İntensiv bağçılığın inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri
İQTİSADİYYAT

İntensiv bağçılığın inkişafında ulu öndər Heydər Əliyevin mühüm xidmətləri

Ötən əsrin 70-ci illərinə qədər respublikamızda kənd təsərrüfatı geridə qalmış bir sahə idi. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsindən sonra xalq təsərrüfatının bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da əsaslı dönüş yaranmağa başladı. Respublikanın kənd təsərrüfatında yaranmış böhranlı vəziyyəti təhlil etmək və çıxış yolu tapmaq məqsədilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1969-cu ilin avqust ayında MK-nın ayrıca plenumu çağırılmış, həmin iclasda aqrar sənaye kompleksinin bütün sahələrinin geridə qalma səbəbləri, həmçinin potensial imkanları araşdırılmış, elmi əsaslı perspektiv inkişaf yolları müəyyənləşdirilmişdir. Ulu öndər respublikada məhsul bolluğunun yaradılmasını, ümumdaxili məhsulun artırılmasını, bütün xalq təsərrüfatı sahələrinin, eləcə də kənd təsərrüfatının yeni, daha səmərəli texnologiya və elmi əsaslarla təşkil olunmasında görürdü. Müdrik, uzaqgörən siyasətçi Heydər Əliyev bu problemin aktuallığı və zəruriliyi barədə İttifaq rəhbərliyi qarşısında hərtərəfli əsaslandırılmış məsələ qaldırdı.

Onun müraciəti müsbət qarşılanaraq Sov.İKP MK və SSRİ Nazirlər Soveti 1975-ci ilin iyul ayında "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" qərar qəbul etdi. SSRİ kimi nəhəng bir ölkə rəhbərliyinin 15 müttəfiq respublika arasında Azərbaycanın aqrar sənaye kompleksinin inkişafına dair mühüm qərarın qəbul edilməsi o dövr üçün çox böyük siyasi-iqtisadi hadisə idi.

Bu mühüm qərardan sonra respublikamızda həm də meyvəçiliyin inkişafı üçün geniş imkanlar açıldı. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin sədrliyi ilə keçən 1975-ci il noyabr plenumunda respublikamızda meyvəçiliyin intensiv yolla inkişaf etdirilməsi, mövcud bağların məhsuldarlığının yüksəldilməsi və yeni intensiv tipli bağların salınması kimi mühüm vəzifələr qoyuldu.

Bunun davamı olaraq 1976-cı ildə "Respublikada meyvəçiliyin instensivləşdirilməsi və ixtisaslaşdırılması əsasında daha da inkişaf etdirmək tədbirləri haqqında" Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin qərarı qəbul olundu. Həmin qərara uyğun olaraq meyvəçiliyin idarə olunma formaları təkmilləşdirilərək bağçılıq sənaye təməli üzərinə keçirilməyə başlandı və həmin ildən başlayaraq Quba-Xaçmaz, Şəki-Zaqatala bölgələrində intensiv tipli meyvə bağlarının salınmasına start verildi. 1976-cı ildə təkcə Quba rayonunda 10 min hektar intensiv tipli meyvə bağı salındı. Həmin bağların salınması üçün sahələrə borularla yeraltı suvarma sistemləri çəkildi.

Yeni bağların məhsuldarlığı 1985-1990-cı illərdə hektardan 500-600 sentnerə çatdı. Nəticədə 1983-cü ildə bağlar diyarı Qubada 100 min ton meyvə istehsal olundu. Bu rəqəm həmin dövr üçün rayonun tarixində rekord göstərici idi. Onu da qeyd edək ki, sonralar ulu öndər Moskvada yüksək dövlət vəzifəsində işlədiyi zaman Qubaya səfər etmiş, respublikamıza rəhbərlik etdiyi dövrdə salınan instensiv meyvə bağlarının vəziyyəti ilə yerindəcə tanış olmuşdur.

