İKT-yə üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransı Azərbaycanın islami dəyərlərə sadiqliyini bir daha sübut etdi
Mədəniyyət

İKT-yə üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransı Azərbaycanın islami dəyərlərə sadiqliyini bir daha sübut etdi

Mədəniyyət insan ruhunun ərazisidir. Maddi dünyada başqaları ilə üzləşən insan məhz bu ərazidə özü ilə üz-üzə dayanır, ruhani bir sükut içində “Mən kiməm, haradan gəlmişəm, yolum hayanadır?”-sualına cavab axtarır.

Mədəniyyətin qloballaşması. Bu gün çox danışılan mövzudur. Bəs o, özündə nəyi ehtiva edir? Mədəniyyətin qloballaşması dünya mədəni dəyərlərinin sintezini və yeni formada təşəkkülünü nəzərdə tutur. Müasir dünyamızda xalqlar arasında mədəni əlaqələrin genişləndirilməsi, onların ünsiyyəti və qarşılıqlı şəkildə bir-birini dərk etməsi həmin xalqların yaxınlaşmasını şərtləndirir, lakin belə yaxınlaşma heç də təsirsiz qalmır. Bu, azsaylı xalqların özünəməxsusluğunun böyük xalqların mədəniyyətinin təsiri altında unudulmasına, mədəni eyniliyin yer almasına şərait yaradır. Neqativ və pozitiv tərəflərə malik olan qloballaşma isə qaçılmazdır. Qloballaşma yeni dünya nizamını və dünyanın yeni mənzərəsini formalaşdırdığından onun mədəni dəyərləri də bu mənzərənin   tələblərinə cavab verməyə hazır olmalıdır. Bu mənada Azərbaycan mədəni irsinin dünyaya çatdırılması, təhsilin, elmin inkişaf etdirilməsi, bu istiqamətdə dünyanın ən nüfuzlu, aparıcı təşkilatları ilə əməkdaşlıq böyük əhəmiyyət kəsb edir.

Müasir dövrdə proseslər vahid sivilizasiyanın formalaşması  istiqamətində gedir, lakin bu vahid sivilizasiyanın “Qərb sivilizasiyası” anlayışı ilə bilərəkdən və ya bilməyərəkdən qarışdırılması halları üstünlük təşkil edir. Halbuki müasir sivilizasiyanın strukturunda bütün əvvəlki lokal sivilizasiyalrın nailiyyətləri   təmsil olunur və Şərqin rolu heç vaxt unudulmamalıdır.

Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyi üçün mədəniyyəti də həm Qərbin, həm də Şərqin elementlərini özündə ehtiva edir. Müxtəlif dövrlərdəki qadağalara baxmayaraq, ölkəmizdə İslam mədəniyyəti ənənələri uzun illər qorunub saxlanılmış və bu gün də həmin dəyərlər inkişaf etdirilir, yeni nəsillərə çatdırılır. Qloballaşma dövründə Azərbaycan mədəniyyəti dünya mədəniyyətinə uğurla inteqrasiya olunur, ancaq müstəqil Azərbaycan dövləti öz mədəniyyət siyasətində milli-mənəvi dəyərləri qoruyub saxlamaq üçün əhəmiyyətli tədbirlər həyata keçirir.

Bəşər mədəniyyətinə böyük töhfələr bəxş edən İslam  mədəniyyəti getdikcə inkişaf edir, təkmilləşir. İSESCO-ya üzv olan islam dövlətləri bu gün öz mədəniyyətlərinin bir-birinə yaxınlaşması, inkişafı üçün əhəmiyyətli layihələr reallaşdırırlar. Söz yox ki, bu inkişafı sürətləndirmək məqsədilə hər il islam ölkələrindən birinin “İslam mədəniyyətinin paytaxtı” elan olunması da həmin zərurətdən doğmuşdur. Bakının 2009-cu ildə “İslam mədəniyyətinin paytaxtı” elan olunması məhz Azərbaycanın islam mədəniyyəti ənənələrinə sadiqliyi ilə izah olunur. Bu qərar İslam Konfransı Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-dən 23-dək Liviyanın Tripoli şəhərində “İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması” mövzusunda keçirilmiş V konfransında verilmişdir.

