İpoteka kreditlərində imtiyazlı vətəndaşlara güzəştlər
Sosial həyat

İpoteka kreditlərində imtiyazlı vətəndaşlara güzəştlər

Azərbaycan Respublikasında əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətinin real tələblərə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədilə “Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 16 sentyabr tarixli Fərmanına uyğun olaraq Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondu yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli Fərmanına əsasən, Azərbaycan Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus “Azərbaycan İpoteka Fondu” ASC yaradılıb və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanı ilə Cəmiyyətin Nizamnaməsi təsdiq edilib. Daha sonra ölkə başçısının 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin və “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” ASC-nin birləşmə formasında “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

“İpoteka və Kredit Zəmanət Fondu” satmaq öhdəliyi ilə mexanizmi üzrə mənzillərin rəsmiləşdirilməsi və təhvil prosesini davam etdirir. Ötən müddət ərzində Fondun razılıq barədə qərarını əldə edən 397 vətəndaş artıq mənzil seçimini edib və onlardan 381-i satmaq öhdəliyi ilə kirayə müqaviləsinin rəsmiləşdirilməsi başa çatdırılıb.

Qeyd edək ki, Fondun balansında Bakı, Sumqayıt və Xırdalan şəhərləri üzrə 8 fərqli ünvanda vətəndaşların mənzil ehtiyaclarına uyğun 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər mövcuddur. Vətəndaşların tələbi nəzərə alınaraq Fond tərəfindən Sumqayıt şəhərində satmaq öhdəliyi ilə təklif edilən yaşayış sahəsinin siyahısı bir qədər də genişləndirilib. Belə ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Bağça Şəhər” yaşayış kompleksi üzrə siyahıya əlavə 80 mənzil daxil edilib.

İpoteka adətən ev almaq üçün kredit kimi qəbul edilir. Bu halda girova - bankın verdiyi pulla alınan mənzil (ev) götürülür. Bu ipotekanın müxtəlif növlərindən yalnız biri ən çox istifadə olunur. Azərbaycanda ipoteka dedikdə, bir qayda olaraq, bu növ ipoteka krediti nəzərdə tutulur. İpoteka krediti bir və iki müqavilə ilə rəsmiləşdirilir.

İpoteka Kreditləri üzrə şəhid ailəsinin üzvü, Azərbaycan Respublikasının Vətən müharibəsinin Qəhrəmanı və Azərbaycan Respublikasının Milli Qəhrəmanın ailə üzvləri, məcburi köçkün və ona bərabər tutulan şəxs, ən azı 3 il dövlət qulluğunda xidmət edən, fəlsəfə doktoru elmi dərəcəsi olan, idman sahəsində xüsusi xidmətləri olan, ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları, ən az 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs, 15 il dövlət ümumi təhsil müəssisəsində müəllim işləyən və s. bu kimi insanlara güzəştlərdən istifadə etmək hüququ verilir.

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün davam edən və müzəffər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Vətən müharibəsində Ermənistana məxsus hərbi qüvvələrinin yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi atəşə tutması nəticəsində mülki şəxslər və hərbi qulluqçular arasında ölən və yaralananlar olub. Şəhid olanlar arasında “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu”nun vəsaiti hesabına ipoteka krediti alan vətəndaşlarımızın da adları var idi.

Qeyd edək ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin təqdim etdiyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısına əsasən, 68 şəhidin qalıq məbləği 3,3 milyon manat olan 70 ipoteka krediti üzrə öhdəliyi olub. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikası İpoteka və Zəmanət Fondu”nun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın tələbinə uyğun olaraq, həmin kredit borclarının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından həyat sığortası şirkətləri tərəfindən sığortalanıb. Bu günə həmin kreditlərin hamısı üzrə kredit öhdəlikləri müvafiq sığortaçılar tərəfindən tam olaraq bağlanılıb.

Kamil İSMAYILOV,

“Respublika”.