İordaniyalı jurnalist Qarabağa səfəri ilə bağlı təəssüratlarını bölüşüb
Digər xəbərlər

İordaniyalı jurnalist Qarabağa səfəri ilə bağlı təəssüratlarını bölüşüb

Azərbaycanda səfərdə olan iordaniyalı jurnalist Ayman Əl-Fariz "Əl Ğad" nəşrində dərc olunmuş məqaləsində Qarabağda ermənilərin törətdikləri cinayətlər barədə məlumat verib və azad edilmiş ərazilərdə aparılan quruculuq işləri ilə bağlı təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, məqalədə İkinci Qarabağ müharibəsində Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində mülki şəxslərin, o cümlədən uşaqların həlak olması barədə məlumat verilib. Müəllif qeyd edib ki, hazırda Azərbaycan məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün minalanmış əraziləri təmizləyir. BMT-nin ekspertləri də işğaldan azad olunmuş ərazilərdə 1 milyondan çox mina olduğunu təsdiqləyib. Prezident İlham Əliyev Ermənistanın təqdim etdiyi minalanmış ərazilərin xəritələrinin yalnız 25 faizinin doğru olduğunu vurğulayıb. Bu minaların partlaması nəticəsində 250-dən artıq insan həlak olub, çoxlu sayda hərbçi və mülki şəxs yaralanıb.

İordaniya, Türkiyə, Xorvatiya, Monteneqro və Serbiyadan olan jurnalistlərin işğaldan azad olunmuş torpaqlarda davam edən yenidənqurma işləri ilə tanış olduqlarını diqqətə çatdıran müəllif qeyd edib ki, dağıdılmış qəsəbə və kəndlərin əvvəlkindən də gözəl olması, infrastruktur obyektlərinin, o cümlədən yolların inşası Azərbaycan hökuməti üçün prioritet məsələlərdir.

Məqalədə Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada aparılan quruculuq işləri barədə ətraflı məlumat verilib, yerli icra nümayəndələri və sakinlərin fikirləri yer alıb.

AZƏRTAC