İkiüzlü mövqe,  kor düşmənçilik
Digər xəbərlər

İkiüzlü mövqe,  kor düşmənçilik

Azərbaycanda yaxşı bir məsəl var,  keçi can hayında,  qəssab piy axtarır.  Ermənistan ağır məğlubiyyətdən  ötən iki il ərzində döymədiyi qapı,  yalvarmadığı dövlət,  qarşısında göz yaşı tökmədiyi beynəlxalq təşkilatlar qalmayıb.  Ancaq düşmən ölkə unudur ki,  otuz il ərzində işğal etdikləri torpaqlarda törətdikləri cinayətlərə,  talana,  ekoloji terrora görə beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verəcək,  onlara heç ağaları da kömək edə bilməyəcəklər.  Nahaq yerə deməyiblər ki,  çoxbilmiş quş dimdiyindən tələyə düşər.  Azərbaycan torpaqlarının işğalına göz yuman,  özünü İslam dövləti hesab edən İranın təcavüzkar Ermənistanla “dost”luğunun,  “qardaş”lığının daha dərin kökləri var,  sözümüz onda deyil.  Bu “dostluq”,  “qardaşlıq” həm də onların hər ikisinin Azərbaycana qarşı kor düşmənçiliyindən irəli gəlir.  İranda ermənilərə hər cür azadlıq, erməni kilsələrinin, məktəblərinin fəaliyyətinə meydan verən,  erməni dilində qəzetlərin çap edilməsinə şərait yaradan,  radio dalğalarının yayılmasına icazə verən molla rejimi öz dindaşlarının adi hüquqlardan məhrum edilməsinə çalışır, onları ölüm və həbslə təhdid edir.

Yanvarın 20-də (əslində,  İranda yanvarın 20-nin Azərbaycan üçün faciəli gün olduğunu bilirlər) Tehranda “Nüfuzlu Qadınların I Beynəlxalq Konqresi”ni keçirərək ora Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanı dəvət etmələri və Akopyanın da Azərbaycana qarşı yalan,  saxta və böhtanla dolu açıqlama verməsinə şərait yaratmalarının adı düşmənçilikdir, riyakarlıqdır.  Molla rejiminin Anna Akopyan kimisini nüfuzlu qadın hesab etməsi isə dənizdə batanın saman çöpündən yapışmasına daha çox bənzəyir. Aylardan bəridir ki, İranda “Qadın,  həyat,  azadlıq!” şüarı ilə etiraz aksiyaları davam edir.  Etirazçıları ləkələyən,  qətlə yetirən,  onların haqlı tələblərinə məhəl qoymayan,  aksiyaçılara zor tətbiq edən Tehran hakimiyyətinin ikiüzlü mövqeyi yalnız ikrah doğurur. A.Akopyanın konqresə toplaşanlara Xankəndidə guya “120 min” erməninin  “mühasirə”də qaldığını,  onların “sülh istədiyi”ni deməsi erməni həyasızlığının sadə bir nümunəsidir.  Bundan başqa,  Akopyan öz çirkin hərəkətləri ilə rəsmi İrəvanın  Tehran hakimiyyətinin etirazçılara təzyiqlərini,  işgəncələrini dəstəklədiyini nümayiş etdirib.  Belə bir məsəl var, utanmasan, oynamağa nə var,  məhz Akopyanın utanmadan Ermənistanı “sülhsevər” və “humanist” dövlət kimi də təqdim etməyə çalışması bu millətin necə təhlükəli düşmən olmasını göstərir.  Azərbaycanlılara qarşı deportasiya,  etnik təmizləmə,  soyqırımı törədən Ermənistanı sülhsevər kimi təqdim etmək yalnız erməni həyasızlığına xas olan hərəkətdir.  Ermənistanın işğal illərində Azərbaycan torpaqlarında etdiyi cinayətləri,  talanları,  dağıtdıqları tarixi,  mədəni,  dini abidələri,  ərazilərin minalanmasını “unudan “Akopyanın konqres iştirakçılarına yalan,  saxta və böhtan dolu məlumatlar verməsinə şərait yaradan Tehran rejiminin erməni qəsbkarlarla həmrəy olduğunu göstərir.

Təsadüfə baxın ki,  İran rejiminin “nüfuz”lu qadın hesab etdiyi və səmimi qarşıladıqları Anna Akopyanla həmin ölkədəki erməni diasporunun qadın nümayəndələri görüşməkdən imtina edib.  Erməni jurnalist Nairi Oxikyanın yazdığına görə,  diaspor nümyəndələri onu “satqın” adlandırıblar və ona qarşı hörmətsizlik nümayiş etdiriblər.  Hətta Tehranda erməni kilsələrində də Anna Akopyanın ruhanilərlə görüşmək,  xeyir-dua almaq imkanı olmayıb.  Ruhanilər bildiriblər ki,  Allah evinin qapıları şeytanın bəndələrinin üzünə bağlıdır.  İran hakimiyyətinin və erməni diasporunun təmtəraqla qarşıladığı, Azərbaycana qarşı qərəzli və yalan çıxışına şərait yaratdığı Akopyana bu etnosun nümayəndələri, sözün əsl mənasında,  arxa çeviriblər.

Yeni il ərəfəsində Anna Akopyanın Xankəndidə qurdurduğu yolkanı R. Vardanyanın göstərişi ilə sökdülər,  ona qarşı sayğısızlıq göstərdilər.  Yeri gəlmişkən,  İranın rəsmi dövlət televiziyası,  “2-ci kanal” Janna Vardanyan adlı yeni “mütəxəssis”lə Azərbaycana qarşı böhtanlar yağdırır,  Tehrandakı rejim bütün hikkə və nifrətini bu satqın erməni vasitəsilə yayır.  Azərbaycana qarşı  ikiüzlü mövqedə dayanan, kor düşmənçilik edən İranda isə etiraz aksiyaları təxminən 3 aydır davam edir.  İğtişaşlar sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin qətlindən sonra başlayıb.  Görünən odur ki,  aksiya iştirakçıları mövcud rejimə qarşı qəzəblidirlər.  Neft-kimya,  telekommunikasiya işçiləri və təqaüdçülər yanvarın 22-dən nümayişlərə başlayıblar.  Mövcud rejim elektrik enerjisinin kəsilməsi və təbii qaz çatışmazlığı məsələlərini indiyədək həll edə bilməyib. Öz vətəndaşlarının sosial problemlərini həll edə bilməyən rejim Anna Akopyanın İrana səfərini maliyyələşdirməyə vəsait tapa bilir...

Salman ALIOĞLU,

“Respublika”.