Bu gün respublikamızda meyvəçilik aqrar iqtisadiyyatın çox önəmli sahəsi olmaqla innovativ texnologiyalara əsaslanır. Yeni yaradılan bağçılıq təsərrüfatlarında daha çox intensiv, superintensiv, hətta ultraintensiv bağların salınmasına üstünlük verilir.

Azərbaycanda meyvəçiliyin intensivləşdirilməsində Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xidmətlərini xüsusi qeyd etmək lazımdır. Son illər elm ocağında bu sahədə xeyli iş görülmüş, istehsalatda innovativ texnologiyalar tətbiq olunmuş, yeni-yeni layihələrə start verilmişdir. İnstitut meyvəçilik, tingçilik və kadrların hazırlanması sahəsində xarici ölklərlə elmi əməkdaşlıq əlaqələri qurmuş, bu iş müvəffəqiyyətlə davam etdirilir. Türkiyə, Rusiya, Belarus, İspaniya, İtaliya, Fransa, İngiltərənin Elmi-Tədqiqat Kənd Təsərrüfatı institutları, akademiyaları, habelə bu sahədə yüksək təcrübəyə malik nüfuzlu şirkətlərlə əməkdaşlıq edərək yeni texnologiyaları meyvçiliyə gətirməyə çalışmışdır. Bu gün söhbət ən yeni texnologiyaların tətbiq olunduğu, yüksək məhsuldarlığa malik intensiv bağlardan gedir. Müqayisə üçün deyək ki, adi intensiv tipli bağların hər hektarında 667 ədəd ağac əkilirdisə, superintensiv tipli bağların hər hektarında 1800-4000 ədəd ağac, ultraintensiv tipli bağların hər hektarında 5-10 min ədəd ağac əkilir. Bu bağlarda sahə vahidindən 40-80 ton və daha çox keyfiyyətli məhsul əldə edilir.

Bağçılığın intensiv surətdə inkişaf etdirilməsi sahəsində tərəfimizdən həyata keçirilən tədbirlərdən biri 2003-2007-ci illərdə Fransanın Luaret Kənd Təsərrüfatı Palatası ilə birgə həyata keçirilmiş "Frazer" (Fransa-Azərbaycan) layihəsidir. Layihə çərçivəsində respublikamıza yeni mütərəqqi bağsalma və suvarma texnologiyaları, müasir bazar tələblərinə cavab verən meyvə sortları və vegetativ calaqaltıları gətirilmişdir. Bu texnologiya və sortlar üzrə respublikamızda salınmış meyvə bağlarının ümumi sahəsi hazırda 3 min hektardan çoxdur. Azərbaycan Respublikası Statistika Komitəsinin verdiyi məlumata əsasən, son 10 ildə respublikamızda meyvə və giləmeyvə bitkilərinin əkin sahələri 53,7 faiz artmışdır. Hazırda respublikamızda meyvə bağlarının ümumi sahəsi 240 min hektardan çoxdur.

Ötən ildən başlayaraq Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən superintensiv meyvə bağı layihəsi həyata keçirilmiş və "Ağıllı bağ" yaradılmışdır. İnstitutun Zərdabi elmi təcrübə bazasında 15 hektar sahədə əkilmiş "Ağıllı bağ"da müasir meyvəçilikdə tətbiqinə başlanılmış bir sıra intellektual komponentlər öz əksini tapmışdır. "Ağıllı bağ" layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılmış, burada kompüter idarəetməsi tətbiq olunur. Bu bağda aqrotexniki qulluq işləri telefon və ya kompüter vasitəsilə uzaqdan idarə olunur. Qarışıq meyvə bağında alma, armud, heyva, şaftalı və gilas olmaqla, müxtəlif növ meyvə ağacları becərilir. Bağda avtomatlaşdırılmış suvarma və gübrələmə sistemləri quraşdırılıb. Ən böyük yeniliklərdən biri də odur ki, su mənbəyi üçün qazılan subartezian quyusu Günəş panellərindən alınmış elektrik enerjisi ilə çalışır. "Ağıllı bağ"da Günəş, dolu və şaxtaya qarşı örtük sistemi də yaradılır. Bununla da məhsul itkisinin qarşısı alınacaq. Layihəni həyata keçirməklə məhsuldarlığı 25 faiz artıra biləcəyik.

