İmişlidə bölgə fermerləri ilə görüş
Region

İmişlidə bölgə fermerləri ilə görüş

Son iki ildə kənd təsərrüfatının, xüsusən onun ənənəvi sahələrinin inkişafı, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi istiqamətində zəruri hüquqi aktlar, dövlət proqramları qəbul edilib. Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafını dəstəkləyən tapşırıq və tövsiyələri aqrar sahədə böyük canlanmaya və əhalidə ruh yüksəkliyinə səbəb olub.

İmişli rayonunda fermerlər pambığın mexanikləşdirilmiş qaydada yığımı üçün əkin sahələrində defolyasiya tədbirləri həyata keçirməyə hazırlaşırlar. Vegetasiya prosesinin sonunda bitki yarpaqlarının tökülməsi və gövdənin qurudulması üçün defoliantlar vurulacaq, tam quruma prosesi başa çatdıqdan sonra isə kombaynlar vasitəsilə kütləvi yığıma start veriləcək.

Kənd Təsərrüfatı Nazirliyi görülən işləri dəyərləndirmək məqsədilə pambıqçılıq rayonlarında regional müşavirələr keçirir. Sabirabad rayonundan sonra "Pambıqçılıqda mövcud vəziyyət və məhsul yığımına hazırlıq" mövzusunda növbəti regional müşavirə İmişli rayonunda baş tutdu. Müşavirədə Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumların məsul şəxsləri, İmişli Rayon İcra Hakimiyyətinin rəhbərliyi, pambıq tədarükü və emalı ilə məşğul olan şirkətlərin nümayəndələri, İmişli, Beyləqan, Füzuli və Zərdab rayonlarından olan 250 nəfərdən artıq pambıqçı fermer iştirak etdi.

Müşavirədə çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirdi ki, pambıqçılıq əməktutumu və gəlirlilik baxımından kənd təsərrüfatının aparıcı sahələrindən biridir. Pambıqçılığın inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir, dəstək mexanizmləri genişləndirilir. Fermerlər hər il pambıq becərməyə daha çox maraq göstərirlər. İmişli ölkənin aparıcı pambıqçılıq rayonları sırasındadır, bu il də rayonun pambıqçıları sahələrdən bol məhsul götürməyə hazırlaşır. Rayon rəhbəri qeyd etdi ki, Dövlət Proqramında qarşıya qoyulan ən mühüm vəzifələrdən biri də istehsal etdiyimiz məhsulların rəqabət qabiliyyətinin artırılması və ixrac yönümlü olmasıdır. Yəni kəmiyyətlə yanaşı, keyfiyyət də yüksəlməlidir. Pambıqçılığın inkişafı paralel olaraq daha bir neçə sahənin də inkişafını şərtləndirir ki, bu da ölkə iqtisadiyyatına böyük töhfə verəcək.

Tədbirdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatının rəhbəri Rəfail Quliyev iştirakçılara 2022-ci il pambıq mövsümü ərzində görülmüş işlər, məhsul yığımına hazırlıq işləri barədə geniş məlumat verdi. Bildirdi ki, məhsul istehsalçılarının maarifləndirilməsi məqsədilə pambıq bitkisinin becərilməsinə dair təlim mövzuları müəyyənləşib. Aprel-avqust aylarında nazirliyin Aqrar Xidmətlər Agentliyinin Təlim Mərkəzi tərəfindən pambıqla bağlı 8 mövzu üzrə 582 nəfər fermerin iştirakı ilə 42, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən isə 9 mövzu üzrə 345 nəfər fermerin iştirak etdiyi 15 təlim keçirilib.

Rəfail Quliyev qeyd etdi ki, ölkədə pambığın mexanikləşdirilmiş üsulla yığılması üçün texnika sayı tələbatdan çoxdur. Normativ məlumatlara əsasən, 100 min hektar pambıq sahəsinin məhsulunun vaxtında maşınlarla yığılması və məhsulun tədarükü və daşınması üçün 350 ədəd pambıqyığan kombayn və 1050 ədəd traktor yedəyi tələb olunur. Hazırda respublikamızda pambıq yığımında istifadə olunan pambıqyığan kombaynların sayı 447 ədəd və traktor yedəyinin sayı isə 3085 ədəddir. Bu rəqəmlər əvvəlki illərdə olduğu kimi, bu il də pambığın texnika vasitəsilə yığımında heç bir çətinlik olmayacağını göstərir. Artıq pambıqçılıq rayonlarının texnikaya olan tələbatı müəyyən olunub, texnikanın tələbata uyğun dislokasiyası həyata keçirilib.

Nazirliyin bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri İmran Cümşüdov, P-Agro MMC-nin direktoru Azər Əlizadə, "Azərpambıq ASK" MMC-nin təşkilat şöbəsinin müdiri İlham Quliyev, fermerlər Əlizamin Poladov və Fəxrəddin Əyyubov müşavirədə çıxış edərək 2022-ci ildə pambıqçılıqda məhsul yığımı istehsal prosesinə hazırlıq, dərman və texnika təminatı barədə fikirlərini bölüşdülər.

Müzakirələrdə texnika, gübrə, toxum, dərman və su təminatı, subsidiyaların verilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alındı.

Ərəstun ABDULOV,

"Respublika".