İmişli: Şəhid  xatirə   bulağı        
Region

İmişli: Şəhid  xatirə   bulağı        

Şəhidlərin  ad  günündə  anım  mərasimləri  keçirmək, onların  şərəfinə  tikilən  xatirə  bulaqlarının  açılışını  təşkil  etmək  artıq  qürurlu  ənənəyə  çevrilmişdir.  Bu  günlərdə  şəhid  Əmral  Xəmmədovun  xatirəsi  yad  olundu.  İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Elçin  Rzayevin  və  icra  hakimiyyətinin  məsul  işçilərinin  iştirakı  ilə  şəhid  ailələri  və  ictimaiyyət  nümayəndələri  öncə  şəhidin  doğulduğu   Çaxırlı  kənd  qəbiristanlığında   olan  məzarını  ziyarət  edib  üzərinə  tər  qərənfillər  qoyaraq, ruhuna  dualar  oxuyub,  əziz  xatirəsini  yad  etdilər.

Əmral  Xəmmədov    2 oktyabr  2001-ci ildə  İmişli rayonunun  Çaxırlı  kəndində  anadan olub. Vətən  müharibəsi  zamanı  Xüsusi  Təyinatlı  Dəstələrin əsgəri  olaraq  Murovdağ  və  Cəbrayılın  azadlığı  uğrunda  gedən döyüşlərdə  iştirak edib. İgid  döyüşçü oktyabrın  15-də  Hadrut  istiqamətində   gedən  döyüş  zamanı  şəhid  olub.  Azərbaycan  Prezidenti  İlham  Əliyevin  müvafiq   Sərəncamı  ilə  ölkəmizin   ərazi   bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında   iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş  tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə,  şəxsi  igidlik  və  şücaət  nümayiş  etdirdiyinə  görə  Əmral   Xəmmədov  ölümündən  sonra  "Vətən uğrunda”, "Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına  görə” və “Kəlbəcərin  azad olunmasına  gorə” medalları ilə təltif olunub.

Tədbir  iştirakçıları  Vətən  müharibəsi  şəhidi   Əmral  Xəmmədovun   adını  əbədiləşdirən   xatirə  bulağının qırmızı  lentini  kəsib   açılışını  etdilər.   Mərasimdə  İmişli  Rayon  İcra  Hakimiyyətinin  başçısı  Elçin  Rzayev  çıxış  edərək  şəhidlərimizin  əbədi  ehtirama  layiq  olduğunu  bildirərək  şəhidin  valideyninə  Vətənimiz  üçün  ləyaqətli  övlad  böyütdüklərinə  görə  təşəkkür  edib  və  Allahdan  onlara  səbir  dilədi.  Rayon  rəhbəri   Azərbaycan  Prezidenti  İlham  Əliyevin  və  Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyevanın  dövlət  səviyyəsində  şəhid  ailələrinə  və  müharibə  iştirakçılarına  göstərdikləri  diqqət  və  qayğını  xüsusi vurğuladı.

Mərasimdə  şəhidin  hərbi  xidmət  yoldaşları,  təhsil  aldığı  orta  məktəbin  müəllimləri,  ictimaiyyət  nümayəndələri  çıxış  edərək  şəhid  Əmral  Xəmmədov  barədə  xatirələrini  bölüşdülər.   Şəhidə  Allahdan  rəhmət,  ailə  üzvlərinə  səbir  dilədilər.  Tədbirdə  məktəblilər  şəhidlərə  həsr  olunmuş  ədəbi-bədii  kompozisiya   ilə  çıxış  etdilər.  

             Ərəstun  ABDULOV, 

            “Respublika”.