İqtisadi gücün və siyasi iradənin yaratdığı reallıqlar
Siyasət

İqtisadi gücün və siyasi iradənin yaratdığı reallıqlar

Ölkəmizdə qurulan müasir  nəqliyyat infrastrukturu da bunu təsdiq edir

Ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılır.  Hava,  dəniz,  dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir.  İşğaldan azad edilmiş ərazilərdə tikilən hava limanları Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyasından əlavə ölkəmizin hava nəqliyyatı ilə yükdaşımalardakı rolunu da artıracaq. Artıq istifadəyə verilən və tikilməkdə olan hava limanları Qarabağ iqtisadiyyatının region bazarları üzrə şaxələnməsinə xüsusi töhfə verəcək.

Uzunillik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti ölkə Prezidenti İlham Əliyevin göstərişi və tapşırığı sayəsində mümkün olub.  Hazırda iki beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca ücüncü olan Laçın Beynəlxalq Hava Limanının təməli Prezident İlham Əliyev və  xanımı Mehriban Əliyevanın iştirakı ilə 2021-ci il avqustun 17-də qoyulub.  Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. “Laçın rayonunda yeni hava limanı inşa edilir.  Bu hava limanının tikintisinin ən çətin tərəfi Laçın rayonunda və Kəlbəcər rayonunda düz yerin olmamasıdır”.  Bunu Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı deyib.  Ölkə başçısı  bildirib ki,  ona görə biz dağları yarırıq,  dağları kəsirik ki,  zolaq üçün uyğun şərait yaradılsın.  Ona görə bu torpaq işləri hələ gələn il də davam edəcək.  2025-ci ildə Laçın Beynəlxalq Hava Limanının açılışı olacaq. Bu gün Laçın şəhərində,  şəhərin mərkəzində,  mərkəzi küçədə ölkə başçısının ucaltdığı Azərbaycan bayrağı burada əbədi dalğalanacaqdır.

Xatırladaq ki,  2021-ci ilin yanvarında Azərbaycan Prezidenti Kəlbəcər və  Laçın rayonlarında hava limanının tikintisi üçün ərazinin axtarışına başlamaq barədə göstəriş verib.   Hava limanları adətən düzən ərazidə inşa edilir.  Bu ərazilərin relyefi çətin olduğundan münasib yerin tapılması xeyli vaxt aparıb.  Nəticədə Laçın rayonunun Qorçu kəndinin yaxınlığında torpaq işlərindən sonra hava limanının tikintisinin mümkün olacağı ərazi seçilib.  Laçında  hava limanının inşası üçün seçilən Qorçu kəndinin üstünlüyü ondadır ki,  kənddən Laçın şəhərinə qədər olan məsafə 30 kilometrdən, Kəlbəcər şəhərinə isə 60 kilometrdən bir qədər artıqdır.  Şuşa şəhərinə olan məsafə isə 70 kilometrə yaxındır.

Beləliklə,  gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli,  həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.  Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr,  eni 60 metr,  perron sahəsi 50 min kvadratmetr nəzərdə tutulur.  Terminalın sahəsi isə 5 min kvadratmetrdir.  Hava limanından saatda 200 sərnişinə beynəlxalq standartlara uyğun xidmət göstəriləcək.  Burada hava hərəkətinin idarə edilməsi qülləsi,  transformator otağı,  su çəni,  qazanxana,  nəzarət-buraxılış məntəqəsi və digər yardımçı tikililərin layihələndirmə işləri həyata keçirilib.  Gələcəkdə beynəlxalq uçuşların icrası üçün tam şərait yaradılacaq.  Hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.  Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.  Laçın rayonunda hava limanının tikintisi həm rayonun turizm potensialından istifadə etməyə imkan verəcək,  həm də Laçın-Kəlbəcər avtomobil yolu şəbəkəsinin müasirləşdirilməsinə şərait yaradacaq.  Laçın rayonundakı hava limanı təkcə hərbi-strateji deyil,  həm də iqtisadi üstünlüklərə malik olacaq.  Hava limanının rentabelliyi üçün rayona çoxlu sayda turistin gəlməsinə şərait yaradılacaq.

Qeyd edək ki,  hazırda Azərbaycanın 6 beynəlxalq hava limanı var.  Onlar Bakı,  Gəncə,  Lənkəran,  Naxçıvan,  Zaqatala və Füzulidə yerləşir.  Füzuli hava limanının rəsmi açılışı 2021-ci il oktyabrın 26-da olub.  Füzuli rayonunda beynəlxalq hava limanının inşa edilməsi həm rayonun,  həm də Qarabağın və Şərqi Zəngəzurun perspektiv inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.  Ona görə də,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Qarabağın hava qapısının -- Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi tarixi hadisəyə çevrildi.  

Zəngilan Beynəlxalq Hava Limanının asfalt-beton örtüklü uçuş-enmə zolağının uzunluğu 3 min metr,  eni 60 metr təşkil edir.  Bu hava limanı bütün növ təyyarələri,  o cümlədən geniş gövdəli ağır yük təyyarələrini qəbul edəcək.  Perronun sahəsi 60 min kvadratmetrdir.  Hava limanı ICAO və IATA standartlarına uyğun uçuşların həyata keçirilməsinə imkan verəcək.  Müasir dünya tələblərinə cavab verən beynəlxalq aeroportun terminalı saatda 200 sərnişinə xidmət göstərmək imkanına malikdir.  Uzunluğu təxminən 10 kilometr olan 35 kilovoltluq ikidövrəli elektrik kabel xətti çəkilib.  230 metr dərinlikdə artezian quyusu qazılaraq su çıxarılıb.  Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir.  Bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından da strateji əhəmiyyət kəsb edir.  Zəngilanda beynəlxalq hava limanının inşası 2021-ci ilin yazında başlamışdır.  Cari il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Beynəlxalq Hava Limanının  açılış mərasimində iştirak etmişlər.  Qısa zamanda görülən işləri yüksək qiymətləndirən Türkiyə Prezidenti “İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil”-- deyə vurğulamışdı.  Bununla da --,  işğaldan azad olunmuş ərazilərdə üç beynəlxalq hava limanı tikməklə Azərbaycan ölkə üzrə hava limanlarının sayını doqquza çatdırmış olur.

Mustafa KAMAL,

“Respublika”.