İnkişaf və uğur amallı aparıcı siyasi qüvvə
Digər xəbərlər

İnkişaf və uğur amallı aparıcı siyasi qüvvə

30 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın - YAP-ın yaranma zərurətini meydana gətirdi. XX əsrin 90-cı illərinin əvvəllərindəki ictimai-siyasi vəziyyətin şərtləndirdiyi obyektiv zərurətdən yaranmış Yeni Azərbaycan Partiyasının 30 illik tarixi müstəqil Azərbaycan dövlətinin tarixini əks etdirir.

1992-ci ildə Azərbaycan ağır duruma düşmüş, siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir dövrdə xalqımız güclü siyasi liderə və təşkilatlanmış qüvvəyə ehtiyac olduğu üçün insanların mənəvi gücünü səfərbər etmək, ölkəmizi düşdüyü mürəkkəb vəziyyətdən çıxarmağın yeganə xilasını ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərliyində görürdülər. 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə ünvanlanmış müraciət xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik ümummilli lider Heydər Əliyev tərəfindən müsbət qarşılandı, lakin onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu ilə Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular. Beləliklə, Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi.

Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Ulu öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəni bəlalardan qurtardı və inkişaf yoluna doğru istiqamətləndirdi. YAP-ın siyasi səhnəyə gəlişi ilə cəmiyyətdə dövlətçilik, müstəqillik ideyaları, vətənpərvərlik duyğuları yenidən daha mütəşəkkil şəkildə formalaşmağa və yaşamağa başladı.

Ulu öndərin hakimiyyətə qayıdışı ilə ölkədə vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Daxili və xarici bədxahların Azərbaycanı parçalamaq, dövlətçiliyimizi məhv etmək istiqamətindəki bütün cəhdlərinin qarşısı alındı. Heydər Əliyev öz qayıdışı ilə Azərbaycana sülh, sabitlik, dirçəliş və davamlı inkişaf gətirdi. 

Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın sevimli partiyasına çevrilməsinin isə tək bir səbəbi var idi - xalqın partiyanın sədrinə olan sevgisi, inamı. Çünki zaman göstərdi ki, xalq Heydər Əliyevə arxalanmaqla, onun ətrafında sıx birləşməklə öz gələcəyini təmin etmiş oldu.

1993-cü il oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyuldu. 

1993-2003-cü illərdə Azərbaycanda elə bir sahə olmadı ki, diqqətdən kənarda qalsın. Ulu öndər ölkə həyatında baş verən bütün problemlərə həssaslıqla yanaşdı və onların həllinə çalışdı. Bir zamanlar xəyal edilən nəhəng iqtisadi layihələr həyata keçirildi. “Əsrin müqaviləsi” imzalandı, Heydər Əliyevin siyasi iradəsi və peşəkar diplomatik fəaliyyəti sayəsində Bakı-Tbilisi-Ceyhan layihəsi reallaşdı. Ordu quruculuğu sahəsində ciddi işlər görüldü. Azərbaycan beynəlxalq arenaya çıxdı. Xarici ölkələr, beynəlxalq təşkilatlar məhz ulu öndərin siyasi nüfuzuna arxalanaraq müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığa başladılar.

Ümummilli lider Azərbaycanın müstəqil və suveren dövlət kimi fəaliyyətini təmin edən siyasi kurs hazırladı və onu həyata keçirməyin bütün incə yollarını layiqli davamçısı İlham Əliyevə miras kimi qoydu.

Partiyamızın apardığı dərin məzmunlu, çevik və müasir düşüncə tərzinə malik, praqmatik siyasi-ideoloji iş yerlərdə, o cümlədən rayonumuzun ictimai-siyasi həyatında uğurla davam etdirilir.

Onu da bildirim ki, partiyamız təsis edildiyi ildən başlayaraq respublikanın hər bölgəsində Yeni Azərbaycan Partiyasının yerli təşkilatları formalaşır, insanlar kütləvi surətdə Heydər Əliyevin rəhbərlik etdiyi siyasi qüvvəyə qoşulurdular. Elə ağır dönəmdə zəngilanlılar da çətin köçkünlük həyatının sınaqları ilə üzləşdikləri bir vaxtda ölkənin, xalqın, taleyini xilas edə biləcək siyasi qüvvənin, Heydər Əliyevin ideyalarının ətrafında cəmləşdilər.

Yeni Azərbaycan Partiyasının Zəngilan rayon təşkilatı 1994-cü ilin aprel ayında  yaradılmış, hazırda 48 ərazi partiya təşkilatında 2416 nəfər üzv birləşir ki, onlardan da 1211 nəfəri qadınlar, 1205 nəfəri isə kişilər təşkil edir. Eyni zamanda ümumi üzvlərin 408 nəfəri isə gənclərdir.

Rayon təşkilatımız Yeni Azərbaycan Partiyasının müharibə və postmüharibə dövründə həyata keçirdiyi layihələrdə yaxından iştirak etmiş, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrini, proqram və nizamnaməsindən irəli gələn məsələləri vaxtında dəqiq və qüsursuz həyata keçirməyə çalışmışdır.

Bu gün biz xoşbəxtik ki, mütərəqqi ideyalarla zənginləşmiş Yeni Azərbaycan Partiyasının sıralarındayıq. Bizi birləşdirən bir amal var, o da azərbaycançılıq məfkurəsidir. Bu amal ulu öndər tərəfindən bizə miras qalmış və möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

Bu gün ümummilli liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, hazırda onun 800 minə yaxın üzvü var. Bu ilk növbədə, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bu gün Yeni Azərbaycan Partiyasının qarşısında yeni vəzifələr durur. Bu vəzifələrin ən başlıcası ümummilli liderimiz Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanı daha da inkişaf etdirmək, onun regionun və dünyanın qüdrətli dövlətləri sırasında liderliyini qorumaqdır.

Eyni zamanda da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət nəticəsində Azərbaycan öz gücü hesabına 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində işğaldan azad etdi. Tarixi qələbə qazandı. Azərbaycanın əldə etdiyi parlaq Zəfər eyni zamanda yeni reallıqlar da yaratdı.

Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda isə ölkəmiz partiyanın Sədri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha da inamla irəliləyəcək və YAP Azərbaycanda uzun illər Heydər Əliyev siyasətini təmin edən güc mərkəzi rolunu və missiyasını şərəf və ləyaqətlə həyata keçirəcəkdir.

Natiq QULUZADƏ,

YAP Zəngilan rayon təşkilatının sədri.