İqtisadiyyatın inkişafında maşınqayırma sənayesi xüsusi yer tutur
İQTİSADİYYAT

İqtisadiyyatın inkişafında maşınqayırma sənayesi xüsusi yer tutur

Ölkəmizdə ən müasir dizayn, təhlükəsizlik və ekoloji normalara uyğun avtomobillər istehsal olunur

Maşınqayırma sənayesi iqtisadiyyatın ağır sahəsi sayılır. Özlüyündə yüzdən çox ayrı-ayrı istehsal sahələri, elmi-texniki komplekslərdən ibarət olan, daimi iş yerlərinin yaradılmasında, yeni məhsulların bazara çıxarılmasında, ölkə iqtisadiyyatının güclənməsində, dövlətin iqtisadi müstəqilliyinin artmasında, hərbi cəhətdən güclü olmasında maşınqayırmaya alternativ  yoxdur.

Azərbaycanda prioritet hədəf kimi reallaşdırılan iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən biri də qeyri-neft sənayesinin inkişafıdır. Sənaye hər bir ölkədə iqtisadiyyatın aparıcı sahəsi hesab olunur. Çünki bu sahənin inkişafı olmadan iqtisadiyyatda dinamikliyi təmin etmək və bazar tələblərinə uyğun məhsul istehsalına malik olmaq mümkün deyil. Buna görədir ki, ümummilli lider Heydər Əliyev tərəfindən hələ Sovet hakimiyyəti dövründən əsası qoyulmuş sənaye kompleksləri müstəqilliyimizin bərpasından sonrakı dövrdə yenidən qurulmuş, dövrün tələblərinə uyğun yeni istehsal sənayesi sahələri yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ­maşınqayırma sənayesinin inkişaf etdirilməsidir. “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”, habelə “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” də qarşıya qoyulan vəzifələr, eyni zamanda qeyri-neft sənayesində yeni çağırışlar və adekvat imkanlar nəzərə alınmaqla cavab verilməsi möhtərəm Prezidentimiz İlham Əliyevin  bu sahəyə xüsusi önəm verməsinin əməli təsdiqidir. İqtisadiyyatın  ağır sənaye növündə nəqliyyat maşınqayırması xüsusi yer tutur ki, bu sahəyə də avtomobil və gəmiqayırma zavodları aid edilir. Hazırda Azərbaycanda belə zavodlar mövcuddur. Bunlar Bakı Gəmiqayırma Zavodu, Gəncə, Naxçıvan Avtomobil zavodları və Neftçala Sənaye Məhəlləsindəki Avtomobil zavodudur. 

2021-ci il aprelin 20-də Azərbaycan  Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Hacıqabul Sənaye Məhəlləsində yerləşən “Azərmaş” zavodu  1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir, gələcəkdə daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac potensialını artırmağı da hədəfləyir. Müəssisə Hacıqabul rayonunda 100 nəfərdən çox insanın məşğulluğunu təmin edəcək. Bu zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra olunacaq. Beləliklə, bu müəssisənin istifadəyə verilməsi rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayacaq.

Ölkədə gedən sənayeləşmə prosesinə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi də mühüm töhfələr verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan zavod 2004-cü ilin dekabrında fəaliyyətə başlayıb. İnkişaf tempini sürətlə artıran zavod ötən illərdə istehsal sahələrini genişləndirməkdə davam edib. Fəaliyyətinə OKA, UAZ, ÇAN-QAN avtomobillərinin yığımı ilə başlayan müəssisə hazırda müxtəlif çeşiddə texnika istehsal edir. 2007-ci ilin mart ayından burada “Belarus” markalı traktorların yığımını həyata keçirir.Zavodda “KaMAZ” və “URAL” markalı avtomobillərin də yığımına başlanılıb.Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində ilk dəfə olaraq “E-321” markalı elektrobus və “PALESSE KZS-575” markalı taxılyığan kombayn konveyerdən çıxıb. İlk elektrobusun və taxılyığan kombaynın istehsalına başlanması Azərbaycan sənayesi üçün, ümumilikdə  iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır. Bu, eyni zamanda maşınqayırma sənayesinin uğurla inkişaf etdiyini göstərir. Bu mühüm hadisə Azərbaycanla Belarus Respublikası arasında mövcud olan və daim inkişaf edən qarşılıqlı əməkdaşlığın nəticəsidir. Bu məhsullar Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin və Belarusun “Belkommunaş” ASC arasında bağlanmış ikitərəfli müqavilələr çərçivəsində istehsal olunub.Müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunan elektrobusun istehsalına başlanması Azərbaycan sənayesində ciddi bir hadisədir. Bu elektrobuslar yaxın gələcəkdə əhaliyə ekoloji baxımdan təmiz, keyfiyyətli xidmət göstərəcəklər. Bütün bunlar Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadiyyatın şaxələnməsi, qeyri-neft sektorunun, eləcə də qeyri-neft sənayesinin inkişafı ilə bağlı müəyyənləşdirdiyi və uğurla həyata keçirilən siyasətin nəticəsində mümkün olub.

