İLHAM ƏLİYEV VƏ MUSİQİ MƏDƏNİYYƏTİ
Mədəniyyət

İLHAM ƏLİYEV VƏ MUSİQİ MƏDƏNİYYƏTİ

Dahilərin açdığı yol özlərindən sonrakı nəsillərin də yolunu müəyyənləşdirib, layiqli varislərin də əməllərində öz davamını taparaq yüksək inkişaf mərhələsinə çatıb. Bu fikirlər ulu öndərimizin və onun varislərinin simasında əsl tarixi həqiqətdir. O yolları ki  Heydər Əliyev açmışdı, o əməllərlə ki Heydər Əliyev xalqımızın tarixində, onun rifahında, mədəni və ictimai həyatında misilsiz xidmətlər göstərib silinməz tarix yaratmışdı, həmin tarixi indi onun varisləri yeni-yeni uğurlarla daha da inkişaf etdirirlər.

Möhtərəm Prezidentimiz İlham Əliyevin  - inkişaf məqsədimizdir ideyası ilə həyata keçirdiyi yüksək dövlətçilik fəaliyyəti Azərbaycan tarixinin müxtəlif istiqamətlərində əsl inkişaf mərhələsidir. Öz fəaliyyətini ənənələr üzərində quran İlham Əliyev bu ənənələri daha da inkişaf etdirərək onları müasir düşüncə tərzi və bəşəri ənənələrlə də qovuşdurub. Çünki ümummilli lider Heydər Əliyevin təbirincə desək, İlham Əliyev yüksək ideyalı, enerjili, praqmatik düşüncəli, müasir təfəkkürlü bir şəxsiyyətdir. Bu müdrik deyimin əsas qayəsi İlham Əliyevin bütün varlığı ilə torpağına, xalqına, vətəninə bağlı bir şəxsiyyət olmasıdır. Bu da onun təfəkkür tərzinin milli ruhda formalaşması, mənəvi dünyasının zənginliyi, soy-kökünə bağlılığından irəli gəlir: “Mən hər bir azərbaycanlının Prezidentiyəm”, – deyən İlham Əliyev Prezident seçildiyi ilk gündən Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatının müxtəlif sahələrinə xüsusi diqqət ayıraraq mühüm xidmətlər göstərib. Bütün sahələrə olduğu kimi, incəsənətimizə, mədəniyyətimizə, o cümlədən musiqimizə də xüsusi qayğı və diqqətlə yanaşıb. Onun milli və professional musiqi sənətinə, bəstəkar, ifaçı və musiqişünaslara göstərdiyi qayğı bu sahənin yüksək inkişafına təkan verir.

Bütün bunlar da musiqi mədəniyyətimiz üçün silinməz bir tarixdir. Biz bu tarixi 2021-ci ildə nəşr olunan “İlham Əliyev və musiqi mədəniyyəti” kitabında da işıqlandırmağa çalışmışıq. Belə ki, milli və professional musiqimizin dünyada tanıdılması, bəstəkar, ifaçı və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, onların sənətlə məşğul olması üçün lazımi həyat şəraitinin qaydaya salınması, mənzillə və ya maddiyyatla təmin olunmaları, fəxri adlar, Prezidentin fərdi təqaüdünün verilməsi və bu kimi vacib məsələlər daim möhtərəm Prezidentimizin diqqət mərkəzindədir. Bu məsələlərin həlli istiqamətində o, xüsusi sərəncamlar verir ki, bunlar da musiqi ictimaiyyətinin rifahının yaxşı olmasına xidmət edir. Yalnız ayrı-ayrı musiqiçilərə deyil, hətta onların fəaliyyət göstərdikləri musiqi ocaqlarına da xüsusi Prezident qayğısı var. Belə ki, həmin musiqi ocaqlarının təmiri, yenidən qurulması, yeni avadanlıqlarla təchiz edilməsi, hətta yeni binalarla təmin olunması, yenisinin tikilməsi və bu kimi məsələlərə Prezident şəxsən münasibət bildirir, o işlərdə bilavasitə özü iştirak edərək aparılan işlərlə tanış olub öz tövsiyələrini verir,  həmin musiqi ocaqlarının açılış mərasimində də çıxışlar edir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin musiqi mədəniyyətinə göstərdiyi qayğı və diqqətin bir təzahürü də yubileylərin keçirilməsidir. Belə ki, hazırda yaşayıb-yaradan sənətkarlarla yanaşı, dünyasını dəyişən görkəmli musiqiçilərin də yubileyləri xüsusi təntənə ilə qeyd olunur. Çünki bu barədə Prezidentimiz vaxtında sərəncam verərək peşəkarları bu işə cəlb edir. Bu sərəncamların nəticəsində yubileyi keçirilən musiqiçilər haqqında dəyərli mənbələr də yaranır. Onların əsərləri səslənir, haqqında kitablar nəşr olunur və s. Yubileylərlə bağlı sərəncamlar yalnız sənətkarlara deyil, musiqi tədris və təbliğ ocaqlarına da şamil olunur.

