İMİŞLİ:  Şəhidin   xatirə   bulağı    
Region

İMİŞLİ:  Şəhidin   xatirə   bulağı    

Vətən  müharibəsinin  ilk  günlərindən  döyüşə  can  atan  igidlərimiz  sırasında  İmişli  rayonunun  qeyrətli  oğulları  da  yer  almışdır.  44  günlük  müharibədə  Qarabağımızın  düşmən  tapdağından  azad   edilməsində  imişlili  vətənpərvərlərin  şücaətindən  rayonda  bu  gün  də  qürur  hissi  ilə  danışılır.   

Ötən  gün  İmişli  şəhərində  ll  Vətən  müharibəsi  şəhidi  Cavadzadə  Anar  Tahir oğlunun  adına  bulağın    açılışı oldu. Açılış  mərasimində  İmişli Rayon  İcra Hakimiyyətinin  başçısı  Elçin Rzayev, Milli  Məclisin  deputatı  Razi Nurullayev,    RİH  məsul  şəxsləri,  hüquq-mühafizə  orqanlarının, idarə, müəssisə, təşkilatların  rəhbərləri,  şəhidin  ailə  üzvləri,  rayon  ictimaiyyəti,  məktəblilər  iştirak  etdilər.

Bulağın  açılışından  sonra RİH  başçısı  Elçin  Rzayev   çıxış  edərək  bildirdi  ki, Vətənimizin  müstəqilliyi, torpaqlarımızın  azad  olunması  naminə  gənclərimizin  qəhrəmanlığı  Azərbaycan  xalqının  böyüklüyünü,  müdrikliyini  göstərir.  Əsrlər  keçsə  də,  gələcək  nəsillər  onların əziz  xatirələrini  hər zaman  böyük  ehtiramla  yad  edəcəklər. İcra  başçısı  Prezident,  Ali Baş  Komandan  cənab  İlham Əliyevin  rəhbərliyi  ilə  44  gündə  qazanılan  tarixi qələbədən,  xalq-ordu  birliyindən  də  danışdı. Digər çıxış  edənlər  şəhid  ailələrinə,  qazilərimizə  göstərilən  qayğının  bundan  sonra  da  yüksək  səviyyədə olacağını  vurğuladılar. Mərasim  zamanı   Anar  Cavadzadənin “Xocavəndin azad olunmasına görə” medalı   ailəsinə  təqdim  edildi. Məktəblilər  vətənpərvərlik  mövzusunda  şeirlər  səsləndirdilər.   Daha sonra  mərasim  iştirakçıları şəhidin  evində  oldular.

Qeyd edək ki, 29 aprel 1990-cı ildə İmişli rayonunda  dünyaya  gələn  Anar  Cavadzadə 17 oktyabr 2020-ci ildə Hadrutun işğaldan azad edilməsi  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhidlik  zirvəsinə ucalıb və rayonun Telişli  kəndində  torpağa tapşırılıb.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq  sərəncamları  ilə  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə   görə  Cavadzadə   Anar  Tahir  oğlu  ölümündən  sonra  “Xocavəndin  azad  olunmasına görə”  və  “Vətən uğrunda” medalları  ilə  təltif olunub.

                     Ərəstun  ABDULOV,         

                     “Respublika”.