İordaniya mediasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı məqalələr dərc edilib
Digər xəbərlər

İordaniya mediasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı məqalələr dərc edilib

İordaniyanın "Əl Ənbat" qəzetində və "Nayrouz" agentliyinin saytında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 31-ci ildönümü ilə bağlı məqalələr dərc edilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin İordaniyadakı səfiri Eldar Səlimov və iraqlı publisist, İraq-Azərbaycan Dostluq Assosiasiyasının sədri Motaz Muhi Əbdülhəmidin müəllifləri olduğu məqalələrdə 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasına dair mühüm sənədin qəbulu, suveren Azərbaycan Respublikasının 1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin varisi olması barədə məlumat verilib.

Yazılarda müstəqillik illərində Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, xüsusən Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından azad edilməsindən bəhs olunub. İordaniyalı oxucuların diqqətinə çatdırılıb ki, böyük beynəlxalq nüfuza malik olan Azərbaycan iqtisadi qüdrəti və zəngin ehtiyatları ilə bu ərazilərdə geniş quruculuq işləri aparır, Qarabağı tezliklə gözəl diyara və beynəlxalq turizm mərkəzinə çevirməyi hədəfləyir. Bu məqsədlə rəsmi Bakı tezliklə sülh müqaviləsinin imzalanması, regional əməkdaşlığın inkişafı, nəqliyyat dəhlizlərinin açılması təşəbbüsləri ilə çıxış edir.

Motaz Muhi Əbdülhəmidin məqaləsində ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərinə həsr olunmuş "Heydər Əliyev müasir Azərbaycanın qurucusudur" yarımsərlövhə ayrılıb. Bu bölmədə vurğulanıb ki, Azərbaycan Respublikasının 90-cı illərin əvvəlindəki çox mürəkkəb geosiyasi vəziyyətdə öz suverenliyini qoruması və ağır böhrandan tərəqqi yoluna qədəm qoyması dahi siyasətçinin müdrikliyi sayəsində mümkün olub.

AZƏRTAC