İqtisadi yüksəliş və rifah layihəsi
İQTİSADİYYAT

İqtisadi yüksəliş və rifah layihəsi

Təşəbbüskarı və müəllifi Azərbaycan olan Cənub Qaz Dəhlizi uğurlu tərəfdaşlıq nümunəsidir

"Şahdəniz" perspektiv strukturunda Azərbaycanın müasir neft tarixində ilk dəfə olaraq zəngin qaz-kondensat yatağının kəşf edilməsi və 1996-cı ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu yataq üzrə dünyanın tanınmış neft şirkətləri ilə Saziş imzalaması ölkə iqtisadiyyatına irihəcmli xarici sərmayə cəlb edilməsinə imkan yaratmışdır. 2006-cı ildə "Şahdəniz" yatağının istismarının birinci mərhələsinin başlanmasından sonra təbii qazın Cənubi Qafqaz Qaz Boru Kəməri vasitəsilə Gürcüstan və Türkiyə bazarlarına çıxarılması Azərbaycanın enerji sənayesi tarixində yeni səhifə açaraq ölkəmizi qaz ixracatçısına çevirmişdir. Azərbaycanın təşəbbüskarı və müəllifi olduğu nəhəng enerji infrastrukturu layihəsi olan Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri, o cümlədən 11 şirkəti özündə əhatə edən çoxşaxəli qlobal layihədir. Layihə dünyada inkişaf etdirilən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Regionun enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi dünya neft-qaz sənayesində bu vaxtadək olan ən mühüm və iddialı layihələrdən biridir.

2018-ci il mayın 29-da Səngəçal terminalında rəsmi açılış mərasimindən sonra Azərbaycanın təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan "Şahdəniz Alfa" və "Şahdəniz Bravo" platformalarından birgə qaz hasil edilir. 2018-ci il iyulun sonunda "Şahdəniz Bravo" platformasından ilk qaz əldə edildiyi vaxtdan hasilat tədricən artmaqda davam edir. Mövcud "Şahdəniz" qurğularının hasilat gücü hazırda gündəlik 56 milyon (ildə təxminən 20 milyard) kubmetrdir. Azərbaycan hökuməti Cənub Qaz Dəhlizinin əsas təşəbbüskarlarından biri kimi strateji rol oynamaqla Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını həyata keçirmək səylərini davam etdirir. Tərəflər son dövrlərdə qaz qiymətlərinin qlobal səviyyədə artması ilə əlaqədar təchizatın şaxələndirilməsinin zəruriliyini vurğulayırlar.

Azərbaycanın dövlət başçısı qeyd edib ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir, Azərbaycan qazı yeni yollarla Türkiyə və Avropa bazarlarına çatdırılır ki, bu da sözün əsl mənasında, enerji şaxələndirilməsinə dəstək göstərir. Bu gün enerji təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizlik məsələsidir. Enerjinin şaxələndirilməsi də istehlakçı və istehsalçı ölkələr üçün vacibdir. Məhz buna görə də, bu layihə ilə geniş əməkdaşlıq formatına nail olunub. Cənub Qaz Dəhlizi bir çox parametrlər üzrə çox nadir layihə olması ilə də fərqlənir. Belə ki, onun uzunluğu 3500 kilometrdir və layihə 7 ölkəni birləşdirir. Boru xətti çox mürəkkəb coğrafi məkanlardan, hündürlüyü 2500 metr olan dağlardan, 100 kilometrdən artıq hissəsi isə Adriatik dənizinin dibindən keçir. Cənub Qaz Dəhlizi mövcud olan ən yüksək ekoloji standartlara cavab verir və bu, icra zamanı başlıca şərt olmuşdur. Layihənin dəyərinin ilkin olaraq 44,6 milyard dollar məbləğində hesablanmasına baxmayaraq, səmərəli idarəçilik və düzgün planlaşdırma nəticəsində bu rəqəm 33 milyard dollara enmişdir. Layihəyə 10 milyard dollar həcmində əhəmiyyətli maliyyə töhfəsi vermiş Azərbaycan Cənub Qaz Dəhlizinin hər dörd seqmentində - "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-da iştirak edib.

2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan kommersiya məqsədli qazın nəqlinə başlanıldı. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir. Artıq 2021-ci ilin sonlarından etibarən Azərbaycan qazı Avropaya çatdırılır. Bu da Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP-ın fəaliyyətə başlaması ilə mümkünləşdi. TAP-ın istismara daxil olması Cənub Qaz Dəhlizinin tam fəaliyyətə başlamasını təmin etdi və beləliklə, tarixdə ilk dəfə olaraq Azərbaycan qazı Avropaya birbaşa nəql edildi. Ötən il Avropaya 7 milyard kubmetr mavi qaz nəql edilib. Bu il bu rəqəmin 10 milyard kubmetrədək yüksələcəyi gözlənilir.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, Cənub Qaz Dəhlizinin əhatə dairəsinin genişlənməsi və digər Avropa ölkələrinə də yönəldilməsi istiqamətində də fəal işlər aparılır. Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya dövlətləri iştirak edir. Hazırda üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir.

"Cənub Qaz Dəhlizi enerji sahəsində əməkdaşlıq layihəsidir və əməkdaşlığın necə olmalı olduğunu göstərir" bu sözləri Prezident İlham Əliyev Bakıda Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında çıxışı zamanı söyləyib. Hər zaman ədalətli yanaşmaya önəm verən Azərbaycan Prezidenti deyib: "Əməkdaşlıq yalnız o zaman mümkündür ki, bütün tərəflər ondan faydalansın. Bu səbəbdən, başlanğıcda bizim əsas məqsədimiz istehsalçılar, tranzit ölkə və istehlakçılar arasında yaxşı balansın tapılmasıdır. Yalnız bu halda biz uğur qazana bilərik və layihənin uğurlu icrası bizim doğru yolda olduğumuzu göstərir".

Tranzit ölkələrin və istehlakçıların maraqlarının tam şəkildə nəzərə alındığı Cənub Qaz Dəhlizi bir neçə milyardlıq investisiyalara yol açır. Bu, minlərlə yeni iş yeri, nəqliyyat infrastrukturu, həm də bu sahəyə investisiya yatırımı deməkdir. Cənub Qaz Dəhlizində iştirak edən ölkələr Azərbaycanla çox yaxın tərəfdaşdırlar. Belə ki, Azərbaycan artıq bu ölkələrin böyük əksəriyyəti ilə strateji tərəfdaşlığa dair bəyannamələr imzalayıb. Hazırda Avropa İttifaqı ilə danışıqlar aparılır. Yeni tərəfdaşlıq sazişi Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq üçün yeni format yaradacaq.

Bütün bunlar Azərbaycanın Aralıq və Qara dəniz hövzəsi ölkələrinə tarixi firavanlıq şansı verdiyini bir daha təsdiqləyir. Belə ki, bu ölkələr Azərbaycanın və şəxsən Prezident İlham Əliyevin sayəsində təhlükəsizlik və sülh təminatı aldılar. Dövlət başçımız Cənub Qaz Dəhlizinin iştirakçısı olan ölkələrin qarşılıqlı münasibətlərində keyfiyyətcə yeni mərhələnin əsasını qoydu. Ölkələrin iqtisadi inkişaf və rifah səviyyəsində yüksəlişi özünü qısa zamanda göstərəcək.

Mustafa KAMAL,

"Respublika".