İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında rəqəmsallaşma, innovasiya, yüksək texnologiyalar və rabitə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 11 oktyabr tarixli 1464 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (bundan sonra – Agentlik) nizamnamə fondu 100 000 (bir yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi:

4.1. Agentlik dövlət qeydiyyatına alındıqdan sonra Agentliyin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;

4.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 21 oktyabr 2022-ci il