İnsan alveri qurbanlarının müdafiəsi beynəlxalq və milli  hüquq normaları kontekstində            
Digər xəbərlər

İnsan alveri qurbanlarının müdafiəsi beynəlxalq və milli  hüquq normaları kontekstində            

Azərbaycan  Respublikasının Konstitusiyasında təsbit edilən yaşamaq hüququna (maddə 27), azadlıq hüququna (maddə 28), təhlükəsiz yaşamaq hüququna (maddə 31), şəxsin toxunulmazlıq hüququna (maddə 32), sağlamlığın qorunması hüququna (maddə 41), şərəf və ləyaqətin müdafiəsi hüququna (maddə 46) və digər bu kimi insan hüquqlarına və azadlıqlarına ciddi zərər vuran insan alveri cinayətləri doğurduğu çoxsaylı və təhlükəli təzahürlərlə xarakterizə olunur. Buna görə də bu hüquqlar hər şeydən öncə cinayət qanunvericiliyi ilə mühafizə olunur, belə əməllərə görə sərt cəzalar nəzərdə tutulur.

İnsan alveri ilə bağlı kriminal fəaliyyət cinayətlərin müəyyən kompleksi ilə müşayiət olunan çoxaspektli və mürəkkəb sosial-hüquqi hadisədir.

İnsan alveri çoxsaylı təzahürləri və mənfi nəticələri ilə təhlükəli mahiyyət daşıyır. Belə əməllər insanların, qadınların və uşaqların qanunsuz istismarına, orqanların çıxarılmasına, mənəvi və əxlaqi dəyərlərin pozulmasına, fahişəliyə, mütəşəkkil cinayətkarlığın artmasına, miqrasiya proseslərinin və məşğulluq problemlərinin mürəkkəbləşməsinə, çirkli pulların əldə edilməsinə və yuyulmasına, sərhəd rejim­lərinin və beynəlxalq hüquq normalarının, xüsusilə insan hüquq və azadlıq­larının pozulmasına səbəb olur. Bütün bunlar insan alverinin ictimai təhlükəliliyini xarakterizə edir.

İnsan alveri cinayəti ilə mübarizəyə müasir qlobal çağırışlardan biri kimi yanaşan ABŞ Dövlət Departamenti hər il qeyd olunan cinayətlə mübarizə üzrə dövlətlər tərəfindən görülən işlərə dair hesabatlar dərc edir. Bu qurum hesab edir ki, son illər əksər dövlətlər insan alverinin bütün formalarını kriminallaşdıran və kifayət qədər ağır cəzalar müəyyən edən qanunlar qəbul etmiş, qurbanların həyatına münasibətdə müdafiə xarakterli, habelə digər preventiv tədbirlər görmüşlər.

İlk növbədə qeyd edək ki, beynəlxalq hüquqi sənədlərdə və milli qanunvericilikdə insan alverinin qurbanlarının anlayışları nəzərdə tutulur. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixində qəbul etdiyi “Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında”  Bəyannamənin 1-ci maddəsində qurban anlayışı belə ifadə olunur:  “Qurbanlar”  Üzv Ölkələrdə qüvvədə olan, vəzifədən  sui-istifadə etməyi qadağan edən qanunlar da daxil olmaqla, cinayət qanunlarının pozulması  və ya hərəkət və hərəkətsizliyin edilməsi nəticəsində fiziki və mənəvi zərərlər də daxil olmaqla, emosional iztirab, maddi zərər, əsas hüquqların əhəmiyyətli  dərəcədə pozulması kimi zərərlərə fərdi və ya kütləvi şəkildə məruz qalmış şəxslərdir.

    BMTnin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı”  Konvensiyasının, onu tamam­layan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokolunda  (Ali Məclisin 2000ci il 15 noyabr tarixli, 55/25 saylı Qətnaməsi ilə qəbul edilmişdir) insan alveri qurbanının anlayışı verilmir. Amma insan alveri qurbanlarına yardım və onların müdafiəsi və insan alveri qurbanlarının repatriasiyası (qaytarılması) (maddə 8) ilə bağlı önəmli müddəalar var: Hər bir iştirakçı dövlət lazım gəldikdə və onun öz daxili qanunvericiliyi çərçivəsində, o cümlədən bu cür alverə aid olan icraatın məxfiliyini təmin etməklə insan alveri qurbanlarının şəxsi həyatını və şəxsiyyətini müdafiə edir. 

