İqtisadiyyatın dinamik və intensiv inkişafı resurslardan məqsədyönlü və səmərəli istifadəni tələb edir
İQTİSADİYYAT

İqtisadiyyatın dinamik və intensiv inkişafı resurslardan məqsədyönlü və səmərəli istifadəni tələb edir

Tarif tənzimlənməsi ilə paralel əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması dövlət siyasətinin mərkəzində vətəndaşın, onun rifahının dayandığını nümayiş etdirən amildir

Prezident İlham Əliyevin 16 oktyabr 2021-ci il tarixdə imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Sosial ödənişlərdə ciddi artımlara zəmin yaradan yeni Sərəncam 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək.

Bu, bir daha təsdiq edir ki, vətəndaşların sosial rifahının təminatı, həssas qrupların sosial müdafiəsi Prezident İlham Əliyevin siyasətində əsas istiqamətdir. Beləliklə, Sərəncam beynəlxalq bazarlardakı proseslərin ölkədaxili qiymətlərə sirayət etməsinin əhaliyə, xüsusilə həssas qrupların mənfi fəsadlardan qorunması və əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır. Bu sahədə islahatlar son illərdə inqilabi xarakter alıb. Sosial islahat paketləri nəticəsində müavinət və təqaüdlər, pensiya və əməkhaqları artırılıb, yeni sosial təminat növləri təsis olunub. 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əməkhaqqı məbləği 39 faiz, əmək pensiyalarının orta məbləği 60 faiz, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 26,5 faizdən 38 faizə yüksəlib. Bu da aşağı gəlirli vətəndaşlarımızın rifahının artırılması, layiqli əməkhaqqı hədəflərinə nail olunması və həmin nisbətin Avropa Sosial Xartiyası normalarına uyğunluğunun təmin edilməsində ciddi irəliləyişdir.

Onu da qeyd etmək lazımdır ki, ümumilikdə son üç ildə qəbul edilən 900-dən çox normativ-hüquqi akt əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edib. Bununla yanaşı, sosial təminat növləri üzrə ödəniş alanların sayı 160 min nəfər artaraq 2,4 milyonu ötüb.

Təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi ilə adekvat tədbir olaraq, bununla yanaşı, maaşların da yüksəldilməsi istiqamətində atılan addımlar tariflərdəki artımları kompensasiya etmək baxımından əhəmiyyətlidir.

Onu da qeyd edək ki, ötən dövr ərzində ölkədə təbii qazın istehsalı artıb, həyata keçirilən infrastruktur layihələri nəticəsində qaz təchizatının əhatə dairəsi genişlənib, abonentlərin sayı çoxalıb. Nəticədə dövlətin xərcləri xeyli artıb və min kubmetr təbii qaza hasilat və istehlakçıya çatdırılma xərci hazırda 174 manat təşkil edir. Azərbaycanda təbii qazın qiymətləri əksər region və bütün Avropa ölkələri ilə müqayisədə ucuzdur.

Hazırda təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir. Həmin məbləğ dövlət büdcəsi hesabına qarşılanır. Təbii qazın hasilatı və satışı prosesində dövlət üçün yaranan zərərin aradan qaldırılması istiqamətində addım atılıb.

Tarif Şurasının növbəti iclasında təbii qazın, işığın tariflərinə baxılıb və müvafiq qərarlar verilib. Bununla da qərara görə əhalinin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılır. İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kubmetr müəyyənləşdirilib. Orta statistik göstərici olaraq ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kubmetr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq. İşıq tariflərində isə əhali kateqoriyası üzrə mövcud olan tarif diferensiasiyası (300 kVts-dək və 300 kVts-dən çox) dəyişdirilərək yeni diferensiasiya tətbiq edilir.

Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts - 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir. Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissəsi üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini saxlamış olur. Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.

Bu gün dünya bazarında təbii qazın qiymətləri kəskin şəkildə bahalaşıb. COVID-19 pandemiyasının tədricən səngiməsi dünya iqtisadiyyatının canlanması və sənaye sahələrində istehsalın bərpa olunması fonunda 2021-ci ildən etibarən qazın qiyməti artmağa başlayıb. Qış fəslinin yaxınlaşdığı ərəfədə Rusiyanın "Qazprom" şirkətinin qaz təchizatını azaldacağına dair açıqlama birjalarda qiymət artımına səbəb olub. Azərbaycanda isə təbii qazın tarifi başqa ölkələrlə müqayisədə daha aşağıdır. Müqayisə üçün, 2021-ci ildə 1 kubmetr təbii qazın tarifi əhali üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik, bu göstərici Türkiyədə 36 qəpik, Ukraynada 87 qəpik, Gürcüstanda 29 qəpik, Belarusda 34 qəpikdir. 1 kubmetr təbii qazın tarifi qeyri-əhali abonenti üzrə Azərbaycanda yuxarı hədd 25 qəpik, Türkiyədə 60 qəpik, Ukraynada 2 manat, Belarusda 55 qəpikdir. Göründüyü kimi, qiymətlər ölkəmizdə daha ucuzdur. Aparılan təhlillər belə deməyə əsas verir ki, yeni tariflər əhalinin sosial güzəranına ciddi təsir göstərməyəcək.

Bu gün müasir dünyada iqtisadiyyatın inkişafında müəyyən dəyişikliklər müşahidə olunmaqdadır. Bu baxımdan tarif tənzimlənməsi dövlətimizin iqtisadi siyasətinə uyğun olaraq müəyyən zəruri addımlar nəzərə alınmaqla həyata keçirilib. Belə ki, enerji təhlükəsizliyinin dayanıqlılığının təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına daha əlverişli şəraitin yaradılması nəzərdə tutulur. Dövlətin sosial siyasətinin ardıcıllığının və əhalinin sosial rifahının təmin edilməsinə xüsusi diqqət yetirilir.

Bu məqsədlə Nazirlər Kabinetində əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərin hazırlanmasına artıq başlanılıb.

 Mustafa KAMAL,

"Respublika".