İmamverdi  Əliyev
Sosial həyat

İmamverdi  Əliyev

Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətə və rəşadətə görə verilən Azərbaycanın Milli Qəhrəmanı adı 1992-ci il martın 25-də təsis edilmişdir. Bu adı daşıyan milli qəhrəmanlarımızın hər birinin ailəsi, ya vərəsəsi dövlətimizin daimi qayğısı ilə əhatə olunublar. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların, qanlı döyüşlərdə misilsiz şücaət göstərənlərin qəhrəmanlığı elə yüksək dərəcəyə çatmışdır ki, bu insanlar ölkəmizin ən ali fəxri adına-Milli Qəhrəman adına layiq görülmüşlər. 

Əliyev İmamverdi Barat oğlu 1950-ci il oktyabrın 1-də İmişli rayonunun Qulubəyli kəndində doğulub. 1969-cu ildə Kürdmahmudlu kənd orta məktəbini bitirdikdən sonra İmişli Rayon Hərbi Komissarlığına göndərişi ilə Saatlı rayon 9 saylı texniki-peşə məktəbinin sürücülük kursuna daxil olub. 1970-ci ildə sürücü peşəsinə yiyələnib, hərbi xidmətə gedir. 1972-ci ildə ordudan tərxis olunur və Bakı şəhəri Yasamal rayon Daxili İşlər Şöbəsində sürücü-milis nəfəri kimi əmək fəaliyyətinə başlayır. 1973-77-ci illərdə o, Bakı Maliyyə-Kredit Texnikumunun tələbəsi, 1978-ci ildə isə Bakı Xüsusi Milis Məktəbinin kursantı olur. İmamverdi Əliyev təhsilini başa çatdırdıqdan sonra Daxili İşlər Nazirlyinin göndərişi ilə İmişli rayon DİŞ-in mühafizə bölməsində baş inspektor vəzifəsində çalışır. 1987-ci ildə artıq o, İmişli RDİŞ-də sahə müvəkkili işləyirdi. 1988-ci ildən başlayaraq ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları İmamverdini gecə-gündüz rahat buraxmırdı. O, bütün varlığı ilə cəbhəyə getməyə can atırdı. Dağlıq Qarabağın işğalçılardan təmizlənməsində iştirak etmək istəyirdi.  

1990-cı illər… Torpaqlarımızın bütövlüyü uğrunda qanlı döyüşlər başlamışdı. Bir azərbaycanlı kimi İmamverdi Əliyevin də ürəyində düşmənə qarşı nifrət hissi alovlanırdı. 1991-ci ildə İmişli RDİŞ-in bir qrup əməkdaşını Cəbrayıl rayon DİŞ-ə ezam edirlər. Onların arasında İmamverdi Əliyev də var idi. O, dəfələrlə ölümlə üzbəüz gəlsə də, çevikliyi, döyüş əzmi sayəsində bütün xatalardan qurtula bilmişdi. Ağır döyüşlərdə düşmənin 4 tankını sıradan çıxarmışdı.

15 noyabr 1991-ci il… Erməni yaraqlıları Hadrut rayonunun Şaqax kəndinə hücuma keçmişdi. Yüzlərlə erməni yaraqlısına qarşı cəmi 17 nəfər polis əməkdaşı döyüşürdü. Həmin döyüşdə ermənilərin 4 tankı sıradan çıxarılmışdı. Döyüşdə xüsusi rəşadət göstərən İmamverdi Əliyev qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə Əliyev İmamverdi Barat oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı verilib. Adına İmişli rayonunda küçə var. Qulubəyli kənd orta məktəbi də Milli Qəhrəmanın adını daşıyır. İmişli rayon polis şöbəsi binasının önündə büstü qoyulub. İki övladı yadigar qalıb.

Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək ən uca zirvəyə-Şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!  Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

Müşfiq CƏFƏROV,

“Respublika”.