İnam Kərimov:  Qarşımızda duran mühüm məsələlərdən biri komandamızın Olimpiya Oyunlarında yüksək səviyyədə çıxış etməsidir
MÜSAHİBƏLƏR

İnam Kərimov:  Qarşımızda duran mühüm məsələlərdən biri komandamızın Olimpiya Oyunlarında yüksək səviyyədə çıxış etməsidir

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti seçilməyim üçün göstərilən etimada görə təşəkkürümü bildirirəm.

Bu sözləri Azərbaycan Ağırlıqqaldırma Federasiyasının yeni seçilmiş prezidenti İman Kərimov fevralın 19-da təşkil olunan mətbuat konfransında deyib.

Azərbaycanda ağırlıqqaldırmanın populyar idman növlərindən olduğunu bildirən İ.Kərimov onun inkişafına dövlət tərəfindən diqqət və qayğı göstərildiyini bildirib: "Bədən tərbiyəsi və idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Bu sahənin inkişafı Prezident İlham Əliyevin diqqətində və nəzarətində olan sahələrdən biridir. Təbii ki, ağırlıqqaldırmanın inkişafı da mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə ağırlıqqaldırmanın inkişafı istiqamətində əsaslı işlər görülür. Bütün beynəlxalq yarışlarda layiqincə təmsil olunan ölkəmizdə istər SSRİ, istərsə də müstəqillik dövründə ağırlıqqaldırma ənənələri formalaşıb. Dövlət tərəfindən inkişafına hər zaman dəstək verilən ağırlıqqaldırma idmanına xalqımız, vətəndaşlarımız böyük rəğbət bəsləyir. Hər bir azərbaycanlı bu sahədə çempionların olmasını səbirsizliklə gözləyir".

İ.Kərimov federasiyanın hesabat-seçki konfransında müzakirə olunan məsələlərə də toxunub. Qeyd edib ki, konfransda ağırlıqqaldırma üzrə əldə edilən uğurlardan və problemlərdən söhbət açıldı. Qərara alındı ki, mütəxəssislər, idmançılar, məşqçilər, hakimlərlə birgə bu məsələlər daha yaxından, daha detallı təhlil edilsin, qarşıya qoyulan hədəflər müəyyənləşdirilsin.

Federasiya prezidenti idmanın digər növləri kimi, ağırlıqqaldırmada da dopinqlə mübarizənin vacib əhəmiyyət kəsb etdiyini bildirib: "Dopinqlə mübarizə böyük əhəmiyyət kəsb edir. İdmançılarla təlimatlandırma və maarifləndirmə işləri davam etdirilməlidir. Digər mühüm məsələ infrastrukturun təkmilləşdirilməsi, idman zallarının əlçatanlığının təmin edilməsi, gənc nəsil idmançıların yetişməsi üçün imkanların yaradılması, eləcə də komandamızın nüfuzlu yarışlarda, Olimpiya Oyunlarında yüksək səviyyədə çıxışının təmin edilməsidir. Bunun üçün federasiya rəhbərliyi mövcud problemləri, çətinlikləri dinləyərək qısa, orta və uzunmüddətli hədəflər müəyyən etməyi və onun icrasını Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, digər müvafiq qurumlarla əlaqəli şəkildə həyata keçirməyi məqsəd qoyub".

AZƏRTAC