İran-Ermənistan birliyi ifşa olundu
Digər xəbərlər

İran-Ermənistan birliyi ifşa olundu

Ermənistan ilə İran arasında ticarət dövriyyəsi 2021-ci ildə 503,5 milyon dollar olduğu halda, ötən il bu göstərici 711 milyon dollara çatıb. Ermənistan hökumətinin hesabatında artımın təxminən 42 faiz təşkil etdiyi bildirilib. Bu prosesin davamı da gözləniləndir, çünki tərəflər iki ölkə arasında qarşılıqlı ticarətin 2 dəfə artırılmasına dair saziş imzalayıblar. Amma bu yaxınlaşmaya dərindən nəzər salsaq görərik ki, iqtisadi əlaqələrin kökündə heç də səmərəlilik dayanmır. Belə ki, İrəvanın onsuz da aşağı olan investisiya reytinqi Vətən müharibəsindən sonra daha da zəifləyib. Sülh müqaviləsi imzalanmadığı müddətdə isə Ermənistan iqtisadi baxımdan ən riskli ölkələr siyahısında olaraq qalacaq. Bu halda Tehranın İrəvana yatırımları 2 istiqmətdə şərh oluna bilər. Birincisi, molla rejimi antitürk mövqeyindən çıxış edərək Ermənistanı Azərbaycana və ümumilikdə, güclənən türk birliyinə qarşı çıxa biləcəyinə inandırmaq istəyir. Yəni bu addımı Cənubi Qafqazdakı maraqları naminə edir. İkinci versiyaya görə isə rəsmi Tehran İrəvan üzərindən qərbin sanksiyalarından yayınmağa çalışır. 

Digər tərəfdən, tərəflər arasında iqtisadi əlaqələrin gücləndiyi müşahidə olunsa da, ticarət dövriyyəsinin təkcə son ildə 40 faizdən çox artması şübhə doğurur. Çünki, artım nəqliyyat yükdaşımalarındakı rəqəmlərlə uzlaşmır, yükdaşımalar elə ötən ilki səviyyədə qalıb. Belə olan halda isə yalnız İranın Ermənistana silah satması ehtimal edilir. Bu versiya hazırkı proseslərlə tam səsləşir desək, yanılmarıq. Ukraynadakı müharibədə Rusiyaya dron və raket verən İranın eyni silahları strateji tərəfdaşı adlandırdığı Ermənistana da ötürməsi təəccüblü deyil.

30 illik işğal dövründə, 44 günlük Vətən müharibəsində, eləcə də postmüharibə mərhələsində Ermənistanın regional sülhə yaratdığı təhdidlərə və qeyri-konstruktiv mövqeyinə baxmayaraq, İranın Ermənistana hərbi-siyasi dəstəyini davam etdirməsi Azərbaycan ictimai rəyinə də təsirsiz ötüşməyib. Sosial Tədqiqatlar Mərkəzi “İranın regionda maraqlarını necə xarakterizə edirsiniz?” sualı ilə bağlı ictimai rəy sorğusu keçirib. Sorğu çərçivəsində respondentlərin 76.8 faizi İranın regionda Ermənistanın maraqlarını qoruduğunu, başqa sözlə, öz regional maraqlarını Ermənistan üzərindən reallaşdırmağa çalışdığını ifadə edib. İştirakçıların 5.5 faizi İranın Ermənistan və Azərbaycana münasibətdə tərəfsiz mövqedə olduğunu, cəmi 3.4 faizi Azərbaycanın maraqlarını üstün tutduğunu bildirib. Respondentlərin 14.3 faizi isə bu barədə məlumatsız olduğunu bildirib, yaxud fikir bildirməkdə çətinlik çəkib. Sorğu çərçivəsində respondentlərin “Sizcə, Azərbaycan İranla münasibətlərində ən çox hansı amili nəzərə almalıdır?” sualı ətrafında da fikirləri öyrənilib. Sorğuya qatılanların 29.7 faizi Azərbaycan-İran münasibətlərində tarixi köklərin və qonşuluq əlaqələrinin nəzərə alınmalı olduğunu qeyd edib. Bu fonda təqribən hər üç respondentdən birinin iki ölkə arasında yaxın qonşuluq münasibətlərinə istinad etməsi bir daha həm dövlət, həm də cəmiyyət olaraq Azərbaycanın İranla olan münasibətlərində dinc qonşuluq siyasətinə sadiqliyinin əyani göstəricisidir. Azərbaycan indiki halda belə öz ərazisindən Tehrana qarşı müdaxilə planlarına şərait yaratmır. Amma hazırkı gərginliyin aradan qalxması üçün İran da üzərinə düşən vəzifəni icra etməlidir. 

Bununla belə, görünən odur ki, molla rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə, münaqişə və təxribatlar hazırlamaqda davam edir. Son olaraq İranın ölkəmizdə yeni təşkilat yaratmaq planları ifşa olunub. Artıq "Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı"nın formalaşdırılması ilə bağlı SEPAH-ın nəzarətində olan sosial şəbəkələrdə çağırışlar olunur. Görünür, Ermənistana iqtisadi və hərbi dəstək verən Tehran Azərbaycana terror ixrac etməkdə qərarlıdır. Amma ardıcıl olaraq casus şəbəkələrinin aşkarlanması rejimin bu planının da suya düşəcəyinə zəmanət verir.

Jalə QASIMZADƏ,

“Respublika”.