2009-cu il fevralın 17-də Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsinin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev bunu böyük uğur kimi qiymətləndirərək demişdir: “Biz islam aləminin yaxın olmasına, İslam həmrəyliyinə  çalışırıq. Buna böyük ehtiyac var”. İSESCO-nun baş katibi Əbdüləziz bin Osman-əl Tüveycri də demək olar ki, eyni fikri söyləmişdir: “Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi islam dünyasında mədəniyyətlərarası əlaqələri möhkəmləndirmək üslubudur, çünki Bakı İslam dünyasında ən qədim şəhərlərdən biridir”.

Mədəniyyət ili çərçivəsində ölkəmizdə 500-dən çox tədbir keçirilmişdir. Bu tədbirlər sırasında Azərbaycana həsr olunmuş sənədli filmin nümayişi, “Qədim Bakı” kitabının təqdimatı, Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsertlər,  Beynəlxalq muğam festivalı və digər tədbirlər mühüm yer tutur. “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” internet saytının açılışı isə bu möhtəşəm tədbirlərin bütün dünyaya çatdırılmasına xidmət etmişdir.

“Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər bir daha Azərbaycanı bütün dünyada tanıtmış, İslam ölkələrinin yaxından iştirak etdikləri bu tədbirlər İSESCO tərəfindən də yüksək qiymətləndirilmişdir.

Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyətimizin İslam dünyasına inteqrasiyasında böyük xidmətləri olmuşdur.

2009-cu il oktaybrın 14-də Prezident İlham Əliyev “Bakı İslam mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində İKT-yə üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakıda keçirilən VI konfransının nümayəndələrini qəbul etmişdir. Bu tədbirlərin İslam həmrəyliyinin möhkəmləndirilməsində mühüm rol oynadığını deyən dövlət başçısı İKT-yə üzv ölkələrin beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edən qərarların çıxarılmasında İslam ölkələrinin xidmətini xüsusi qeyd etmişdir: “Biz çalışırıq ki, bütün ölkələr kimi müsəlman dövlətləri ilə də münasibətlərimizi yüksək səviyyədə quraq”,-deyən Prezident mədəni əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar olduğunu bildirib.

Oktaybrın 13-də, konfransın ilk günü İslam Konfransı Təşkilatına üzv dövlətlər və bir sıra Avropa dövlətləri arasında “Mədəniyyətlərarası dialoq” mövzusunda dəyirmi masa təşkil olunmuşdu. Dəyirmi masa ideyası isə 2008-ci ilin 2-3 dekabrında Bakıda keçirilmiş Avropa ölkələrinin mədəniyyət nazirlərinin konfransında irəli sürülmüş və həmin konfransda əsası qoyulan “Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi” çərçivəsində həyata keçirilmişdir. Konfransdan öncə 2008-ci ilin 9-10 oktaybr tarixində Bakıda, həmçinin İslam Dünyasının Mədəni Strategiyasının yerinə yetirilməsinə dair Məşvərətçi Şuranın IX İclası olmuş, iclasda konfransda qəbul ediləcək sənədlərin müzakirəsi aparılmışdır. Bununla yanaşı, 2009-cu il oktyabrın 16-17-si tarixlərində Bakıda TÜRKSOY Mədəniyyət Nazirlərinin Daimi Şurasının 26-cı toplantısının keçiriləcəyi də qərara alınmışdı.

Bakı İslam Konfransı Təşkilatına üzv olan islam ölkələrinin mədəniyyət nazirlərinin VI toplantısı çərçivəsində bir çox məsələlər müzakirə olunmuş, “Bakı İslam Mədəniyyətinin paytaxtı-2009” mədəniyyət ili çərçivəsində keçirilmiş konfransda 45 islam və Avropa ölkəsindən nümayəndələr iştirak etmişdir.

Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, bütövlükdə mədəniyyətimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mədəni həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Bu gün ümummilli liderin əsasını qoyduğu müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkəmizi yeni inkişaf yoluna çıxarmış Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan təkcə öz iqtisadi göstəriciləri ilə deyil, həm də mədəniyyət sahəsindəki nailiyyətləri ilə öyünə bilər. Bakının İslam Mədəniyyətinin paytaxtı seçilməsi də aparılan uğurlu siyasətin nəticəsidir.

