İranın Azərbaycana qarşı təxribat planları davam edir
Siyasət

İranın Azərbaycana qarşı təxribat planları davam edir

İranla Azərbaycanı bir-birinə çoxəsrlik tarixi əlaqələr bağlayır. Azərbaycan hər zaman İranla qonşuluq və dostluq əlaqələrinə sadiq qalıb, qarşılıqlı ikitərəfli münasibətlərin inkişafına xüsusi önəm verib. Prezident İlham Əliyev Cəbrayıl və Füzuli rayonlarına səfəri zamanı iki ölkə arasında sərhədi dostluq sərhədi adlandırıb. Azərbaycan cəmiyyəti İranın da eyni münasibəti ölkəmizə qarşı bəsləməsini gözləyir. Son aylar İrandan davamlı olaraq Qarabağa yüklərin daşınması haqlı olaraq Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır.

Məlum olduğu kimi, bu ilin avqustunda Azərbaycan rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi bölgələrə çoxlu sayda İran yük maşınının daxil olması barədə məlumatlar əldə etmişdi. Təkcə 11 iyul - 8 avqust tarixlərində 35 İran avtomobili 70 dəfə Laçın dəhlizi vasitəsilə giriş-çıxış həyata keçirmişdir. Bununla əlaqədar, avqustun 11-də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Xarici İşlər Nazirliyinə çağırılaraq Azərbaycan tərəfinin narahatlığının ifadə olunduğu nota ona təqdim edilmişdi. Əfsuslar olsun ki, həmin müddətdən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də İran tərəfi Bakının etirazlarına cavab verməyib və hazırda Qarabağa qanunsuz yük daşımağa davam edir. Belə ki, əldə olunan məlumatlara əsasən, avqust-sentyabr aylarında İrandan Xankəndiyə müxtəlif təyinatlı, əsasən yanacaq-sürtkü materialları daşıyan 58 yük maşını daxil olub. 

Bunlardan 55-i oranı daha sonra tərk edib. Onu da qeyd edək ki, bu məsələdə Rusiya sülhməramlıları da məsuliyyət daşıyır. Ermənilərin və iranlıların qanunsuz hərəkətləri onların gözü qarşısında baş verir. Belə çıxır ki, onlar Laçın dəhlizində vəziyyətə nəzarət edə bilmir, ya da bütün bunlar onların razılığı ilə baş verir.

Onu da qeyd edək ki, hələ 11 iyul - 8 avqust tarixlərində 20 minə yaxın şəxs Xankəndini tərk edib və yalnız 15 min nəfər daxil olub. Sülhməramlılar bunu çox gözəl başa düşür ki, onların məsuliyyət zonası boşalacağı təqdirdə Qarabağda sülhməramlı kontingentin qalmasının məqsədəuyğunluğu sual altına düşəcək. Ona görə əhalinin Qarabağdan köçməsinin qarşısını süni yolla almağa çalışır, Xankəndidə yaşayan ermənilərin məişət problemlərinin həllində xüsusi fəallıq nümayiş etdirirlər.

İran tərəfi ikitərəfli əlaqələri nəzərə alıb, Qarabağa qeyri-qanuni yük daşımalarına son qoymalı, sülhməramlı qüvvələr də bu kimi qanunsuz fəaliyyətlərin qarşısını ciddi şəkildə almalıdır. Əks təqdirdə, Azərbaycan özü bu kimi halların qarşısını almaq üçün adekvat addımlar atmağa məcbur olacaq. İranın Azərbaycana olan münasibəti hələ İkinci Qarabağ müharibəsi zamanı özünü büruzə vermişdir. Azərbaycan şəhərlərinin raket və top atəşinə tutulduğu, xalqımızın şəhid cənazələri qəbul etdiyi bir vaxtda İran həm quru, həm də hava imkanlarını Ermənistana silah-sursat daşınması üçün səfərbər etmişdi. Azərbaycanın öz ərazilərini azad edərək daha da güclənəcəyindən, qorxuya düşən molla rejimi 44 günlük müharibə dövründə erməni zülmünün, işğalın davam etməsi üçün əlindən gələni əsirgəmədi. Yəqin həm də ona görə ki, Azərbaycanın işğal altındakı ərazilərinin talanmasında və qarət edilməsində iştirak edənlər arasında İran şirkətləri də vardı.

Müharibənin sonlarına doğru, artıq Azərbaycanın qələbəsinin real olduğu anlaşıldıqda isə İran Azərbaycana "dəstək" bəyanatı səsləndirdi. Artıq İran Azərbaycana və azərbaycanlılara qarşı həqiqi simasını üzə çıxarmışdı. İndi onun əvvəlki dövrlərdə dostluq və qardaşlıqla, tarixi-mədəni əlaqələrlə bağlı səsləndirdiyi bəyanatlar çox gülünc görünür. Bunun bariz nümunəsi İranın son günlərdə Araz çayı boyunca keçirdiyi hərbi təlimlərdir. Anti-Azərbaycan xarakterli bu təlimlər İranın nə qədər "səmimi" qonşu, "dost" ölkə olduğunu ortaya qoymaqla yanaşı, İran ordusunun da qeyri-peşəkar, müasir dövrün hərbi standartlarından çox geridə qaldığını göstərdi.

Ancaq Azərbaycan ordusunun Qarabağda və Şərqi Zəngəzurda apardığı hərbi əməliyyatlar məhz keyfiyyət amilinə köklənmişdi. Ən müasir silah sistemlərinə malik ordumuz köhnə hərbi doktrinlərə, sınıq-salxaq silahlara arxalanan düşmənin müdafiə səddini qısa müddətdə yarıb keçərək hərb tarixində yeni salnamə yazdı. Ordumuzun cəmi 44 günə separatçı Ermənistan rejiminin 30 illik müdafiə planlarını fiaskoya uğratması köhnə silahlarla deyil, hərbi-siyasi iradə və müasir silah sistemləri hesabına mümkün oldu. Azərbaycan hərbi-texniki sahədə qurduğu uğurlu beynəlxalq əməkdaşlığı sayəsində bu imkanlarını hər gün daha da gücləndirir.

Bu ölkədə azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət rəsmi Tehranın ikiüzlü siyasət yürütdüyünü aydın göstərir. Azərbaycanlıları bütün hüquqlarından məhrum edən, ana dilində təhsil almaq, yazmaq hüququnu belə əlindən alan İran rejimi azərbaycanlıların hər hansı formada təşkilatlanmasını özünə qarşı təhdid kimi dəyərləndirir və dərhal repressiya alətlərinə əl atır, ermənilər isə İranda bütün imkanlardan istifadə edir, öz dillərində mediaları fəaliyyət göstərir, ana dillərində təhsil alırlar. Odur ki, Cənubi Azərbaycandakı 35 milyon soydaşımız ayağa qalxaraq hüquqlarını tələb edir.

Ceyhun MƏMMƏDOV,

Milli Məclisin deputatı.