İnsanların sağlamlığını qoruyub saxlamaq əsas hədəfimizdir
Səhiyyə

İnsanların sağlamlığını qoruyub saxlamaq əsas hədəfimizdir

Ölkəmizdə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunub saxlanılması prioritet istiqamətlərdəndir. Son on ildə Azərbaycan səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları istiqamətində təqdirəlayiq işlər görülmüşdür. Səhiyyə sahəsində aparılan islahatlar insanların sağlamlığının qorunub saxlanılmasında mühüm rol oynayır.

Prezident cənab İlham Əliyevin qayğı və diqqəti sayəsində bir neçə il öncə Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikası istifadəyə verilmiş, çoxmərtəbəli binada xəstələrin müayinə və müalicəsi üçün geniş imkanlar yaradılmış, həmçinin ayrı-ayrı şöbələr dünya standartlarına cavab verən müasir avadanlıqlarla təchiz olunmuşdur.

Hər gün istər paytaxtdan, istərsə də regionlardan tədris cərrahiyyə klinikasının endoskopiya şöbəsinə onlarla xəstələr gəlir. Biz çalışırıq ki, onların hər birinə nümunəvi tibbi xidmət göstərilsin, müayinə və müalicə müasir tələblər səviyyəsində həyata keçirilsin, fəaliyyətimiz insanları razı salsın.

Həkimlərimiz və tibb bacıları xəstələr arasında geniş maarifləndirmə işləri aparır, onların hər birinə lazımi tövsiyələr verirlər. Şübhəsiz ki, bu da onları razı salır.

Şöbəmizə gələnlər əsasən pitik-qastroskopiya, kolonoskopiya, EKSP-öd yollarından, polipokdomiyadan və digər xəstəliklərdən əziyyət çəkən insanlardır. Biz çalışırıq ki, diaqnoz düzgün qoyulsun, xəstələr müəyyən çətinliklərlə üzləşməsinlər.

Tibb işçilərimiz çalışır ki, müharibə və əmək veteranlarına daha yüksək səviyyədə xidmət göstərilsin.

Şöbəmizə gələn xəstələr arasında qastropetiya, mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər üstünlük təşkil edir.

Şöbənin işçiləri tərəfindən mədə-bağırsaq sistemində müxtəlif səbəblərdən yaranmış daralma sahələrinə stend qoyulur və qanaxmanın qarşısı alınır.

Yaxşı işlərinin nəticəsidir ki, şöbəmizdə çalışanların çoxu səmərəli fəaliyyətlərinə görə ayrı-ayrı vaxtlarda tərifnamələrə layiq görülmüşdür.

Əsas hədəfimiz insanlara xidmət işinin səviyyəsini yüksəltməkdir. Çalışacağıq ki, müayinə və müalicələrimiz səmərə versin, xəstələrdə yaşamaq, ümid eşqi sönməsin.

Fərahim MƏMMƏDZADƏ,

Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının cərrah-endoskopiti.