İslam Konfransı Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin VI konfransında Şimali Kipr Türk Respublikası, İraq, Liviya, Mavritaniya, Mərakeş Fələstin, Qatar, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Sudan, Suriya, Tacikistan, Taqo, Əlcəzair, Banqladeş, Qabon, Kamerun, Cad, Yəmən Ərəb Respublikası, Tatarıstan, Başqırdıstan, Tıva Respublikası, Xakasiya və digər ölkələrin mədəniyyət nazirləri, İran İslam Mədəniyyət və Kommunikasiya Təşkilatının rəhbəri, Oman Respublikasının kral ailəsinin üzvü mədəniyyət naziri, İSESCO, İRSİKA, Avropa Şurası və TÜRKSOY təşkilatlarının baş direktorları, Avstriya, Vatikan, Gürcüstanın mədəniyyət nazirliklərinin nümayəndələri, bir sıra universitet və akademiyaların rəhbərləri və s. bütövlükdə 45-dən çox dövlətdən 25 nazir,  11 nazir müavini, 18 beynəlxalq təşkilatın nümayəndəsi, ümumilikdə 200-dən çox qonaq iştirak etmişdir.

Dövlət başçısı İlham Əliyevin iştirakçılara ünvanladığı təbrik məktubunda deyilirdi: “2009-cu il üçün Bakının İslam Mədəniyyətinin paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovuşuğunda yerləşən ölkəmizin zəngin tarixinə və mədəniyyətinə yüksək qiymətdir. Gün ərzində gerçəkləşən tədbirlər İslam Konfransı təşkilatları çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr verib, bir daha Azərbaycanın  böyük İslam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyə diqqəti cəlb edir. Respublikamızda hökm sürən tolerantlıq  mühitini biz böyük tarixi nailiyyətimiz kimi dəyərləndirir, bu ənənələri davam etdirəcək, müxtəlif dinlər və mədəniyyətlər arasında konstruktiv dialoqun qurulması prosesinə daim diqqət yetirilir. Əminəm ki, bu konfrans da müxtəlif sivilizasiyaların, ortaq mədəni, mənəvi dəyərlərə  əsaslanan səmərəli əməkdaşlıq səylərinə kömək edir”.

Təbrik məktubunda həmçinin bildirilirdi ki, Azərbaycan özünün müasir, tarixi-mədəni irsinin qorunması və təbliğinə dair beynəlxalq səviyyəli bir çox layihələr həyata keçirir:  “Lakin 20  ildən artıq davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində erməni silahlı birləşmələri tərəfindən işğala məruz qalmış torpaqlarımızdakı İslam Mədəniyyətinə aid bütün nümunələr, o cümlədən dini abidələr, məscidlər və abidələr dağıdılıb. Məruz qaldığımız bu təcavüzlə bağlı olaraq İslam Konfrası Təşkilatına üzv dövlətlər tərəfindən Azərbaycanın haqq mövqeyinin dəstəklənməsi ölkəmizdə hər zaman  təqdirlə qarşılanıb. İnanıram ki, konfransda İslam Dünyası Mədəniyyətinin aktual məsələlərinə dair ətraflı müzakirələr aparılacaq, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı mədəni əməkdaşlığın yeni inkişaf yolları müəyyən ediləcək”.

Konfransın təşkilini və işini yüksək qiymətləndirən İSESCO-nun baş katibi Əbdüləziz ibn əl-Tüveycri bildirib ki, konfrans çərçivəsində qəbul olunacaq ən vacib sənəd İslam ölkələri arasında mədəni turizmin inkişafına dair olacaq: “Bakı 2009-cu il müddətinə İslam Mədəniyyətinin paytaxtı elan edilib və bu işin öhdəsindən layiqincə gəlib. Biz Azərbaycanın həm mədəni, həm də dini müxtəlifliyi qəbul etdiyi üçün mövqeyini yüksək qiymətləndiririk”.

Bəli, mədəniyyət ili çərçivəsində keçirilən davamlı tədbirlər Azərbaycan mədəniyyəti tarixində xüsusi yer  tutdu və biz bir daha sübut etdik ki, Azərbaycan islami dəyərlərə sadiqdir və bu dəyərlərin nəsillərdən-nəsillərə ötürülməsi ilə xalqımızın mədəniyyəti əsaslı şəkildə zənginləşmişdir. Bu gün Qərblə-Şərq, Qərblə İslam Dünyası arasında önəmli, etibarlı körpü rolunu oynayan Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoqla bağlı bir çox ölkələrə nümunə olması haqqında müsbət təsəvvürün formalaşması ölkə başçısı İlham Əliyevin xalqı qarşısında misilsiz xidmətlərinin nəticəsi, uğurlu siyasətinin təntənəsidir.

Zümrüd QURBANQIZI,

“Respublika”.