Görkəmli musiqiçilərin yubileylərinin keçirilməsi istiqamətində unudulmaz sənətkarların xatirəsinin əbədiləşdirilməsi üçün abidələrinin ucaldılması, küçə və musiqi ocaqlarına onların adlarının verilməsi də Prezidentin sərəncamlarında öz əksini tapır.

Hamıya yaxşı bəllidir ki, ölkəmizin dünya dövlətləri ilə müxtəlif istiqamətlərdə yüksək səviyyəli əlaqələri var. Belə ki, siyasi, iqtisadi, elmi və mədəni münasibətlər bu sahələrin mütəxəssisləri üçün də yüksək inkişaf mənbəyidir. Bu inkişaf mənbəyinin də əsas qayəsi möhtərəm Prezidentimiz İlham Əliyevin fəaliyyətidir. Məhz onun siyasi əqidəsi, milli məfkurəsi, dərin elmi bilikləri öz xalqı ilə dünya xalqları arasında yüksək mənəvi körpü yaratmaq qabiliyyətinə də malikdir. Bu mənada Prezidentimiz musiqi və musiqiçilərin xidmətlərini də unutmayaraq bu sahəyə də xüsusi diqqət ayırır. Məsələn, Bakıda dünya klassik musiqisinin görkəmli siması Avstriya bəstəkarı V.A.Motsartın, rumın bəstəkarı C.Eneskunun abidələrinin ucaldılması, görkəmli rus bəstəkarı D.Şostakoviçin 100 illik yubileyinin keçirilməsi və bu kimi musiqiçilərin irsinə göstərdiyi qayğı və diqqətlə Prezidentimiz klassik musiqi sənətinin xalqlar və nəsillər üçün əhəmiyyətli olduğunu tarixiləşdirir. Bu tarixi faktlar içərisində İlham Əliyevin görkəmli musiqiçilərlə görüşləri də xüsusi əhəmiyyətə malikdir.

Dünyaşöhrətli müğənni Monserrat Kabalye, məşhur musiqiçi Herbi Hankook, SSRİ Xalq artisti Yelena Obraztsova, məşhur fransalı müğənni Patrisiya Kaas və məşhur rusiyalı müğənni Alla Puqaçovanın konsertləri, eləcə də neçə-neçə belə mərasimlər və görüşlər İlham Əliyevin dünya musiqisinə verdiyi yüksək qiymətin və diqqətin bariz nümunəsidir. O, bu diqqəti ilə insanların peşəkar musiqiyə marağının artmasına müsbət təsir göstərir.

Bütün bu sadalanan tədbirlər İlham Əliyevin fəaliyyətində musiqi mədəniyyətinə göstərdiyi böyük qayğı və diqqətin təzahürüdür.

