İnsan hüquqları üzrə Avropa Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 nömrəli Protokol qüvvəyə minib
Hüquqi aktlar

İnsan hüquqları üzrə Avropa Konvensiyasına dəyişiklikləri nəzərdə tutan 15 nömrəli Protokol qüvvəyə minib

Avropa Şurasının Nazirlər Komitəsi 2013-cü il mayın 16-da “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada dəyişiklikləri nəzərdə tutan 15 nömrəli Protokolu təsdiqləyib və üzv dövlətləri yeni Protokolu tez bir zamanda imzalamağa və ratifikasiya etməyə çağıraraq onun imzalanması üçün 2013-cü il iyunun 24-dək açıq olması barədə qərar qəbul edib. Buna qədər Avropa Şurasının Parlament Assambleyası 2013-cü il aprelin 26-da 15 nömrəli Protokola müsbət rəy verib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan 2014-cü il mayın 2-də 15 nömrəli Protokolu təsdiqləyib. Avropa Şurasının bütün üzv dövlətləri də protokolu ratifikasiya ediblər. Həmin Protokol 2021-ci il avqustun 1-də qüvvəyə minib.

Protokol “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada aşağıdakı dəyişiklikləri ehtiva edir:

- Konvensiyanın Preambulasına subsidiarlıq prinsipinə və mülahizə sərbəstliyi doktrinasına istinad əlavə edilir. Yəni, subsidiarlıq prinsipinə əsasən, tərəf dövlətlərin Konvensiyada və onun protokollarında müəyyən edilmiş hüquq və azadlıqların təmin edilməsində əsas məsuliyyət daşıdıqları və Məhkəmənin nəzarət yurisdiksiyası altında bu sahədə mülahizə sərbəstliyinə malik olduqları təsdiq edilir;

- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə ərizə ilə müraciət etmə müddəti qısaldılaraq altı aydan dörd aya endirilib. Bu şərt Protokolun qüvvəyə mindiyi gündən altı ay keçdikdən sonra yəni, 2022-ci il fevralın 1-də qüvvəyə minəcək. Konvensiyanın 35-ci maddəsinin 1-ci bəndinin mənasına uyğun olaraq, bu şərt qərar qəbul edilmiş ərizələrə münasibətdə tətbiq olunmayacaq;

- Ərizəçi üçün “əhəmiyyətli zərər” qəbuledilənlik meyarı ilə əlaqədar dövlətdaxili məhkəmə tərəfindən işə lazımı qaydada baxılmadıqda, işin rədd edilməsinin qarşısını alan təminat ləğv olunur;

- İş üzrə tərəflərin etiraz etmələrindən asılı olmayaraq, Palatalara öz yurisdiksiyalarının Böyük Palatanın xeyrinə keçməsinə icazə verilir;

- İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə namizəd hakimlərin yaş həddi üçün məhdudiyyətlər müəyyən edilir - 65 yaş.

AZƏRTAC