İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında milyon yarımdan artıq insana xidmət göstərilib
Digər xəbərlər

İlin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında milyon yarımdan artıq insana xidmət göstərilib

2022 -ci ilin əvvəlindən Azərbaycanın beynəlxalq hava limanlarında ümumi sərnişin axını 1,53 milyon nəfər təşkil etmişdir. Bu, ötən ilin analoji göstəricisindən iki dəfə çoxdur.

Bu ilin may ayında Azərbaycanın hava limanlarında 396 min nəfərə xidmət göstərilmişdir ki, onlardan 315 min nəfəri paytaxt hava limanından uçan və ya bura gələn sərnişinlər olmuşdur. Bakı hava limanının baza aviadaşıyıcıları - "AZAL" və "Buta Airways" ilə ilin əvvəlindən müvafiq olaraq 455 və 154 min sərnişin daşınmışdır. Onlardan 341,5 min nəfəri beynəlxalq reyslərin sərnişinləridir ki, bu da beynəlxalq daşımaların ümumi həcminin 36%-ni təşkil edir.

May ayında Bakı hava limanına 24 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirmiş, həmçinin, Varşavadan Bakıya LOT aviaşirkətinin birbaşa reysləri açılmışdır. Ay ərzində Bakıdan 10 ən populyar beynəlxalq istiqamətə İstanbul, Dubay, Moskva, Tbilisi, Abu-Dabi, Şərcə, Minsk, Ankara, İzmir və Küveyt şəhərləri daxil olmuşdur.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) - sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin gücünə görə Azərbaycanda və regionda ən böyük hava limanıdır. 2021-ci ildə Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax" Beynəlxalq Hava Nəqliyyatı Reytinq Agentliyi tərəfindən hava limanları arasında COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə 5 ulduzlu reytinqə layiq görülmüşdür. Bu reytinq öz sərnişinlərini və əməkdaşlarını koronavirusun yayılmasından qorumaq üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda tətbiq olunan COVID-19 əleyhinə tədbirlərin səmərəliliyinin yüksək səviyyədə tanınması deməkdir.

Heydər Əliyev Beynəlxalq

Aeroportunun mətbuat xidməti.