Bizim üzərində dayandığımız məsələlər İlham Əliyev tərəfindən musiqi mədəniyyətinin inkişafı naminə həyata keçirilən tarixi hadisələrdir. Belə ki, istedadlı insanlara xüsusi diqqət ayırmaq, onların sənətini yüksək qiymətləndirərək fəxri adlar, orden və medalların verilməsi həm o sənətkarlara, həm də musiqi tariximizə böyük dəyər və töhfələrdir. Necə ki, vaxtilə xalqımızın ümummilli lideri Heydər Əliyev musiqimizin tarixinə belə töhfələr bəxş etmişdir, İlham Əliyev də öz xidmətləri ilə həmin tarixə yenilərini əlavə edir. Odur ki, biz də bu fikirlərlə Heydər Əliyev və İlham Əliyevin musiqi mədəniyyəti sahəsindəki fəaliyyətləri arasında bəzi paralellərə geniş yer veririk.  Çünki ölkəmizdə musiqi mədəniyyətinə və xüsusən də musiqiçilərə dövlət tərəfindən göstərilən qayğı və diqqət dünyanın başqa yerlərində belə yüksək səviyyədə deyil. Bunun da əsası Heydər Əliyev tərəfindən qoyulub.

Biz möhtərəm Prezidentimiz İlham Əliyevə bu müqəddəs ənənələri yaşadıb, musiqi mədəniyyətimizə göstərdiyi qayğı və diqqətə görə, bu sahənin inkişafındakı xidmətlərinə görə böyük təşəkkür və minnətdarlığımızı bildiririk. Eyni zamanda bu ənənələr ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətində də yüksək göstəricilərlə davam etdirilməkdədir. Əlbəttə, bu istiqamətdə Mehriban xanımın da xidmətləri xüsusi yer tutur. Axı o, sədaqətli ömür-gün yoldaşı olmaqla bərabər, Prezidentin iş həyatında sadiqlik nümunəsi kimi onunla çiyin-çiyinə çalışır. Onlar vətən, torpaq, xalq, dövlət və ulu öndərin ruhu qarşısında öz varislik xidmətlərini layiqincə yerinə yetirirlər.

Hər bir azərbaycanlı İlham Əliyevin bir insan, vətəndaş, şəxsiyyət, ziyalı və dövlət başçısı olaraq musiqiyə olan sevgisinin yüksək dərəcədə ifadəsinin şahididir. Əslində biz Prezidentin çıxışlarında, görüşlərində, musiqinin tədrisi və təbliği ocaqlarına göstərdiyi qayğı və diqqətdən, onun bu sənətə olan sevgisi, öz fəaliyyəti dövründə musiqi mədəniyyətinə göstərdiyi xidmətlərlə tanışıq. Çünki onun bu fəaliyyəti televiziya ekranlarından, mətbuat səhifələrindən bizlərə təqdim olunub. Bütün bunlar bir tarix olaraq İlham Əliyevin “İnkişaf məqsədimizdir” çoxcildliyində də öz əksini tapıb. Bu çoxcildlikdə Prezident İlham Əliyevin müxtəlif sahələri özündə ehtiva edən  görüşləri, çıxışları, səfərləri, dünya dövlətlərinin prezidentləri, yüksəkrütbəli şəxslərlə görüşləri, ölkə iqtisadiyyatı ilə bağlı layihələr, tədbirlər – bir sözlə, bütün Prezident fəaliyyəti tarixin yaddaşına yazılıb. Bu çoxcildlik bizim də “İlham Əliyev və musiqi mədəniyyəti”  kitabımızın yaranmasında dəyərli bir mənbə oldu. Onu da qeyd edək ki, bu kitab Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən nəşr olunub və kitabın ideya müəllifi də Xalq artisti, professor Firəngiz Əlizadədir.  Biz bu kitabı tərtib edərkən İlham Əliyevin “İnkişaf məqsədimizdir” çoxcildliyinin 113 cildini oxuyub oradan Prezidentin musiqi mədəniyyətinə dair sərəncamlarına, görüş və çıxışlarına istinad etmişik. Düşünürük ki, cənab İlham Əliyevin bu sahədəki xidmətləri musiqi mədəniyyətimiz üçün silinməz bir tarixdir. Bu tarixi kitab musiqiçilərimiz üçün də dəyərli bir mənbə olacaq.

Səadət TƏHMİRAZQIZI,

Sənətşünaslıq üzrə fəlsəfə doktoru,

Əməkdar mədəniyyət işçisi.