Azərbaycan Prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani tərəfindən  2018-ci il mart ayının 29-da Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı olmuş “Khazar” Avtomobil Zavodu regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində, eləcə də bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafında əhəmiyyətlidir. Zavodda istehsal olunan avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur və “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılması nəzərdə tutulub."Khazar" Avtomobil Zavodu Sənaye Məhəlləsindəki ən böyük müəssisədir. Zavod ildə 10 min avtomobil istehsal etmək gücünə malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulmuş zavodda "Khazar", "AzSamand" və "Peugeot" avtomobil modelləri istehsal edilir. Artıq zavodda avtomat ötürücü qutusu ilə təchiz olunmuş “Peugeot Khazar” avtomobillərinin istehsalına da başlanılıb.İnvestisiya dəyəri 25 milyon manat olan zavodun Neftçala Sənaye Məhəlləsində yerləşməsi və bununla da zəruri infrastruktur xərclərindən azad olması, eyni zamanda müəssisəyə investisiya təşviqi sənədinin verilməsi nəticəsində ümumilikdə 8 milyon manat vəsaitə qənaət olunub. Bütün bunlar və digər güzəştlər avtomobillərin istehsalında və daha ucuz qiymətlə satışında önəmli göstəricilərdir.Zavodun işə düşməsi ilə ilk dəfə olaraq Azərbaycan avtomobil istehsalı ölkəsi kimi tanınıb və "Khazar" avtomobillərinə BAN nömrə alınaraq beynəlxalq sistemə daxil edilib. Bununla da  Azərbaycan avtomobil istehsalçısı olan ölkə kimi ilk dəfə 2018-ci ilin avqust-sentyabr aylarında Dünya Avtomobil İstehsalçıları Təşkilatının dəstəyi ilə Moskvada "Krokus Ekspo" Sərgi Mərkəzində keçirilən beynəlxalq avtomobil sərgisində  "Khazar" avtomobilləri  nümayiş edilib, Azərbaycanda avtomobil sənayesinin inkişaf etdirilməsinin məntiqi davamı olaraq 2018-ci il sentyabrın 1-də Azərbaycan Prezidentinin Rusiya Federasiyasına rəsmi səfəri zamanı Soçi şəhərində Qorki avtomobil zavodu və "AZƏRMAŞ" ASC arasında əməkdaşlıq haqqında memorandumun imzalanması xüsusilə qeyd etmək lazımdır. Memorandum Hacıqabul Sənaye Məhəlləsinin ərazisində "QAZ" markalı yüngül tonnajlı avtomobillərin və xüsusi təyinatlı texnikanın birgə istehsalına başlanmasını nəzərdə tutur.

Ölkəmizdə gedən güclü sənayeləşmə prosesindən geri qalmayan Naxçıvan Muxtar Respublikasında da avtomobil sənayesinin inkişafı diqqət mərkəzindədir. Belə ki, ötən il yaradılmasının 10-cu ili tamam olan Naxçıvan Avtomobil Zavodu bu  müddətdə böyük istehlakçı rəğbəti qazanaraq daxili bazarın tələbatının təmin olunmasına öz töhfəsini vermişdir. Muxtar respublikanın böyük sənaye müəssisələri arasında xüsusi yeri olan zavod 2010-cu il yanvarın 11-də fəaliyyətə başlayıb. İstehsal sahəsi, satış salonu, anbar və inzibati binadan ibarət olan zavodun 2472 kvadratmetrlik ərazisində Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.İstehsal prosesi konveyer üsulu ilə təşkil edilən zavod Azərbaycanda yeganə müəssisədir ki, avtomobillərin bütün hissələri burada yığılır. Bu da müəssisədə istənilən modeldə minik və yük avtomobillərinin istehsalına imkan verir. Zavodda həm mexaniki, həm də avtomatik sürət qutusu ilə işləyən avtomobillər istehsal edilir. Bundan əlavə, Naxçıvan Avtomobil Zavodunun Naxçıvan və Bakı şəhərlərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satışı mağazaları, həmçinin Şərur və Culfa rayonlarında avtomobillərin servis mərkəzləri fəaliyyət göstərir. Bu da muxtar respublikada müəssisənin istehsal etdiyi avtomobillərə texniki xidmət göstərilməsinə əlverişli şərait yaradır.2019-cu ildən başlayaraq Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillərin “Cahan Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomobil salonlarında da satışı təşkil edilib. Bununla yanaşı, zavodda istehsal edilən avtomobillərin ixracı və onların ehtiyat hissələrinin maya dəyərinin aşağı salınması üçün qonşu ölkələrdə bazar araşdırmaları aparılıb. Ötən ilin mühüm tədbirlərindən biri də müəssisənin Çinin “Lifan İndustrial Group” və “FAW İndustrial Group” şirkətləri ilə yeni əməkdaşlıq müqavilələrinin imzalanması olub. Əldə edilmiş razılaşmalara görə, artıq Naxçıvan Avtomobil Zavodunda yeni istehsal prosesinə start verilib. İlk dəfə olaraq müəssisədə “Lifan X-70” modellərinin istehsalına başlanılıb.“Lifan X-70” avtomobili texniki göstəricilərinə görə zavodda istehsal olunmuş əvvəlki avtomobillərdən fərqlənir. Müasir dizayn və avro-5 standartlarına uyğun istehsal olunan bu avtomobillər elektronlaşdırılmış sistemlə təmin olunan start-stop, yan güzgülər, təkərlərin havasına nəzarət edən ekran göstəricisi, sensorla açılan baqaj qapılarına malikdir. Ümumilikdə, il ərzində müəssisədə “Lifan İndustrial Group”a aid 360 sedan tipli, 270 SUV tipli, 140 minivan tipli, 40 “Golfcar” tipli, o cümlədən 120 yük maşını və 230 motosikletin istehsal edilməsi nəzərdə tutulub. Bundan əlavə, qısa zamanda müəssisədə “FAW İndustrial Group”a məxsus bir sıra avtomobil modellərinin tanıdılmasına və “FAW T-80” model yük avtomobillərinin istehsalına da başlanılacaq.

Hazırda maşınqayırma sənayesinin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir, bu sahədə əlverişli şəraitin yaradılması üçün ardıcıl tədbirlər görülür.  Müharibənin başa çatması investisiyaların cəlb edilməsini daha asanlaşdırır.Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır.Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi, təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər var.

Mustafa KAMAL,

“Respublika”.