İdman

"İlin idman yekunları": Mükafatlar öz sahiblərini tapıb

Dekabrın 26-da Gənclər və İdman Nazirliyinin "İlin idman yekunları" adlı qala mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, federasiyaların rəhbərləri, titullu idmançılar və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən gənclər və idman naziri Fərid Qayıbov 2022-ci ilin Azərbaycan idmanı üçün uğurlu keçdiyini qeyd edib və bu münasibətlə federasiya rəhbərlərini, idmançıları, məşqçiləri, idman ictimaiyyətini təbrik edib. Qonaqları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edən nazir 2023-cü ilin idmanımız üçün daha da uğurlu olacağına ümidvar olduğunu bildirib.

 Sonra üç mərhələli sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılma mərasimi olub.

İlin ən yaxşı qadın idmançısı qılıncoynatma üzrə millimizin üzvü Anna Başta seçilib. Şahmatçı Gövhər Beydullayeva ikinci, bədii gimnast Zöhrə Ağamirova üçüncü olub.

"İlin ən yaxşı kişi idmançısı" nominasiyasında yunan-Roma güləşçisi Eldəniz Əzizli bütün rəqiblərini qabaqlayıb. Şahmatçı Abdulla Qədimbəyli ikinci, cüdoçu Hidayət Heydərov üçüncü yeri tutub.

"İlin ən yaxşı qadın komandası" adına bədii gimnastika üzrə qrup hərəkətləri komandası layiq görülüb. Voleybolçulardan ibarət yığma ikinci, qılıncoynatma üzrə milli komanda üçüncü yerlə kifayətlənib.

Ən yaxşı kişi komandaları arasında "Qarabağ" futbol klubu qalib olub. Minifutbol üzrə yığma ikinci, 3x3 basketbol millisi üçüncü yeri tutub.

"İlin ən yaxşı baş məşqçisi" "Qarabağ"a rəhbərlik edən Qurban Qurbanov seçilib. Onu yunan-Roma güləşi üzrə milli komandanın baş məşqçisi Aleksandr Tarakanov və bədii gimnastika üzrə yığmanın çalışdırıcısı Siana Vasileva izləyib.

Futbol üzrə FIFA referisi Əliyar Ağayev "İlin ən yaxşı hakimi" adına layiq görülüb. Cüdo hakimi Nazim Umbayev ikinci, boks hakimi Anar Babanlı isə üçüncü olub.

Bakı Su İdman Sarayı "İlin idman qurğusu" adına layiq görülüb. Milli Gimnastika Arenası ikinci, "Kür" Olimpiya Tədris-İdman Mərkəzi üçüncü olub.

1 saylı uşaq-gənclər şahmat məktəbi "İlin uşaq-gənclər idman məktəbi" seçilib. Onu "Vətən" RİOEUG Futbol Məktəbi və Şabran UGİM izləyib.

"İlin fair-play mükafatı" "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova təqdim edilib. Bu nominasiya üzrə ikinci yeri Azərbaycan Badminton Federasiyası, üçüncü yeri isə qadın güləşçi Elnurə Məmmədova tutub.

"Prezident kuboku" reqatası (Suqovuşan-Mingəçevir) ilin idman tədbiri nominasiyası üzrə qalib olub. İlk "üçlüy"ü Şəkidə "İdman Festivalı 2022" və yunan-Roma güləşi üzrə dünya kuboku yarışı tamamlayıb.

"İlin kəşfi" nominasiyasında şahmatçı Gövhər Beydullayeva bütün rəqiblərini geridə qoyub. Şahmatçı Abdulla Qədimbəyli ikinci, üzgüçü Ramil Vəlizadə üçüncü yeri tutub.

"İlin idman filmi" nominasiyasında "Uğurlar - Elçin Əsədov" filmi ilk pilləni tutub. "Əvvəl və sonra (Kifayət Qasımova)" filmi ikinci, "Sağlamlıq idmandan, idman isə gimnastikadan başlayır" filmi isə 3-cü sırada qərarlaşıb.

Sonda Azərbaycan idmançılarının reytinq cədvəlində 2022-ci ili ilk onluqda başa vuran idmançılar mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.