İntellektual və elmi potensialın gücləndirilməsində milli təhsilin inkişafı mühüm rol oynayır
Elm və təhsil

İntellektual və elmi potensialın gücləndirilməsində milli təhsilin inkişafı mühüm rol oynayır

Ölkəmizdə dinamik inkişafın sürətləndirilməsinə, cəmiyyət həyatının bütün sahələrində mütərəqqi islahatların aparılmasına etibarlı təminat yaradan ölkə başçısı İlham Əliyev milli dövlət quruculuğu strategiyasında təhsil siyasətinə də dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşaraq ulu öndərin bu sahədə müəyyənləşdirdiyi strateji xətti uğurla davam etdirir. Belə ki, beynəlxalq təhsil sisteminə inteqrasiya edən Azərbaycanın təhsil sektorunda elmi əsaslara söykənən genişmiqyaslı islahatların aparılması dövlətin bu sahəyə xüsusi diqqət və qayğısını göstərir. İstər ali təhsil müəssisələrində, istərsə də orta məktəblərdə gənc nəslin yüksək təhsil alması, onların dünyagörüşünün formalaşması, Azərbaycanda təhsil siyasətinin inkişafı və bu inkişaf prosesinin dünya təhsil sisteminə inteqrasiyası uğurla həyata keçirilir.

Avropa təhsil sisteminə inteqrasiyası  ümumilikdə milli təhsilimizin forma və məzmunca zənginləşməsində yeni təlim texnologiyalarının tətbiqinə geniş imkanlar yaradır. Bu, milli təhsil sistemimizin strukturunda, dərs vəsaitlərində, baza təhsil və fənn proqramlarında, tədris planlarında, tədrisin təşkili və idarə olunmasında, müəllim-şagird kontingentinin yaradılmasında, təhsil idarəetmə orqanlarının və tədris müəssisələri strukturlarının təşkilindəki islahatlarda öz əksini tapmışdır.

"İqtisadi inkişaf sürətinə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Biz bu maddi dəyərləri, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir və beləliklə, ölkənin intellektual potensialı da möhkəmlənir. Bu gün vaxt gəlibdir ki, biz məhz bu sahəyə sərmayə qoyaq" -deyən Prezident İlham Əliyev ölkəyə rəhbərliyinin ilk illərindən genişmiqyaslı sosial-iqtisadi dəyişikliklərin aparılmasını tələb edən təhsil islahatlarını davamlı olaraq həyata keçirir. Ölkə başçısının sərəncamları əsasında təhsilin normativ-hüquqi bazası möhkəmləndirilir, qabaqcıl texnologiyalara əsaslanan müasir təhsil sistemi yaradılır.

Təhsil müəssisələrinin müasir informasiya və elmi-metodiki təminatı, təhsil infrastrukturunun yenilənməsi, dərsliklə təminatın yaxşılaşdırılması, ucqar kənd məktəblərinin pedaqoji kadr təminatı, məktəbəqədər və peşə təhsili xidmətlərinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Dövlət proqramları qəbul edilmiş, layihələr həyata keçirilmişdir. Həyata keçirilən Dövlət proqramları çərçivəsində təhsil təyinatlı yeni binalar inşa edilmiş, ümumi təhsil müəssisələrinin binaları əsaslı təmir olunmuşdur. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənmiş, bütövlükdə təhsilin infrastrukturu müasirləşmişdir. Bir sözlə, ölkənin modernləşməsi üçün zəruri olan insan kapitalını inkişaf etdirmək və milli təhsil sisteminin beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək istiqamətində bütün zəruri tədbirlər görülmüş, ölkə başçısının "Təbii sərvətlər tükənən dəyərlərdir, ancaq təhsil, bilik, elm əbədi, hər bir ölkənin gücləndirilməsinə töhfə verən amildir" - fikrini rəhbər tutaraq milli təhsilimizin dayanıqlı inkişafı istiqamətində vacib islahatlar həyata keçirilmişdir.

"Təhsil dövlət siyasətində ən vacib, ən önəmli bir istiqamətdir. Artıq bu gün hamı üçün aydındır ki, hər bir dövlətin ən böyük sərvəti onun intellektual potensialıdır" deyən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə onlarla təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilmişdir. Fondun uğurla icra olunan layihələrindən biri "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramıdır. 2005-ci ildən həyata keçirilən layihənin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Respublikamızda ölkə rəhbərinin diqqət və qayğısı, Heydər Əliyev Fondunun təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturu əsaslı şəkildə yenilənərək müasirləşdirilir. 2003-2020-ci illər ərzində 3200-dən çox məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir ki, bu da bir milyondan çox şagirdin təlim şəraitinin əsaslı şəkildə yaxşılaşdırılmasına səbəb olmuşdur.

Yeni tikilən məktəblərin əksəriyyətinin açılışında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı isə bir daha ölkəmizdə təhsilin inkişafının hər zaman diqqət mərkəzində olmasını sübut edir. May ayının 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin açılışında iştirak etmişlər.

Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən həyata keçirilən "Yeniləşən Azərbaycana - yeni məktəb" layihəsi çərçivəsində tikilib istifadəyə verilən 960 yerlik 304 nömrəli məktəb də təhsil sahəsində reallaşdırılan layihələrin davamıdır.

Ölkədə təhsilin infrastrukturunun yenilənməsi, yeni və ən müasir təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, ən ucqar kəndlərdə belə müasir tələblərə cavab verən məktəb binalarının inşası gələcəyə hesablanmış məqsədyönlü siyasətin əsasını təşkil edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür, milli təhsil sahəsində dinamik inkişaf tempi müşahidə olunur. Dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilən təhsil sahəsinin inkişafı istiqamətində reallaşdırılan layihələr uğurla həyata keçirilir və əhəmiyyətli nailiyyətlər əldə edilir. İnformasiya cəmiyyətinin formalaşdığı, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkül tapdığı müasir dövrümüzdə ölkənin rəqabətqabiliyyətliliyinin təmin olunmasında, intellektual və elmi potensialının gücləndirilməsində milli təhsilin inkişafı mühüm rol oynayır. Azərbaycan dövlətinin məqsədyönlü siyasətinin əsas istiqamətlərindən biri olan təhsilin inkişaf etdirilməsində də əsas məqsəd milli təhsilin məzmununun təkmilləşdirilməsidir.

Mehparə ƏLİYEVA,

"Respublika".