Hər bir iştirakçı dövlət təmin edir ki, onun daxili hüquqi və ya inzibati sistemi insan alveri qurbanlarına lazım gəldikdə: a) müvafiq məhkəmə və inzibati araşdırma haqqında məlumatın təqdim edilməsinə; b) müdafiənin hüquqlarına xələl gətirməyən, müvafiq cinayət icraatı mərhələlərində cinayəti törətmiş şəxslər barəsində onların fikir və qorxularının izah edilməsinə və yardımın göstərilməsinə imkan verən tədbirləri nəzərdə tutsun.

Hər bir iştirakçı dövlət insan alveri qurbanlarının fiziki, psixoloji və sosial reabilitasiyasının təmin edilməsini, o cümlədən lazım gəldikdə qeyri-hökumət təşkilatları, digər müvafiq təşkilatlar və vətəndaş cəmiyyətinin digər elementləri ilə əməkdaşlıq edərək: a) lazımi sığınacağın verilməsini; b) insan alveri qurbanlarına aydın olan dildə konsultativ yardımın və məlumatın, xüsusən də onların hüquqlarına dair yardımın və məlumatın təqdim edilməsini; c) tibbi, psixoloji və maddi yardımın göstərilməsini və d) məşğulluq, təhsil və mütəxəssis hazırlığı sahəsində imkanların verilməsini nəzərdə tutan tədbirlərin həyata keçirilməsinin mümkünlüyünü müzakirə edir.

İnsan alveri problemi 1980-ci illərdən başlayaraq Avropa Şurasının gündəliyinə  daxil edilmişdir. Həmin vaxtdan bu günə kimi bu regional təşkilat çərçivəsində insan alverinə qarşı mübarizə sahəsində əhəmiyyətli normativ  və təşkilati xarakterli tədbirlər həyata keçirilmişdir. Təşkilatın əsas orqanları olan Nazirlər Komitəsi və Parlament Assambleyası bu məsələ ilə bağlı bir sıra mühüm sənədlər qəbul etmişdir.

İnsan alveri ilə mübarizə sahəsində Avropa Şurasının ən mühüm sənədi 16 may 2005-ci ildə qəbul olunmuş (1 fevral 2008-ci ildə qüvvəyə minib) İnsan Alverinə qarşı mübarizə haqqında Konvensiyasıdır (Azərbaycan 11 may 2010-cu ildə bu sənədi ratifikasiya edib). Sözügedən sahədə indiyə qədər qəbul olunmuş digər beynəlxalq aktlardan fərqli olaraq, Avropa Şurasının Konvensiyasında əsas diqqət insan alveri qurbanlarının müdafiəsinə və onların hüquqlarının qorunmasına yetirilmişdir. Konvensiyanın məqsədi (maddə 1) a)   gender bərabərliyini təmin etməklə insan alverinə qarşı mübarizə aparılması və onun qarşısının alınması; b)   insan alveri qurbanlarının hüquqlarının qorunması, qurbanların və şahidlərin müdafiə edilməsi üzrə hərtərəfli çərçivənin işlənib hazırlanması, gender bərabərliyini təmin etməklə qurbanlara və şahidlərə kömək göstərilməsi, habelə səmərəli istintaqın və mühakimənin təmin edilməsi; c)   insan alverinə qarşı mübarizəyə dair beynəlxalq əməkdaşlığın təşviq edilməsi məqsədilə bu Konvensiya ilə xüsusi nəzarət mexanizminin təsis olunmasıdır.

Konvensiyada insan alveri qurbanlarının müəyyənləşdirilməsi  problemi ön plana çəkilmiş, bununla bağlı iştirakçı dövlətlərin üzərinə bir sıra mühüm öhdəliklər qoyulmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında “İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. İnsan alverinə qarşı mübarizənin həyata keçirilməsi üçün Milli Fəaliyyət Planı bir-birini tamamlayan aşağıda göstərilən vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur: insan alveri cinayətləri ilə bağlı əməliyyat-axtarış fəaliyyətinin və cinayət təqibinin həyata keçirilməsi; qurbanlarla əlaqə, onlara yardım və onların təhlükəsizliyinin təmin edilməsi və reabilitasiyası və s. Beləliklə, qəbul olunmuş bu sənəddə insan alverinə qarşı mübarizənin bütün aspektlərini özündə birləş­dirən və səmərəli surətdə əlaqələndirə bilən sistemin yaradılmasına xüsusi diqqət yetirilmiş, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində Milli Koordinator təyin edilmişdir. Milli Fəaliyyət Planı üzrə tədbirlərə müvafiq olaraq insan alveri ilə bağlı cinayətlərə qarşı mübarizəyə dair Azərbaycan Respub­likasının qoşulduğu beynəlxalq müqavilələr nəzərə alınmaqla, bu sahədə milli qanunvericilik bazasının yaradılması və təkmilləş­dirilməsi ilə əlaqədar ardıcıl tədbirlər həyata keçirilmişdir. Belə ki, 2005-ci il iyunun 28-də insan alverinin profilak­tikasının, insan alveri qurban­larının müdafiə edilməsinin və onlara köməklik göstərilməsinin hüquqi və təşkilati əsaslarını tənzimləyən “İnsan alverinə qarşı mübarizə haqqında” Azər­baycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu Qanun Azərbaycan Respublikasında insan alverinin profilaktikasının, insan alverinə qarşı mübarizənin hüquqi və təşkilati əsaslarını, habelə insan alveri qurbanlarının hüquqi vəziyyətini müəyyən edir, insan alveri qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi məsələlərini tənzimləyir.

