İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 illik yubileyi qeyd edilib
Sosial həyat

İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanın 100 illik yubileyi qeyd edilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova ziyalı kimi ölkəmizin ictimai-siyasi həyatında, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi işində fəal iştirak edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fatma Səttarovanın anadan olmasının 100 illik yubileyi münasibətilə yanvarın 25-də Respublika Veteranları Təşkilatında keçirilən tədbirdə səslənib.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov tədbirdə çıxış edərək Fatma Səttarovanın çoxillik ictimai fəaliyyətindən danışıb. Diqqətə çatdırılıb ki, gəncliyini İkinci Dünya müharibəsində faşizmə qarşı döyüşlərdə keçirmiş, Leninqrad mühasirəsindən sağ çıxmağı bacarmış, hospitallarda yaralıları xilas etmiş Fatma Səttarova həmin dövrlə bağlı qaynar xatirələri ilə qiymətli xəzinədir. İkinci Dünya müharibəsinin unudulmaz, hər zaman böyük qayğı ilə yad edilən veteranlarından olan Fatma Səttarovanı bütün Azərbaycan xalqı tanıyır və sevir. O, 2021-ci ilin fevralından Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır.

Vurğulanıb ki, Prezident İlham Əliyev İkinci Dünya müharibəsi iştirakçılarına daim diqqət və qayğı ilə yanaşır, onların sosial məsələlərinin və problemlərinin həllinə çalışır. Veteranların sosial təminatı yüksək səviyyədə həll olunur, onların yubileyləri təntənəli şəkildə qeyd edilir. Respublika Veteranlar Təşkilatında İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarovanın 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması da bu diqqət və qayğının bariz nümunəsidir.

Cəlil Xəlilov Fatma Səttarovanın yanvarın 24-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə "İstiqlal" ordeni ilə təltif olunduğunu, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın onu 100 illik yubileyi münasibətilə təbrik etdiklərini xatırladıb. O, təbrik məktublarının mətnini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Həmçinin Prezident İlham Əliyevin yubiley münasibətilə yanvarın 25-də Fatma Səttarovanı qəbul etdiyi, ona "İstiqlal" ordeni təqdim etməsi xüsusi vurğulanıb.

Yubilyarın keçdiyi çətin və şərəfli ömür yolundan danışan Cəlil Xəlilov dövlətimizin başçısı İlham Əliyevin Fatma Səttarovanı "İstiqlal" ordeni ilə təltif etməsinin veteranlara, o cümlədən Respublika Veteranlar Təşkilatının fəaliyyətinə və bütün veteranlara verilən yüksək qiymətin növbəti göstəricisi olduğunu bildirib.

Müxtəlif dövlət qurumlarının rəhbər şəxslərinin, veteranların, ziyalıların iştirak etdikləri tədbirdə Fatma Səttarovanın 100 illik ömür yolundan bəhs edən Azərbaycan Televiziyasının çəkdiyi "Həyat yolu" filmi nümayiş olunub.

Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini professor Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Fuad Musayev, fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Habil Talıbov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov, "Rossotrudniçestvo" Agentliyinin Azərbaycandakı rəhbəri İrek Zinnurov, prokurorluq orqanının nümayəndəsi Həsən Hənifəyev, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Elmin İmanov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əli Məmmədov, şəhər və rayon veteran təşkilatlarının sədrləri və başqaları təmsil etdikləri qurumların rəhbərləri və kollektivləri adından Fatma Səttarovaya təbriklərini və ən xoş arzularını çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıblar. Yubilyara medallar və hədiyyələr təqdim olunub.

Çıxış edənlər dövlətimizin başçısının veteranlara, yaşlı nəslin nümayəndələrinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs ediblər. Həmçinin Fatma Səttarovanın gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində yaxından iştirakı xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, Fatma Səttarovanın həyat yolu, Vətənə sevgisi, fədakarlığı hər bir gənc üçün nümunədir. O, həyatını xalqına, dövlətinə şərəfli xidmətə, gənclərin milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyəsinə həsr edib. Fatma Səttarovanın həyat yolu gənclər və yeniyetmələr üçün böyük məktəb olaraq qalacaq. Həm dövlətimizin başçısı, həm də Birinci vitse-prezident Mehriban Əliyevanın Fatma Səttarovaya verdiyi dəyər onun dövlət və xalq qarşısındakı misilsiz xidmətlərinə dəlalət edir. XXI əsrdə Fatma xanımın nəvə-nəticələri erməni faşizmini də məğlubiyyətə uğradıb, dövlətimizin ərazi bütövlüyünü təmin edib.

Qeyd olunub ki, Fatma Səttarovanın keçdiyi həyat yolu, təcrübəsi Azərbaycan gənclərinə nümunədir və bu gün veteranlarımızın mövqeyi gənclərimiz üçün vacibdir. Həmin gənclərimiz 44 günlük Vətən müharibəsində öz sözlərini dedilər. Veteranlarımız və qazilərimiz dövlətimizin başçısının qayğısı ilə əhatə olunub. Odur ki, veteranlarımız və gənclərimiz Prezident İlham Əliyevin ətrafında sıx birləşməli, dövlətimizin başçısının yürütdüyü siyasətə fəal dəstək olmalıdırlar.

Bildirilib ki, Fatma Səttarova Respublika Veteranlar Təşkilatının fəaliyyətinin genişləndirilməsində əməyini və gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində biliyini əsirgəmir. O, Azərbaycanı MDB ölkələrində keçirilən tədbirlərdə layiqincə təmsil edərək ölkəmiz, o cümlədən Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında fəal rol oynayıb.

Yubilyar və nəvəsi göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, iştirakçılara minnətdarlığını bildirib. Vətəni layiqincə təmsil etməsindən qürur duyduğunu vurğulayan Fatma Səttarova hər zaman veteranların qayğısına qalan, onların ehtiyacları ilə maraqlanan ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb, Ümummilli Liderimizin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya veteranlar adından minnətdarlığını çatdırıb.

AZƏRTAC