İnstitutumuzda həyata keçirilən daha bir layihə qərzəkli meyvə bitkilərinin əkilib-becərilməsi ilə bağlıdır. Layihə İtaliyanın "Ferrero" şirkəti ilə birgə həyata keçirilir. Burada məqsəd qərzəkli meyvə bitkilərindən biri olan fındıq bağlarının alınmasında qərb texnologiyası, daha doğrusu italyan texnologiyasının istehsalata tətbiqindən ibarətdir. Tətbiq ediləcək texnologiya fındıqçılıqda ənənəvi əkin üsulunun daha müasir təkgövdəli əkin üsulu ilə əvəzlənməsidir. Ənənəvi üsul üzrə fındıq bağlarının salınmasında əsasən 8x8 metr əkin sxemindən istifadə edilməklə, 1 hektar sahədə 156 ədəd fındıq kolu olur. Belə bağlarda ilkin məhsuldüşmə 6-ci ildən başlayır, tam məhsuldarlıq isə 16-cı ildən olmaqla hektarda məhsuldarlıq 1,5 ton təşkil edir. Bu üsulla mövcud fındıq bağlarında bir kolda gövdələrin sayı 15-20 ədəd arasında dəyişir. Yaxşı olardı ki, belə bağlarda məhsuldar gövdələrin sayı 4-5 ədəd arasında saxlanılmaqla, digər gövdələr tamamilə ləğv edilsin. İtalyan texnologiyası üzrə fındıq bağları 5x4 metr əkin sxemində əkilməklə, bir hektarda ağacların sayı 500 ədəd təşkil edir. Bu tip bağlarda ağacların məhsula düşməsi tezləşir və 4-cü ildən ağaclar məhsul verməyə başlayır. Tam məhsula düşmə isə 9-cu ildə olmaqla hektardan məhsuldarlıq 2.5 ton təşkil edir. 18 illik məhsul istehsalı göstəricilərini müqayisə etdikdə aydın şəkildə görmək olar ki, ənənəvi üsulda cəmi 10,53 ton, yeni texnologiya əsasında isə 29,15 ton məhsul əldə edilir. Bu texnologiya üzrə fındıq bağlarının salınmasında yeni introduksiya olunmuş İtaliya mənşəli Çifoni, Romano və Nokiyano sortları ilə yanaşı, yerli ata-baba fındıq sortundan da istifadə olunur.

Qeyd edim ki, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda italyan texnologiyası üzrə fındıq bağlarının salınmasına artıq start verilmişdir. "Ferrero" şirkəti ilə bağlanılmış müqavilə əsasında ölkəmizə 3 min ədəd Çifoni, Romano və Nokiyano fındıq sortlarının köklü əkin materialı (tingi) introduksiya edilərək yerli ata-baba sortu ilə birlikdə italyan texnologiyası əsasında cəmi 9 hektar sahədə modern fındıq bağları salınmışdır. Salınmış 9 hektar bağ sahəsinin 5 hektarı Xaçmaz rayonunda - özəl torpaq sahələrində, 2 hektarı Quba rayonunda, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Zərdabi adına elmi təcrübə bazasında və 2 hektarı isə Qəbələ rayonunda, institutun Qəbələ Dayaq Məntəqəsində yerləşir.

Bəli, ötən əsrin 70-ci illərində ulu öndərin təşəbbüsü və göstərişləri əsasında əsası qoyulan intensiv bağçılıq dinamik inkişaf edir. Meyvəçilikdə yeni texnologiyaların tətbiqi ildən-ilə genişlənir. Daha az torpaqdan daha çox məhsul əldə etmək bu gün meyvəçilərimizin əsas hədəfidir.

İlham QARAQURBANLI,

Kənd Təsərrüfatı Nazirliyinin

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat

İnstitutunun direktoru.