İran Türkiyədən dəstək umur
Digər xəbərlər

İran Türkiyədən dəstək umur

Beynəlxalq Atom Enerjisi Agentliyi İranın Fordo şəhərindəki nüvə obyektində uranın 83,7 faizə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı sonlandırmaq qərarına gəlib. Bu addım ilk başda İranın xeyrinə görünsə , mahiyyət etibarilə ciddi problemlər yarada bilər. Siyasi şərhçi Turan Rzayev bildirir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin araşdırmaları dayandırması İrana qarşı müdaxilədən xəbər verir:

İran uranı 83,7 faizə qədər zənginləşdirib. Bu göstərici günbəgün artır. Belə davam etsə rəsmi Tehran qısa zamanda nüvə silahını əldə edə bilər. Belə olduğu halda Beynəlxalq Atom Enerjisi Agentliyinin təhqiqatı dayandırması İrana müdaxilələrin edilə biləcəyindən xəbər verir. Belə ki, hazırda İranın uranı zəngiləşdirməsindən nüvə tədqiqatlarından ən çox narahatlıq keçirən ölkə olan İsrail MAQATE-nin bu qərarına sərt reaksiya verib. İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, agentliyin İranın təzyiqlərinə təslim olması onun reputasiyasına qara ləkədir. Baş nazirin sözlərinə görə, MAQATE-nin fəaliyyətsizliyi İrana nüvə silahı əldə etmək səylərini davam etdirərək beynəlxalq ictimaiyyəti aldada biləcəklərinin mesajını verir. Netanyahunun bu açıqlaması rəsmi Təl-Əvivin prosesdən narahat olduğunu göstərsə , əslində bu qərar İsrailə yeni rıçaqlar qazandırır.

İran da indiki məqamda İsrailin aktivliyindən narahatdır. Ehtimal hücumlar fonunda rəsmi Tehran Türkiyədən dəstək umur. Bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Türkiyənin yeni xarici işlər naziri Hakan Fidanı İrana səfərə dəvəti sübut edir. Görünür, İran Türkiyənin xarici siyasətində islam faktorundan istifadə etməklə Ankara vasitəsilə İsrailin ehtimal olunan hücumlarını bloklamaq istəyir. Lakin İranın uranı zəngiləşdirməsi beynəlxalq çağırışlara məhəl qoymaması Ankaranın təmaslarını qeyri-effektiv edə bilər.

İsrailin İranın strateji hərbi nüvə obyektlərini vurması iki ölkə arasında hərbi toqquşmaların olması region ölkələri tərəfindən narahatlıqla izlənilir.

Jalə QASIMZADƏ,

"Respublika".