Birinci Qarabağ savaşında igid, mətin oğullarımız daşnaklara sarsıdıcı zərbələr endirmiş, Vətən torpağının hər qarışını göz bəbəyi kimi qorumuşlar. Ölkəmizin ərazi bütövlüyünün qorunmasında İqor Makayevin xidmətləri Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmışdır.
İqor Vladimiroviç Makayev 27 oktyabr 1971-ci ildə Gəncə şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. Uşaqlıq illərində tez-tez sinif yoldaşları ilə Göygölə gəzintiyə çıxar, təbiətin romantik mənzərələrini seyr edər, yalçın qayalara, qıy vuran qartallara həvəslə baxar, sıx meşəlikləri qarış-qarış gəzərdi.
İqor 1987-ci ildə Mir Cəlal adına Kəpəz rayon 39 saylı məktəbin birinci sinfinə getmiş, məktəbin səkkizinci sinfini bitirdikdən sonra 8 saylı texniki-peşə məktəbində avtomobil çilingəri peşəsinə yiyələnmiş, 1990-cı ilin noyabrında hərbi xidmətə getmişdir. İqor Bakıda desant qoşunları hissəsində xidmət keçmiş, sonra o, Rusiya Federasiyasının Rostov vilayətinə göndərilmiş, Rostovda 6 ay çavuş məktəbində təhsil almışdır.
1990-cı ilin əvvəllərində erməni daşnakları Vətənimizin gülüstan çöllərini, kənd və qəsəbələrini güllə yağışına tutanda, İqor heç cür rahatlıq tapa bilmədi. O, hərbi təhsilini yarımçıq qoyub hər qarışında ayaq izləri olan Gəncə şəhərinə qayıtdı.
O, heç kəsə bir söz demədən Daxili İşlər Nazirliyinin qoşun hissələrindən birinə yazıldı. Elə həmin gündən də həyatını cəbhəyə bağladı. İqor çox mərd, cəsur döyüşçü idi. Tez bir zamanda bütün silahlardan istifadə etməyi öyrəndi. Çox keçmədən onu taqım komandirinin müavini vəzifəsinə təyin etdilər.
...1992-ci il iyunun 5-i. Səhər saat 6-da erməni quldurları Naxçıvanik kəndində qəflətən hücuma keçdilər. İqorun qoruduğu post kənd qəbiristanlığının yaxınlığında yerləşirdi. Ermənilər xeyli canlı qüvvə ilə hücuma keçmişdilər. Şiddətli döyüş bir saata yaxın davam etdi. Əsgərlərimizin 7-8 nəfəri yaralandı. Döyüşçülərimiz hücuma keçərək kəndi geri aldılar.
Ağdam və Tərtər döyüşlərindən sonra Ağdərədə düşmənin geri oturdulması üçün çoxlu qüvvə lazım idi. Bu zaman Ağdamda yerləşən hərbi hissədən Ağdərə bölgəsinə köməyə bir dəstə göndərildi. İqor da həmin dəstədə idi. Ağdərə uğrunda gedən döyüşlərdə İqor mərdliklə döyüşürdü.
2 avqust 1992-ci il. Son döyüş... "Vışka" yüksəkliyi alınmalı idi. Mənfur düşmən isə çox güclü idi. İqor döyüşçü yoldaşı ilə birlikdə pulemyotla ön cərgədə idi, düşmənə öz gücünü göstərirdi. O, 28 nəfərin mühasirədən çıxmasına kömək edərək onların həyatını xilas etdi. Lakin bu ağır döyüşlərdə İqor Vladimiroviç qəhrəmancasına həlak oldu. Son mənzili Gəncə şəhərindəki Şəhidlər xiyabanı oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə Makayev İqor Vladimiroviçə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.
Qəhrəman döyüşçünün adı əbədiləşdirilmiş, Gəncənin Sadıllı qəsəbəsində adına küçə verilmişdir.
Qədir ASLAN,
"Respublika".