İmişli: “Qarabağ” ordenli şəhid
Region

İmişli: “Qarabağ” ordenli şəhid

İmişli Rayon İcra Hakimiyyətində Azərbaycan Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif olunmuş şəhid gizir Cavadlı Nemət Cavid oğlunun ailəsinə ordenin təqdim edilməsi tədbiri keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin əməkdaşları iştirak etdilər. 

RİH başçısı Elçin Rzayev 44 günlük Vətən müharibəsində təcavüzkar Ermənistan üzərində qazanılan böyük Zəfərin tarixi əhəmiyyətindən danışdı. Gizir Nemət Cavadlı təcavüzkar Ermənistanın təxribatlarına cavab olaraq ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə başlanan “Dəmir yumruq” əməliyyatının ilk günündən mərdlik və igidlik nümunələri göstərib. Rayon rəhbəri qeyd edib ki, Vətən uğrunda canlarından keçən oğul və qızlarımız, onların ailələri daim yad olunur. Şəhidlər vətəni necə sevməyin, torpağı necə qorumağın yolunu göstərən vətənpərvərlik rəmzləridir.

Tədbirdə çıxış edənlər Nemətin vətənpərvər bir gənc olduğunu, qarşıya qoyulan istənilən döyüş tapşırığını layiqincə yerinə yetirdiyini, səmimiliyi, döyüşkənliyi, peşəkarlığı, eləcə də yüksək mənəvi keyfiyyətləri ilə ad çıxardığını xüsusi qeyd etdilər. Qeyd edək ki, Nemət Cavadlı 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, 26 iyun 2018-ci il tarixdə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Nemət Cavadlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Kəlbəcərin və Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Nemət Cavadlı oktyabrın 31-də Şuşa döyüşlərində qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.    

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Nemət Cavadlının təltif edildiyi “Qarabağ” ordeni şəhidimizin atasına təqdim olundu.

Şəhidimizin atası Cavid kişi oğlunun xidmətlərinin dövlət səviyyəsində yüksək qiymətləndirildiyinə və göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, şəhid ailələrinə həmişə dəstək olan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdi.

Ərəstun ABDULOV,

“Respublika”.