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının (19 aprel 2013-cü il № 609-IVQD) Qanununa əsasən 14-1-ci maddə (Bərpa və fikirləşmə müddəti) əlavə edilmişdir: İnsan alverinin qurbanına öz vəziyyətini bərpa etmək, cinayətkarların təsirindən yayınmaq və cinayət təqibi orqanları ilə əməkdaşlıq etmək barədə düşünülmüş qərar qəbul etmək üçün 30 gün bərpa və fikirləşmə müddəti verilir. Bərpa və fikirləşmə müddətində insan alverinin qurbanı təhlükəsizlik və müdafiə ehtiyaclarının təmin edilməsi, fiziki, psixoloji və sosial vəziyyətinin bərpası üçün bu Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş xüsusi müəssisələrin xidmətlərindən istifadə edə bilər.

Onu da qeyd edək ki, 2004-cü ildə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzdində İnsan alverinə qarşı mübarizə İdarəsi təsis edilmiş, 2006-cı ildən etibarən bu idarə nazirlik strukturunda müstəqil qurum kimi fəaliyyət göstərməyə başlamışdır.

İnsan alveri ilə bağlı cinayət hadisələri, cinayət törətmiş şəxslər, insan alverinin qurbanları barədə məlumatların toplanması, ümumiləşdirilməsi və təhlil edilməsi məqsədilə İnsan alverinə qarşı mübarizə İdarəsində mərkəzləşdirilmiş məlumat bazası yaradılmış, məlumatların məxfiliyi təmin edilmişdir. Həmçinin insan alverinə qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir.

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti  9 noyabr 2005-ci il tarixli 203 nömrəli Qərara əsasən    “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nı  təsdiq  etmişdir.

 İnsan alverinin qurbanı uşaqlar olduqda onlar barədə Yardım Mərkəzi tərəfindən qəyyumluq və himayə orqanına, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyaya dərhal məlumat verilir.

“Azərbaycan Respublikasında İnsan Alverinə qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli 208 nömrəli Sərəncamının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 1 fevral 2008-ci il tarixli qərara əsasən  “İnsan alveri cinayət qurbanlarının insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi Qaydaları” da təsdiq edilmişdir. Bu Qaydalar əsasən, dövlət və qeyri-dövlət qurumları tərəfindən insan alveri cinayətinin qurbanı olmuş şəxslərin və ehtimal edilən qurbanların insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təhvil verilməsi mexanizmlərini tənzimləyir.

İnsan alveri cinayətinin qurbanlarını müəyyən edən qurumlar, ilk növbədə onların təhlükəsizliyini, şəxsiyyətinin anonimliyini və barələrində əldə edilmiş məlumatların konfidensiallığını təmin edir.

Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin  6 mart 2006-cı il  tarixli 62 nömrəli  qərarı ilə  “İnsan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi Qaydaları” təsdiq edilmişdir.  Bu Qaydalar “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanına əsasən hazırlanmış və insan alveri qurbanlarının sosial reabilitasiyasının həyata keçirilməsi mexanizmini müəyyən edir. İnsan alveri qurbanlarının sosial reabilitasiyası onların cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə həyata keçirilir və insan alveri qur­banlarına yaşından, cinsindən və tələbatlarından asılı olaraq hüquqi yardımın gös­tərilməsi, onların təhsilinin davam etdirilməsi, psixoloji reabilitasiya və psixoloji korreksiyası, tibbi və peşə reabilitasiyası üçün tədbirlər görülməsi, həmin şəxslərin iş və yaşayış sahəsi ilə təmin edilməsi imkanlarından istifadə edilməsini nəzərdə tutur.

