İnformasiya təhlükəsizliyi üzrə fəaliyyət istiqamətləri müəyyənləşdi
Digər xəbərlər

İnformasiya təhlükəsizliyi üzrə fəaliyyət istiqamətləri müəyyənləşdi

Dekabrın 23-də Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yeni təyin olunmuş mətbuat katibi KİV nümayəndələrinə təqdim olundu.

Təqdimat mərasimində yeni təyin olunmuş mətbuat katibi Səidə Əhmədova KİV nümayəndələrinə xidmətdə yeni yaradılan mətbuat katibliyinin fəaliyyəti barədə məlumat verdi. Görüşdə iştirak edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov xidmətin fəaliyyət istiqamətləri, vəzifələri və səlahiyyətləri ilə bağlı geniş  məlumat verdi. Tural Məmmədov xidmətin Vətən müharibəsi dövründəki fəaliyyətini də xüsusi olaraq vurğuladı.  Eyni zamanda,  xidmətin hazırda işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti haqqında söz açdı, KİV nümayəndələrinin suallarını ətraflı cavablandırdı. 

Təqdimat mərasiminin sonunda mətbuat katibi Səidə Əhmədova Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayevin qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriklərini KİV nümayəndələrinə çatdırdı.

Xatırladaq ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti Prezident İlham Əliyevin 2020-ci il 16 mart tarixli Fərmanı ilə yaradılıb.

R.YAQUBQIZI,

"Respublika".