İqtisadiyyat naziri Qubada vətəndaşlarla görüşüb
Digər xəbərlər

İqtisadiyyat naziri Qubada vətəndaşlarla görüşüb

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, martın 11-də iqtisadiyyat naziri Mikayıl Cabbarov Quba şəhərində Qusar və Quba rayonlarından olan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, vergi inzibatçılığı, əmlak məsələləri, istehsal, emal və xidmət müəssisələrinin yaradılması və sair məsələlərlə bağlı müraciət ediblər.

İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbula gələn sahibkarların təklifləri isə müzakirə olunub, heyvandarlıq, bağçılıq, turizm-sanatoriya kompleksinin yaradılması və sair sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi ilə bağlı müvafiq göstərişlər verilib.

AZƏRTAC