verir. Məsələn, informasiya mənbələrində deyilir ki, oktyabr ayında İran gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Göndərilən raketlər Ermənistana satılmayıb, hədiyyə kimi, qarşılıqsız verilib. Verilən raketlərin 500 ədədi "Dehlaviy", 100 ədədi isə "Almas" tipli tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir.

"Dehlaviy" TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin, "Almas" kompleksi isə 2021-ci ildə İslam İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. Son vaxtlar 14 İran vətəndaşının rusiyalı sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərə keçməsi faktı da bəzi mətləblərə aydınlıq gətirir. Görünür, bu şəxslərin vasitəsilə İran sözügedən raketlərin bir hissəsini Qarabağdakı separatçı-terrorçu dəstəyə də ötürüb.

İran TIR-larının Xankəndiyə yanacaq daşıdığı faktı da məlumdur. İrandan yüzlərlə yük maşını Ermənistana gedir, oradan da qanunsuz yolla Xankəndiyə keçirdi. Yük maşınlarında yanacaq daşındığını bilirik, lakin istisna deyil ki, yüklər təkcə yanacaq yox, həm də kiçikçaplı silah və hərbi təchizatdan ibarət olub. İran tərəfi əvvəl bunları təkzib edirdi, lakin faktlar ortaya çıxdıqdan sonra gizli yola əl atdılar. Belə ki, İrandan yük maşınları Ermənistana gedir, daha sonra dövlət nömrə nişanlarını dəyişdirərək Xankəndiyə daxil olurdular. Azərbaycanın Gorus-Qafan yolunda iranlı sürücülərdə Xankəndiyə yük daşımasına dair rəsmi sənəd aşkarlandıqdan sonra fakt qarşısında qaldı. Bu gün belə Ermənistandan Xankəndiyə "humanitar yardım" adı ilə aparılan yüklər arasında İranın payının olmadığına heç kim zəmanət verə bilməz. İran Ermənistana istər hərbi, istərsə digər istiqamətlərdə dəstəyini bu gün də davam etdirir və daha açıq şəkildə özünü İslam Respublikası adlandıran bu ölkə artıq seçimini İslam dəyərlərini təhqir edən Ermənistan üzərində edib, bunu isə daha gizlətmirlər də. Əslində, bütün bu yardımlar, verilən dəstəklər İranın son 30 ildə həyata keçirdiyi siyasətin daha açıq müstəviyə keçməsidir.

Bir sözlə, İran rejimi Azərbaycanla münasibətləri gərginləşdirir. Hələ bir müddət əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Ermənistanın ölkəsindən silah almaq istəyinə dair yayılan xəbərlərə münasibət bildirərkən deyib ki, İranın bəzi ölkələrlə, o cümlədən də qonşu ölkələrlə müdafiə sahəsində əməkdaşlığı mövcuddur. Yəni faktı təkzib etməmişdi.

Digər tərəfdən isə 27 nəfər İran vətəndaşının sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazisinə gəlməsinə dair faktlar da var. Heç 14 nəfər İran vətəndaşının Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, Tehran 13 nəfərdən ibarət daha bir təxribatçı qrupu ərazimizə göndərdi. Beləliklə, noyabrın 24-dən 30-dək Rusiya sülhməramlıların postundan Azərbaycan ərazisinə iki qrupdan ibarət 27 nəfər İran vətəndaşı daxil olub. Əlbəttə ki, bu 27 nəfər birbaşa Tehran rejiminin göstərişi ilə Qarabağa gəlib. Bu, bir daha İranın terrorçuluğu, təxribatçılığı himayə etməsini, adında olan İslam Respublikasından xəbəri belə olmadığını göstərir.

Hər kəsə məlumdur ki, 44 günlük Vətən müharibəsində erməni qoşunlarının içərisində İran terrorçuları da var idi, onlar ordumuza qarşı təxribatlar edirdilər. Bir sözlə, Azərbaycan şəhidlərinin qanına İranın da əli batıb. Bu gün də İran terrorçuluq siyasətindən əl çəkmir. İran hesab edir ki, Azərbaycanın müharibədə qazandığı qələbə, daxildəki etnik azərbaycanlılara sirayət edəcək və soydaşlarımız öz haqq və hüquqlarının müdafiəsi üçün müəyyən aktiv proseslərə başlayacaqlar. Məsələ ondadır ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi İranda təkcə etnik azərbaycanlılara deyil, digər xalqların da öz hüquqlarının müdafiəsi üçün pozitiv təkan oldu. Daha sonra isə İranın sərtləşmiş daxili siyasəti etirazlarla nəticələndi. Məlum olduğu kimi, İrandakı etirazların mənəvi-ideoloji əsası insan haqları ilə paralel, həm də xalqların azadlıq istəyidir və xalqların bu azadlıq istəyi də qonşuda torpaqlarını, vətənini azad etmiş bir nümunədən ilham almaq faktıdır.

İranın Ermənistana silah verməsi yeni məsələ deyil və bu, sonuncu da olmayacaq. İranın siyasi elitasında Azərbaycana qarşı düşmənçilik siyasətini açıq şəkildə həyata keçirən dairələr bu çirkin əməllərini davam etdirəcəklər. Azərbaycan isə bu hallarla bağlı öz mövqeyini hər zaman kəskin şəkildə bildirib və bildirməkdə davam edir.

Zümrüd QURBANQIZI,

"Respublika".