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 avqust tarixli 272 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 17 iyun 2006-cı il tarixli 152 nömrəli Qərarı ilə İnsan alverindən zərərçəkmiş şəxslərə reinteqrasiya dövründə ödənilən müavinətin məbləğinin müəyyən edilməsi barədə qərarı təsdiq edilmişdir. Qərara əsasən, insan alverindən zərərçəkmiş şəxslərə reinteqrasiya dövründə 700 manat məbləğində müavinət müəyyən edilmişdir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli 133 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2009-2013-cü illər)”nın “İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı”nın 2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 11 avqust tarixli 123 nömrəli qərarı ilə “İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydaları” təsdiq edilmişdir.  

İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizminin əsas məqsədləri qurbanların hüquqlarının qorunmasını və onların aidiyyəti quruma təhvil verilməsini, təhlükəsizliyini, repatriasiyasını, sosial reabilitasiyasını təmin edəcək səmərəli sistemin yaradılması və bu sahədə qaydaların formalaşdırılmasıdır.

Qurbanların sosial reabilitasiyası həyata keçirilərkən Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə təsbit edilmiş insan və vətəndaş hüquqlarının hər hansı formada məhdudlaşdırılması, yaxud onların iradəsinə zidd reabilitasiya tədbirlərinin tətbiq edilməsi yolverilməzdir.

“İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 609-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 may tarixli 887 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 sentyabr 2013-cü il tarixli 252 nömrəli Qərarı ilə “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları” təsdiq edilmişdir. Bu Qaydaların məqsədi insan alverinin qurbanı olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin repatriasiyası üzrə aidiyyəti dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək və bu şəxslərin yenidən insan alverinin qurbanına çevrilməsinin qarşısını almaqdan ibarətdir.

Qurbanların repatriasiyası ilə bağlı beynəlxalq əməkdaşlıq zamanı BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyası, onu tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında” Protokol və Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyası rəhbər tutulur.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aidiyyəti orqanlarla razılaşdırılmış təklifini nəzərə alaraq “İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram”ı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Onu da vurğulayaq ki, insan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqramın həyata keçirilməsi ilə bağlı 2014-2016-cı illər üçün Tədbirlər Planı hazırlanmışdır.

 Qeyd edilən bu kimi normativ-hüquqi aktların təsdiq olunması ölkədə insan alveri ilə mübarizəyə xüsusi diqqət yetirilməsinin bariz nümunəsidir.

İnsan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ-hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə 24 iyul 2014-cü il tarixli 667 nömrəli Sərəncamla “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli 2173 nömrəli Sərəncamı ilə   “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı” Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını rəhbər tutmaqla, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin davamı olaraq tərtib edilmiş, insan alverinin insan hüquq və azadlıqlarına ciddi təhlükə yaratdığını, insan hüquqlarını pozduğunu, şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olduğunu nəzərə alaraq, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi üçün hazırlanmışdır.

Ümumiyyətlə, insan alverinə məruz qalanların insan hüquqları, insan alverinin qarşısını almaq və onunla mübarizə aparmaq və qurbanları müdafiə etmək, onlara yardım göstərmək və onların hüquqlarını bərpa etmək üçün göstərilən bütün səylərin önündə durmalıdır.

Beləliklə, artıq transmilli mütəşəkkil xarakter almış insan alveri ilə səmərəli mübarizədə beynəlxalq səylərin birləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Bu istiqamətdə sadalanan beynəlxalq hüquqi aktlar normativ baza rolunu oynayır. Müstəqilllik illərindən bəri insan alveri ilə mübarizəyə xüsusi önəm verən Azərbaycan bu beynəlxalq sənədlərin əksəriyyətini ratifikasiya etmişdir. Bu  beynəlxalq və milli hüquqi aktlarda insan alveri ilə mübarizəni təmin edən proqramlar və konsepsiyalar insan alverinin qarşısının alınması, insan alverindən zərər  çəkənlərə kömək göstərilməsi, insan alveri ilə bağlı kriminal əməllərin açılması və cinayətkarların cəzalandırılması kimi əsas fəaliyyət istiqamətini ehtiva edir. Hər bir dövlət insan alveri ilə mübarizəni səmərəli təşkil edərkən beynəlxalq təcrübədən və beynəlxalq hüquq normalarından bəhrələnməlidir. Yalnız belə olduqda bəşəriyyət üçün artıq böyük təhlükəyə çevrilmiş insan alveri ilə səmərəli mübarizə aparmaq mümkündür.

Təhlillər göstərir ki, belə cinayətlər ilk növbədə iqtisadi və sosial xarakterli amillərdən daha çox asılıdır. Buna görə də cəmiyyətdə cinayətkarlıqla mübarizə siyasətinin güclən­diril­məsi ilə yanaşı, iqtisadi, siyasi, mənəvi, ideoloji və digər xüsusi kriminoloji tədbirlərin effektiv həyata keçirilməsinə diqqət artırılmalı, səylər birləşdirilməlidir.

Xüsusi - kriminoloji tədbirlərdən  danışarkən qeyd edilməlidir ki, insan alverinin qarşısının alınmasında xüsusi tədbirlərinin subyekti qismində əsasən hüquq-mühafizə orqanları çıxış edirlər. Onların vəzifələrinə insan alveri ilə bağlı cinayətlərin qarşısının alınması və aradan qaldırılması, bu növ cinayətlərin açılması və istintaqı işinin optimal təşkili, təqsirli şəxsə qarşı cinayət təqibinin həyata keçirilməsi, cinayətkarların müəyyən edilərək məsuliyyətə cəlb edilməsi daxildir. İnsan alverini determinə edən və şərtləndirən əsas amillər olaraq: qloballaşma və iqtisadi inteqrasiya üzrə dünyada gedən proseslər, dünya üzrə əmək miqrasiyası, transmilli mütəşəkkil cinayətkar təşkilatların fəallaşması, dövlət hakimiyyəti orqan­la­rında korrupsiya, hüquq- mühafizə orqanlarınının əməkdaşlarının peşəkarlıq səviy­yəsinin aşağı olması, seks sənayenin inkişafı və fahişəliyin yayılması, seksual xarak­terli xidmətlərə və ucuz işçi qüvvəsinə tələbatın artması, canlı malın tədarükçü ölkə­lərinin sosial-iqtisadi inkişafının aşağı səviyyəsini göstərmək olar. Fikrimizcə, bu amillər qrupuna həmçinin insan alveri qurbanlarının seksual istismarı sahəsində xüsusiyyətlərindən və onların davranışlarının viktimoloji aspektlərindən irəli gələn cinayətlərin yüksək latentlik səviyyəsi də aid edilə bilər. İnsan alveri kimi kriminal fenomenə qarşıdurma üzrə effektiv dövlət konsepsiyasının işlənib hazırlanması bu amillərin dinamikada təhlilinin nəticələrinə əsaslanmalıdır.

İnsan alveri ilə mübarizənin zəruri şərti məsələyə bir problem kimi kompleks yanaşmadır. Bununla bağlı insan alveri ilə mübarizəyə istiqamətlənən xüsusi kompleks proqramın qəbul edilməsi zəruridir. İnsan alveri ilə mübarizə strategiya­sının formulə edilməsi insan alveri ilə səmərəli mübarizənin əsas taktiki xüsusiyyətlərinin müəyyən olunmasında mühüm rol oyayan bəzi aspektləri nəzərə almadan mümkün deyildir. Belə hallara: 1) əsasında xüsusi proqram dayanan kompleks xarakter daşıyan sistemli yanaşma; 2) insan alveri ilə mübarizə sistemi latentlik nəzərə alınmaqla problemin monitorinqi əsasında qurulması;  3)  kriminal təzahürün qarşısının alınması, cinayət törədənlərin təqib edilməsi və insan alverinin qurbanlarına kömək göstərilməsi konsepsiyasının reallaşdırılması, 4) beynəlxalq əməkdaşlıq və miqrasiya siyasəti daxil olmaqla ölkədaxili və beynəlxalq xarici siyasətin fəal şəkildə formalaşdırılması. 

Beynəlxalq və milli hüquqi aktlarda insan alveri ilə mübarizəni təmin edən proqramlar və konsepsiyalar insan alverinin qarşısının alınması, insan alverindən zərər  çəkənlərə kömək göstərilməsi, insan alveri ilə bağlı kriminal əməllərin açılması və cinayətkarların cəzalandırılması kimi əsas fəaliyyət istiqamətini ehtiva edir. 

Bütövlükdə, insan alverinin cinayət hüquqi tənzimlənməsi məsələsinin beynəlxalq və milli hüquqi aspektləri dövrün tələbi kimi çıxış edir. 

Sevinc HÜSEYNOVA,

Hüquq və İnsan Haqları İnstitutunun

Hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı,

hüquq üzrə fəlsəfə doktoru.