İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqinə həsr olunmuş konfrans keçirilib
Siyasət

İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqinə həsr olunmuş konfrans keçirilib

İyunun 16-da Bakıda Avropa Şurasının Bakı ofisinin təşkilatçılığı ilə "İnsan hüquqları haqqında Avropa Konvensiyasının Azərbaycanda tətbiqi: Hüquqi aspektlər və çağırışlar" mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev iştirakçıları salamlayaraq müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçdiyini bildirib. Vurğulanıb ki, bu baxımdan insan hüquq və azadlıqlarının müdafiəsi hər zaman Azərbaycan dövlətinin ən ümdə məqsədlərindən biri olub.

Sədr qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarını ümumbəşəri yüksək dəyərlər kimi qiymətləndirərək onların təmin edilməsini dövlətin ali məqsədi elan edərək insan hüquq və azadlıqlarını gözləməyi və qorumağı isə qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu kimi təsbit edib. Konstitusiyada, həmçinin insan və vətəndaş hüquqları və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiqi əksini tapıb.

Azərbaycan Respublikasının Avropa Şurası ilə bir çox sahələrdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlıq etdiyini bildirən Ali Məhkəmənin sədri qeyd edib ki, 2001-ci ildə Azərbaycan Respublikası "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına qoşulduğu andan ölkəmizdə Konvensiyaya və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına yeni yanaşmanın formalaşması üzrə fəal proses başlayıb ki, bu da öz növbəsində, nəinki məhkəmə sisteminə, həmçinin bütövlükdə tədricən və ardıcıl olaraq Avropa Şurasının standartlarına yaxınlaşmaqda olan qanunvericiliyin inkişafına müsbət təsirini göstərib.

Sədr bildirib ki, müstəqillik illərində ölkəmizdə məhkəmə-hüquq sahəsində istər qanunvericilik, istərsə də inzibatçılıq baxımdan müntəzəm olaraq islahatlar aparılıb və bu islahatlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün də uğurla davam edir. İnsan hüquq və azadlıqlarının qorunmasının dövlətimizin başçısı İlham Əliyevin də daim diqqətində olduğunu qeyd edən Ali Məhkəmənin sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tədbirlərə dair 2006-cı il 19 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi işini təşkil etmələri və onu məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilib.

O, vurğulayıb ki, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında", "Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" 2006-cı il 30 mart tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər.

Çıxışının sonunda Ramiz Rzayev qeyd edib ki, Azərbaycan hər zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına hörmətlə yanaşaraq onların icra edilməsi üçün zəruri tədbirləri həyata keçirir. Bu kontekstdə qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ nəzərə alınmaqla onlarla yeni qanunlar qəbul edilib, mövcud qanunvericilik aktlarına dəyişikliklər edilib. Bunların sırasına həm maddi, həm də prosessual hüquqların təmin edilməsinə dair aktlar daxildir. Azərbaycan Respublikasının Ali Məhkəməsi də bu prosesə töhfəsini verir.

Konfransda Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes çıxış edib. Avropa Şurası ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla davam etdiyini bildirən Z.Hernyes Avropa Şurasının Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı barədə konfrans iştirakçılarına məlumat verib. Fəaliyyət Planının Azərbaycanın qanunvericiliyini, institutlarını və praktikasını insan hüquqları, qanunun aliliyi və demokratiya sahələrində Avropa Şurasının standartlarına daha da uyğunlaşdırmaq məqsədi daşıyan strateji proqram aləti olduğunu qeyd edən Zoltan Hernyes Fəaliyyət Planının ölkənin Avropa Şurasının üzvü olan dövlət qismində öhdəliklərini yerinə yetirmək səylərini dəstəkləmək məqsədi daşıdığını bildirib.

Daha sonra çıxış edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsində azərbaycanlı hakim Lətif Hüseynovun "Məhkəmənin yeni təcrübəsi və qlobal çağırışlar" mövzusunda məruzəsi maraqla qarşılanıb. Lətif Hüseynov məhkəmə sisteminin fəaliyyətini müasir dövrün problemləri kontekstində təhlil edib, baş verən regional konfliktlərin, COVID-19 pandemiyasının və iqlim dəyişikliyinin insan hüquq və azadlıqlarının müdafiəsinə təsiri və bu kontekstdə Avropa Məhkəməsinin apardığı işlər barədə konfrans iştirakçılarına məlumat verib.

Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini Çingiz Əsgərov "İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrasında və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi üzrə qabaqcıl təcrübənin paylaşılmasında Ali Məhkəmənin rolu" mövzusunda məruzə edib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları üzrə qabaqcıl təcrübələrin paylaşılmasında Ali Məhkəmənin əhəmiyyətli rolu olduğunu qeyd edən Çingiz Əsgərov bildirib ki, Ali Məhkəmədə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarındakı hüquqi mövqelər nəzərə alınmaqla qərar qəbul edilməsinə xüsusi diqqət yetirilməkdədir.

Ali Məhkəmənin sədrinin müavini ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan islahatlar və Ali Məhkəmədə aparılan struktur dəyişiklikləri barədə məlumat verərək bildirib ki, Ali Məhkəmənin Aparatının yeni strukturunda yaradılan Məhkəmə işlərinin idarə edilməsi şöbəsi həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının, həm də Konvensiyanın tələblərinin Ali Məhkəmənin qərarlarında öz əksini tapmasına institutsional dəstək verməklə məhkəmənin işinə önəmli töhfə verməkdədir.

Çingiz Əsgərov bildirib ki, Azərbaycan Respublikası prosessual qanunvericiliklərinə edilmiş son dəyişikliklərlə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərarlar qəbul edilməsi səlahiyyəti Azərbaycan Respublikası Ali Məhkəməsinə verilib. Bununla əlaqədar mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin hakimlərindən ibarət tərkibdə baxılaraq müvafiq qərardadlar qəbul edilməsi nəzərdə tutulub.

Artıq həmin səlahiyyətdən istifadə edilməklə bir sıra məsələlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərardadlar qəbul edildiyini bildirən Çingiz Əsgərov bu sahədə işlərin uğurla davam etdirildiyini bildirib.

Sədr müavini, həmçinin bildirib ki, 2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minmiş qanunvericiliyə edilən dəyişikliklərlə kiçik iddialara dair və yazılı icraat qaydasında baxılan işlərin dairəsi genişləndirilib, məhkəmələrdə işlərə baxılmasında lüzumsuz yubatmaların qarşısının alınması üçün əlavə mexanizmlər yaradılıb, prosessual müddətlər dəqiqləşdirilib, məhkəmə proseslərinin elektron qeydi təsbit olunub. Bütün bunlar məhkəmədə baxılan işlərin keyfiyyətinin artırılmasına, lazımsız vaxt itkisinin qarşısının alınmasına, eləcə də ümumilikdə, məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına xidmət edir.

Konfransda "Məhkəmə təcrübəsində mülkiyyət hüququ ilə əlaqədar Azərbaycana aid işlərdə ortaya çıxan əsas məsələlər", "İnsan hüquq və azadlıqlarının təmin edilməsində məhkəmə qərarlarının əsaslandırılmasının əhəmiyyəti", "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarının İcrası" mövzularında məruzələr dinlənilib, məruzələr ətrafında geniş müzakirələr aparılıb.

AZƏRTAC