İran açıqlama verməlidir
MÜSAHİBƏLƏR

İran açıqlama verməlidir

Tehranda baş vermiş qanlı terror aktı - Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə edilmiş silahlı hücum İranda davamlı olaraq Azərbaycan əleyhinə aparılan çirkin təbliğatın nəticəsi kimi qiymətləndirilməlidir. Dövlətimizə və xalqımıza yönəlmiş bu terror aktı bütün Azərbaycan xalqının haqlı qəzəbinə və hiddətinə səbəb olmuşdur.

Bu qanlı cinayətin arxasında duran düşmən qüvvələr bu kimi yolverilməz təsir vasitələri ilə Azərbaycanı öz haqq yolundan çəkindirməyə çalışırlar. Lakin bu, mümkün olan bir iş deyil. Azərbaycan tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsinin nəticələri ilə bir daha hər kəsə sübut etdi ki, ölkəmizə qarşı yönələn bütün təhdidlərin qarşısını qətiyyətlə almağa qadirdir. Bütün dünyada sülsevər, sabitliyin və inkişafın tərəfdarı kimi tanınan ölkəmizə qarşı bu qanlı hücumu təşkil edən qüvvələr İran dövləti tərəfindən dərhal aşkar edilməli və cəzalandırılmalı, baş verənlərə hüquqi-siyasi qiymət verilməlidir. Çünki baş verənlərə görə birbaşa İran dövləti məsuliyyət daşıyır.

Bu gün Bakıda yerləşən bütün xarici ölkə səfirliklərinin, o cümlədən İran İslam Respublikasının səfirliyinin mühafizəsi dövlətimiz tərəfindən ən yüksək səviyyədə təmin edilir. Son vaxtlar ölkədaxili iğtişaşların səngimədiyi, qeyri-sabitliyin və qeyri-müəyyənliyin hökm sürdüyü İranda isə nədənsə Azərbaycan səfirliyinin kifayət qədər mühafizəsi təmin olunmayıb. Əksinə, Azərbaycanla hələ də sülh müqaviləsini imzalamayan Ermənistanla açıq-aşkar dostluq münasibətlərini nümayiş etdirən İran ölkəmizə qarşı zaman-zaman əsassız ittihamlar irəli sürməklə öz ərazisində anti-Azərbaycan əhvali-ruhiyyəsini qızışdırmaqla məşğuldur. Bütün bunlar əlbəttə ki, tamamilə yolverilməzdir və İran bu baş verənlərlə bağlı tutarlı açıqlama verməlidir.

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı.