İqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlıq təşkilatı
Digər xəbərlər

İqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlıq təşkilatı

GUAM-Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlamışdır. Kommunikedə prezidentlər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarının hörmət prinsipləri əsasında Avropada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi məqsədilə dördtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulamışlar.

7 iyun 2001-ci ildə Yaltada təşkil olunmuş GUAM-ın ilk Zirvə Toplantısı onun beynəlxalq struktur kimi formalaşması və institusionallaşmasında böyük rol oynamışdır. Dövlət başçıları tərəfindən imzalanmış GUAM-ın, “Yalta Xartiyası” iştirakçı dövlətlər arasında əməkdaşlığın məqsədlərini, prinsiplərini və istiqamətlərini müəyyənləşdirmişdir. Bundan sonra GUAM-ın 22 may 2005-ci il tarixində Moldovanın Kişinyov şəhərində keçirilmiş Zirvə Toplantısı üzv dövlətlərin demokratik cəmiyyət, Avropaya inteqrasiya, iqtisadi inkişaf, regionda sabitlik və təhlükəsizlik məsələlərinə dair vahid baxışlarını nümayiş etdirmişdir. Dövlət başçıları GUAM əsasında beynəlxalq təşkilatın yaradılması zərurətinə dair birgə mövqedən çıxış etmişlər və bununla əlaqədar GUAM Xarici İşlər nazirləri Şurasına müvafiq qərar vermişlər. Dövlət başçılarının bu qərarı 22-23 may 2006-cı il tarixində GUAM-ın Kiyev Zirvə Toplantısı zamanı həyata keçmişdir. Belə ki, 1997-ci ildən mövcud olmuş birlik əsasında Demokratiya və iqtisadi inkişaf naminə Təşkilat-GUAM təsis olunmuşdur. Kiyev Zirvə Toplantısında prezidentlər GUAM-ın Nizamnaməsini qəbul etmişlər. Nizamnaməyə görə demokratik dəyərlərin bərqərar olması, davamlı inkişafın təminatı, beynəlxalq və regional təhlükəsizliyin gücləndirilməsi, Avropaya inteqrasiya, üzv dövlətlərin iqtisadi, humanitar və sosial sahələrdə əməkdaşlığın genişləndirilməsi təşkilatın başlıca məqsədini təşkil edir.

Həmçinin, GUAM dövlət başçıları tərəfindən Kiyev Zirvə Toplantısında qəbul olunmuş “Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-ın yaradılması haqqında Kiyev Bəyannaməsi”ndə bu məqamlar və vəzifələr qeyd olunmuşdur. GUAM dövlətlərinin davamlı inkişafı məqsədilə, dinamik iqtisadi artım, sosial ahənglik və ətraf mühitin mühafizəsi vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsi. İkincisi, bu dövlətlərin suverenliyini, ərazi bütövlüyünü və azadlığını dağıdan, tammiqyaslı demokratik islahatların həyata keçirilməsini və regionun iqtisadi inkişafını çətinləşdirən, Avro inteqrasiyaya mənfi təsir göstərən və bütün dünya birliyinə çağırış edən həll olunmamış münaqişələrin nizamlanması məqsədilə fəal əməkdaşlıq; Beynəlxalq terrorizm, ekstremizm və aqressiv separatizm və həmçinin onunla bağlı olan digər mənfi hallarla mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi; iqtisadiyyat, ticarət və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi və Azad Ticarət Zonası haqqında Sazişin həyata keçirilməsi; enerji təhlükəsizliyi sahəsində səylərin fəallaşdırılması; GUAM dövlətlərinin beynəlxalq tranzit potensialından istifadə olunması və s.

GUAM-ın Nizamnaməsinə uyğun olaraq, təşkilatın hər bir üzv dövləti rotasiya prinsipi əsasında öz sədrliyini bir illik müddətdə həyata keçirir. Azərbaycan 2020-ci ildə GUAM Nizamnaməsinə uyğun olaraq rotasiya prinsipi əsasında təşkilata sədrlik edir. Qeyd edək ki, bundan əvvəl ölkəmiz 2007-ci ilin iyun, 2008-ci ilin iyul tarixində və 2012-ci və 2016-cı illərdə GUAM-a sədrlik edib. GUAM üzv dövlətlərinin işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə GUAM Biznes Şurasının yaradılması haqqında Saziş imzalanıb. Bundan başqa 2004-cü ildə GUAM Parlament Assambleyası təsis edilib. Assambleyanın tərkibinə hüquqi məsələlər, ticari-iqtisadi, siyasi məsələlər və regional təhlükəsizlik, elm, mədəniyyət, təhsil və idman məsələləri üzrə komitələr daxildir. 2012-ci ildən etibarən ardıcıl olaraq “Birləşmiş Millətlər Təşkilatı və Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM arasında əməkdaşlıq” adlı qətnamə qəbul olunub. 2017-ci il 27 mart tarixində Kiyev şəhərində keçirilmiş GUAM-ın Hökumət başçılarının görüşü çərçivəsində GUAM-ın iştirakçı dövlətləri arasında azad ticarət zonasının yaradılması və fəaliyyəti Qaydasının təsdiqlənməsi haqqında Protokol imzalanıb. Bu Protokol Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07.08.2017-ci il tarixli Fərmanı ilə təsdiq olunub.

Qeyd edək ki, 2020-ci ilin iyununda Ermənistan-Azərbaycan sərhədində qarşıdurmalarla əlaqədar GUAM Parlament Assambleyası bəyanat yayıb. Bəyanatda bildirilir ki, iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərini mütəmadi olaraq atəşə tutur, mövqelərimizi ələ keçirməyə cəhd göstərir. Bəyanatda qeyd edilir ki, bu aqressiya nəticəsində dinc əhali və hərbçilər arasında ölən və yaralananlar var. Azərbaycan bu təcavüzün dünya birliyinə çatdırılması tədbirləri çərçivəsində sədrlik etdiyi GUAM Parlamentinin növbədənkənar Büro iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bəyanatda vurğulanır ki, biz Ermənistan Respublikası rəhbərliyini gələcək eskalasiyanın qarşısını almaq üçün dərhal Azərbaycan ilə sərhəddə bütün hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejimini bərpa etməyə və gərginliyi artıran hər hansı addımlardan çəkinməyə, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü kimi beynəlxalq norma və prinsiplərə müvafiq olaraq münaqişənin dərhal həlli ilə əlaqədar öhdəliklərini icra etməyə çağırırıq. Bundan başqa GUAM Parlament Assambleyası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə və Tərtər rayonlarının raket atəşinə tutulmasını pisləyən bəyanat verib. Bəyanatda qeyd olunur ki, Ermənistanın oktyabrın 27-28-də Azərbaycanın Bərdə və Tərtər rayonlarında mülki infrastrukturu raket atəşinə tutmasını qınayırıq. Bu hücumlar cəbhə bölgəsindən uzaqda yerləşən ərazilərdə çox sayda dinc insanın həlak olmasına və yaralanmasına səbəb olub. Onların arasında uşaq, qadın və yaşlı insanlar var. Çox sayda mülki obyekt dağıdılıb. Ermənistan dinc əhaliyə qarşı istifadə etdiyi ballistik raketlər və kasetli bombalar beynəlxalq hüquq tərəfindən qadağan olunub. Bu bəyanatla biz Ermənistan silahlı qüvvələrinin belə cinayət əməllərini pisləyirik və beynəlxalq ictimaiyyət Ermənistanı Azərbaycana qarşı müharibə cinayəti törətməsinin qarşısını almalıdır.

Bu il fevral ayının 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib. GUAM Parlament Assambleyasına sədrlik edən Azərbaycan nümayəndə heyətinin rəhbərliyi təşkilata üzv ölkələrə Ermənistan-Azərbaycan təmas xəttində Ermənistanın təxribatı nəticəsində baş verən gərginliklə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərinə görə öz təşəkkürünü bildirib. Vurğulandı ki, GUAM ölkələri Parlamentləri arasında sıx əlaqələr bundan sonra da davam etdiriləcək və möhkəmləndiriləcəkdir. Bu gün əsas diqqət GUAM-ın regional əhəmiyyətinin daha da möhkəmləndirilməsinə və ona beynəlxalq dəstəyin gücləndirilməsinə, üzv dövlətlərin ümumi maraqlarının həmrəyliyinə və Təşkilat daxilində əməkdaşlıq sisteminin inkişaf etdirilməsinə yönəlmişdir.

Əli SADIQOV,

“Respublika”.